Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3362/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), undan ibarət tərkibdə, İddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2457/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiаçı İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2457/2024 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı kimi ünvan 1d olunmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin hazırda hansı ünvanda qeydiyyatda olması məlum deyildir. İddiaçı tərəfindən cavabdehin faktiki yaşayış yeri barəsində heç bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, cavabdeh şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Hazırkı halda məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilməsi qeyri-mümkündür. Həmçinin cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququna malikdir ki, hazırkı halda onun bu hüququ pozulur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin banka məlum olan sonuncu yaşayış yeri ünvan 1d olunmuşdur. Bank tərəfindən aidiyyət qaydası pozulmamış və cavabdehin faktiki olaraq harada yaşaması barədə arayışı təqdim etmək iddiaçı tərəfin vəzifəsi deyildir və iddiaçının belə bir öhdəliyi yoxdur. İddiaçı tərəf yalnız cavabdehin faktiki bildirdiyi ünvanı qeyd edir. Cavabdehin hazırda heç yerdə qeydiyyatda olmaması və onun yaşadığı ünvanının bilinməməsi iddiaçı tərəfin hüquqlarını poza bilməz.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2457/2024 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
11. İşdən görünür ki, cavabdehin qeydiyyat ünvanı kimi ünvan 1d olunmuş, lakin cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin hazırda hansı ünvanda qeydiyyatda olması məlum deyildir.
12. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən yaşayış yeri məlum olmayan cavabdehə iddia onun məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Hazırki iş üzrə də müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri yuxarıda qeyd olunan ünvandır və iddiaçı da məhkəməyə müraciət edərkən qanunvericiliyin tələblərini pozmamışdır. Cavabdehin başqa ünvana rəsmi qaydada qeydiyyata düşməməsi isə iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini öz qərardadında qeyd etdiyi əsasla geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2457/2024 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: