Məhkəmə qərarları › İş №2(103)-3362/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3362/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3362/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-109/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Nissan X-Trail” Minik markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir.

2. “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlarla müəyyən olunur ki, Cavabdeh2 "xxxx" MMC-də (VÖEN: **********) xx.xx.2022-ci il tarixdən əsas iş yeri olaraq şöbə müdiri vəzifəsində işləyir.

3. xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Nissan X-Trail” minik markalı **-JM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

4. Yol-nəqliyyat hadisəsi zamanı digər nəqliyyat vasitələri ilə yanaşı İddiaçı mülkiyyətində olan 2022-ci il istehsal tarixi olan “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər görülmüş işlər və ehtiyat hissələri nəzərə alınmaqla, cəmi 10.237 manatdır.

6. "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində dəymiş zərərə görə İddiaçı 2.416,04 manat məbləğində sığorta ödənişi edilmişdir.

7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesab-faktura və 38802 nömrəli mədaxil qəbzindən görünür ki, “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və ehtiyat hissələri üçün "xxxx" MMC-yə 10.428 manat ödəniş edilmişdir.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, dəyişdirilməsi tələb olunan ehtiyat hissələrinin cədvəlinə, dəyişdirilmə tələb olunmayan avtomobil hissələri də salınmışdır. Misal olaraq – ön bamper və onun reşotkası. Ön bamper və onun reşotkası sıradan çıxmış olsaydı, onun qabağında olan avtomobilin də arxa bamperi zədələnmiş və ya sıradan çıxmış olardı. Belə olduğu halda, o, baş vermiş qəzanın dördüncü tərəfi sayılmalıdır. Dördüncü tərəf bu hadisədə mövcud deyil. Ön bamperin qiyməti, onun rənglənməsi, mühərrikin təmiri və digər görülməmiş işlər çıxılsa, İddiaçı məxsus “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin ümumi xərcləri 5.649,16 manat təşkil edir, bunlardan ehtiyat hissələr üzrə 3.849,16 manat, təmir bərpa işləri üzrə 1.800 manat təşkil edir.

9. Arayışa əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “Məktub”a əsasən ehtiyat hissələrinin qiyməti 5.230 manat təşkil edir. 5% endirim tədbiq olunacaq.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.820,96 manat məbləğində vurulmuş maddi ziyanın və 98,21 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus “Lexux ES 250” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Z.B.Əhmədbəyov küçəsində yolun sağ kənarında park edilmiş şəkildə dayanmışdır. Həmin gün təxminən saat 08:50 radələrində ərazidə olan körpünün altından gələn “Nissan” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun ara məsafəsi qaydalarını pozaraq aşağı hissədən - park edilmiş (iddiaçıya məxsus) avtomobilə doğru hərəkətdə olan “Lexus” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən sonuncu avtomobil qarşıda duran iddiaçıya məxsus avtomobili, həmin avtomobil isə “İNFİNİTİ FX35” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Müvafiq orqan tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “Nissan” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (...araməsafəsi... qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla iddiaçının avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində sürücü Cavabdeh2 təqsirli olduğu müəyyən edilir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə Cavabdeh2 idarə etdiyi “Nissan” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli yol vərəqəsi ilə MMC həmin avtomobili idarə etmək hüququnu xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Yəni sonuncu, hadisə baş verdiyi vaxt avtomobili idarə etmək səlahiyyətinə malik şəxs olmuş, bu səbəbdən haqqında tərtib edilmiş inzibati xəta haqqında protokol yalnız ara məsafəsi qaydalarının pozulmasına görə olmuşdur. Bununla da, Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, yəni əvvəlcədən müəyyən olunmuş məntəqəyə işəgötürənin tapşırığı ilə yol vərəqəsi əsasında hərəkət edən zaman bu hadisəni törətmişdir. Hadisənin Cavabdeh2 təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Ona görə də, "xxxx" MMC öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda iddiaçının mülki qanunvericiliyə əsasən hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərəri tələb etmək hüququ yaranır. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin həcmi "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktınaəsasən 10237,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 2416.04 manat məbləğində sığorta ödənişi edilmişdir. Sığorta tərəfindən 2416.04 manat məbləğində vəsaitin ödəniş edildiyini nəzərə alınsa, 7820.96 manat (10237,00 - 2416.04 = 7820.96 manat) məbləğində maddi ziyan qalmaqdadır.

12. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğ şişirdilmişdir, həmin məbləğ iddiaçının avtomobilə dəymiş real zərəri əks etdirmir, əslində dəymiş zərər qat-qat aşağıdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında avtomibilin istismarına yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyəri, habelə iş haqqı kimi göstərilmiş məbləğlər də qəsdən yüksək göstərilmişdir. Həmçinin, yol nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh avtomobilin təmir edilməsini iddiaçıya təklif etmiş, lakin sonuncu bununla razılaşmamış, elə həmin avtomobilə də əyləşərək sürüb getmişdir. Bu hal onu təsdiq edir ki, avtomobil işlək vəziyyətdə olmuş, ona böyük zərər dəyməmişdir. Zərərin cüzi olması həmçinin avtomobilin fotoşəkilləri ilə təsdiq edilir. İddiaçı bu hadisədən sui-istifadə edərək avtomobilinə yeni ehtiyat hissələri qoydurmuş, zədələnmiş hissələrin isə təmir olunubolunmamasının mümkünlüyünü yoxlatdırmamışdır.

13. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi, qanuni və əsaslı məhkəmə aktı çıxarılması üçün iş üzrə keçirilmiş ekspert rəyləri mötəbər sübut kimi nəzərə alınmamalıdır. İlk öncə onu qeyd edir ki, İddiaçı məxsus avtomobil iddiaçı tərəfindən xx.xx.2024-cu il tarixdə "xxxx" MMC-də artıq təmir olunub və avtomobilin təmiri üçün ödənilmiş xərci 10.428 manat təşkil edir. Təmir xərcinin ödənilməsini iş materillarında olan satış qəbzi təsdiq edir və qəbzdə olan VÖEN ********** də həmin sənədin məhz "xxxx" MMC-yə aid olduğunu sübut edir. Buna görə də avtomobilin təmir bərpasına sərf olunmuş xərcləri təsdiq edəcək qəbz mötəbər sübut sayılmalıdır. Bu isə onu göstərir ki, iddiaçının cavabdehdən maddi zərər adı ilə tələb etdiyi məbləğ real zərərdir. Belə ki, iddiaçıya dəymiş real zərərin məbləği konkret olaraq bəllidir və belə olan halda iş üzrə ekspertizanın rəylərinin nəzərə alınmasına zərurət qalmır. Eyni zamanda, digər mənbələrdən alınan məlumatlar iddiaçıya məxsus avtomobilinin istehsalçısı (dileri vasitəsilə) "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətlərdən daha etibarlı ola bilməz. Yəni, "xxxx" MMC-nin avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dileri olduğu nəzərə alındıqda, müvafiq qüsur aktı avtomobilə dəymiş real təmir xərcini təsdiq edən qəbzdə olan detallar zərəri göstərən daha mötəbər (ən azından ekspert rəyi ilə müqayisədə) sübut hesab olunmalıdır. Əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus avtomobil hazırda istehsalçısı (dileri) "xxxx" MMC-də qarantiyadadır.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özü hadisənin iştirakçısı olmuşdur və bu yaşına qədər törətdiyi ilk qəzadır. İddiaçı tərəfindən təqdim olunan “X3” sənədləri və ona əsasən verilmiş rəylər həqiqəti əks etdirmir. Hadisədə 3 nəqliyyat vasitəsi iştirak edib: biri öz idarə etdiyi avtomobil, ikinci “Lexus” markalı avtomobil və üçüncü hazırki iş üzrə iddiaçıya məxsus avtomobil. Heç bir avtomobildə nə ön, nə də arxa buferi yararsız vəziyyətə düşməyib. Hadisə zamanı sınıb və yararsız vəziyyətə düşən hər hansı bir avtomobil olmayıb. Mühərrikin xarab olması üçün onun ilk öncə buferi və arxada olan ekranı sınmalıdır. Həmin hissə dağılanda hava yastığı açılmalıdır, lakin belə bir hal baş verməyib. Toyota servis tərəfindən verilmiş aktda qeyd olunub ki, plasmas işlərin görülməsi 85.000 manat təşkil edir. Avtomobil əzilib və boyun qaçırmır, lakin qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçıya bildirmişdir ki, avtomobili təmir etdirməyə hazırdır və bütün xərci üzərinə götürməyə razıdır, lakin iddiaçı avtomobilin yalnız "xxxx" MMC-də təmir olunmasını tələb etmişdir.

15. Məhkəmə iclasında iştirak edən digər cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin əməkdaşıdır və avtomobil idarəyə məxsus olub, lakin hadisə işdən kənar vaxtda baş vermişdir. Bu səbəbdən hesab edir ki, iddianın Cavabdeh1 MMC-yə aidiyyəti yoxdur.

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1256/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2673-8/1059 nömrəli ekspert rəyinə əsasən, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 2022-ci il buraxılışlı, “LEXUS” markalı, “ES 250” model, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9.697,04 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 5.572,04 manat; - Təmir- bərpa işlərinin qiyməti – 4.125 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9.474,15 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti 5.349,15 manat, - Təmir-bərpa işlərinin qiyməti 4.125 manat müəyyən edilmişdir.

18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1256/2024 nömrəli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/6536-8/2266 nömrəli ekspert rəyinə əsasən, iş materialına əlavə edilmiş (cild i.v 141), "xxxx" MMC tərəfindən tərtib edilmiş “Məktub”da qeyd edilən 11 adda ehtiyyat hissələrinin yenisi ilə əvəz edilməsi üzrə 2022-ci il buraxılışlı, “Lexus” markalı, “ES250” model, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilməli olan xərc təxminən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6.742,72 manat o cümədən: - Dəyişilməli hissələrin qiyməti – 5.512,72 manat; - Təmir- bərpa işlərinin qiyməti – 1.230 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6.522,21 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 5.292,21 manat; - Təmir- bərpa işlərinin qiyməti – 1.230 manat müəyyən edilmişdir.

20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 109/2025 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, işin faktiki halları və qanunvericiliyin istinad edilən normaları baxımından baş vermiş hadisədə mülki hüquq pozuntusuna görə Cavabdeh2 və "xxxx" MMC birgə mülki hüquqi məsuliyyət daşıyır və bu səbəbdən dəymiş zərər onlardan müştərək qaydada tutulmalıdır.

22. Avtomobilə vurulmuş zərərə görə cavabdehlərdən tutulmalı məbləğə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesab-faktura və 38802 nömrəli mədaxil qəbzindən görünür ki, “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri üçün "xxxx" MMC-yə 10.428 manat ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş zərərin məbləğin avtomobilə çəkilməli olan xərci təxmini olaraq müəyyən edən ekspertiza rəylərinə uyğun olaraq müəyyən edilməsi, iddiaçının hüquq və mənafelərinin qorunmasını təmin etmir. Belə ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, iddiaçıya məxsus “Lexus” markalı, “ES250” model, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq təmir olunmuş, bununla bağlı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə çəkilmiş real xərcə dair ödəniş qəbzi – hesab faktura məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən vurulmuş zərərə görə iddiaçının öz əmlakını təmir etmək üçün çəkdiyi real xərc müəyyəndir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ müəyyən edilərkən, ekspertiza rəyləri əsasında iddiaçının avtomobilin təmir və bərpası üçün çəkməli olduğu təxmini xərc deyil, onun avtomobilinə vurulmuş zərərin aradan qaldırılması üçün real olaraq artıq "xxxx" MMC-yə ödədiyi məbləğ - çəkdiyi xərc nəzərə alınmalıdır.

23. Bununla yanaşı, iş materialları ilə, habelə iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-yə məxsus avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 2.416,04 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab etmişdir ki, sığortaçı tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi və iddia tələbinin həcmi nəzərə alınmalı, iddiaçının əmlakına vurulmuş ziyana görə 7.820,96 (10237,00 - 2416.04 = 7820.96) manat cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 124.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın ancaq 3.500 manat hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra cavabdeh Yunis Maksimov hər iki avtomobilin düzəltdirilməsini təklif etmişdir. Yunis Maksimovun bu təklifi ilə yalnız “Lexus” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi razılaşmış, iddiaçı isə təklifi qəbul etməmiş və avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Cavabdeh2 “Lexus” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillin istismara yaralı vəziyyətə gətirilməsi üçün avtomobili təmir etdirmiş və sahibinə təhvil vermişdir. Həmin avtomobilin təmirinə çəkilmiş xərc 2.800 manat təşkil etmişdir. Avtomobilin təmiri ilə bağlı onun sahibinin hər hansı əlavə tələbi və ya şikayəti olmamışdır. Məhkəmədə məlum olmuşdur ki, iddiaçı cavabdeh Yunis Maksimova heç bir məlumat vermədən, onun iştirakı olmadan avtomobimli təmir etdirmiş və 10.237 manat zərər barədə qüsur aktı almışdır. Qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğ şişirdilmişdir, həmin məbləğ iddiaçının avtomobilə dəymiş real zərəri əks etdirmir, əslində dəymiş zərər qat-qat aşağıdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında avtomibilin istismarına yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyəri, habelə iş haqqı kimi göstərilmiş məbləğlər də qəsdən yüksək göstərilmişdir. “X5”nin sənədləri və ona əsasən verilmiş rəylər həqiqəti əks etdirmir. İddiaçının ona faktiki dəyməmiş zərəri və qüsur aktında qeyd olunan həmin zərəri həmin ehtiyat hissələrini dəyişmədən təmir etməyin mümkün olması halında cavabdehin şəxsi vəsaiti ilə və ona maddi zərər çəkməklə təmir etdirməsi heç bir məntiqə uyğun deyildir. Yolnəqliyyat hadisəsində 3 nəqliyyat vasitəsi iştirak edib. Həmin avtomobillərdən heç birinin nə ön, nə də arxa buferi yararsız vəziyyətə düşməyib. Hadisə zamanı sınıb və yararsız vəziyyətə düşən hər hansı bir avtomobil olmayıb. Mühərrikin xarab olması üçün onun ilk öncə buferi və arxada olan ekranı sınmalıdır. Həmin hissə dağılanda hava yastığı açılmalıdır, lakin belə bir hal baş verməyib. "xxxx" Şirkətinin qiymət cədvəlindən görünür ki, dəyişdirilməli olan ehtiyat hissələri ilə yanaşı dəyişdirilməsinə zərurət olmayan avtomobil hissələri də salınmışdır. Məsələn ön bamper və onun reşotkası. Avtomobilin ön bamperi və reşotkası sıradan çıxmış olsaydı, onun qabağında olan avtomobilin də arxa bamperi zədələnmiş və ya sıradan çıxmış olardı. Belə olan halda isə o, baş vermiş yol nəqliyyat hadisəsində 4-cü tərəf (avtomobil) sayılmalıydı. Lakin bu hadisədə 4-cü tərəf mövcud deyil. Bundan başqa, ekspert tərəfindən avtomobilin qabaq bamperinin zədələnməsi və yararsız vəziyətə düşməsini müəyyən etməsi də anlaşılan deyil. Çünki ekspert rəyi avtomobil təmir olunduqdan sonra şəkillər əsasında vermişdir. Şəkillərdə isə qabaq bamperin zədələnməsi görünmür və bu hal şəkil və ya digər sübutla təsdiq olunmur. Bundan əlavə, ekspertin rəyində ön bamperin alınması və onun təmiri xərcləri də hesablanmışdır ki, bu da əsassızdır. Çünki mühərrikin sıradan çıxması və onun təmiri üçün ilk öncə ön bapmerin və onun reşotkasının sıradan çıxması tələb olunur ki, belə bir hal baş verməmişdir. Ekspert tərəfindən ehtiyat hissələrinin qiymətləri də real bazar dəyərindən yuxarı qeyd olunmuşdur. Ekspert rəyində göstərilən qiymətlərlə, iddiaçıya dəymiş real rəzər arasında böyük fərq vardır. Göründüyü kimi, məhkəmə iş üzrə gəldiyi nəicəni əsassız ekspert rəyinə əsaslanaraq vermişdir. Ekspert rəyində və Toyota Bakı Şirkətinin qüsur aktında göstərilənlərə aydınlıq gətirilməsi üçün ekspert və mütəxəsisin məhkəməyə dəvət olunması barədə cavabdeh tərəfin verdiyi vəsatət təmin olunsa da, məhkəmə həmin şəxslərin iştirakını təmin etməmiş, tez-tələsik qətnamə qəbul etmişdir. Bununla da, məhkəmə iş üzrə araşdırmanı tamamlamadan, maddi və prosessual hüquq normalarının pouzlmasına yol verərək, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bunlardan başqa, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixində baş vermiş və təmir işləri isə xx.xx.2024-cü il tarixində yekunlaşmışdır. Maddi zərər real deyildir və avtonəqliyyat vasitəsinə dəymiş zərər ancaq nəqliyyat vasitəsinin ön hissəsinə aid edilməli idi. Eyni zamanda Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-nin inspektoru, Polis baş leytenantı Məmməd Səmədovun tərtib etdiyi Arayışdan görünür ki, iddiaçı izahat verməmiş və bu barədə tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Lakin işə baxan məhkəmə işin bu hallarına da əhəmiyyət verməmişdir. Məhkəmə sığorta şirkətinin hadisə yerində çəkdiyi foto şəkilləri araşdırmamışdır. Təqdim edilən foto şəkillər avtomobilə ön hissəsinə cüzı, yəni maxsimum 200 manat zərər dəydiyi görünür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Sığorta şirkəti tərəfindən ödəniş aparılmışdır. Məhkəmə "xxxx" MMC tərərfindən təqdim edilən “Məktub”dakı rəyi niyə nəzərə almadığına dair mövqe bildirməmişdir. Halbuki, həmin Məktubdakı rəy mötəbər sübut kimi qiymətləndirilməli idi. Belə ki, Azərbaycan Respublikasında “Toyota “ şirkətinin rəsmi nümayəndəsi olan "xxxx" MMC bilindiyi kimi, inhisarçı şirkətdir və təkcə onun mövqeyi əsas kimi götürülə bilməzdi. Qətnamədən görünür ki, hakim ancaq yol nəqliyyat hadisəsinin baş verməsini və hadisənın cavabdehin hərəkəti nəticəsində baş verməsi əsas götürmüş və hesab etmişdir ki, hadisədə təqsirkar varsa deməli zərər tamödənilməli və heç bir araşdırma aparılmamalıdır. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar özlüyündə həqiqəti üzə çıxarmağa xidmət etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

29. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Cavabdeh1 MMC məhkəməyə yazılı izahat ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh2la bərabər Mərkəzin iş üzrə cavabdeh qismində qoyulmasını doğru hesab etmirlər. Belə ki, Nərimanov Rayon Məhkəməsində iş üzrə keçirilən iclaslarda Mərkəzin nümayəndəsi iştirak etmiş və cavabdeh qismində qoyulmalarına dəfələrlə etirazını bildirsə də, Nərimanov Rayon Məhkəməsi tərəfindən Mərkəzin mövqeyi nəzərə alınmamış, araşdırma aparılmadan qərar qəbul edilmişdir. Belə ki, işdə olan matereiallardan da göründüyü kimi yol nəqliyyat hadisəsi saat 8:50 – də baş vermişdir. Maksimov X1 şöbə müdiri vəzifəsində çalışır və onunla bağlanılmış əmək müqaviləsinə əsasən iş saatı 9:00da başlayır və 18:00-da bitir (1 saat nahar failəsi olmaqla). Qeyd olunanlardan da aydın olur ki, yol nəqliyyat hadisəsi iş saatı vaxtında baş verməyib. “Nissan” markalı, 90JM555 dövlət qeydiyyat nişanlı avtomobil Mərkəzin mülkiyyətində olsa da, Cavabdeh2 istifadəsində olmuşdur (ona həvalə olunmuş yol vərəqəsi ilə istifadə hüququ ilə). Hadisə baş verən gün Cavabdeh2 xidməti fəaliyyətlə bağlı heç bir iş tapşırılmayıb, ezamiyyətdə olmayıb və yol nəqliyyat hadisəsi iş saatlarından kənar vaxtda törədilib. Qeyd olunanlar və iddiaçının iddia tələbinin əsassız olması nəzərə alınaraq, Mərkəzin işçisi Cavabdeh2 törətdiyi hadisə qarşısında MMC-nin heç bir maddi və mənəvi məsuliyyəti olmadığının nəzərə alınması və xx.xx.2025-ci il tarixli qətnamənin Mərkəzə aid hissədə ləğv edilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətin Cavabdeh2 qətnaməni maddi ziyanın məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız ona münasibətdə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşdən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Nissan X-Trail” minik markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə digər nəqliyyat vasitələri ilə yanaşı iddiaçının mülkiyyətində olan 2022-ci il istehsal tarixli “Lexus ES 250” markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

37. Növbəti gün "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərər görülmüş işlər və ehtiyat hissələri nəzərə alınmaqla, cəmi 10.237 manat təşkil edir.

38. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi 2022-ci ildə istehsal edilmiş və yol-nəqliyyat hadisəsi həmin ildə baş vermişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus yeni nəqliyyat vasitəsinin rəsmi servisdə, yəni "xxxx" MMC-də əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı çəkilməli olan xərcləri tələb etməkdə haqlıdır. Belə ki, həmin xərc iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərcdir və nəqliyyat vasitəsi yeni olduğundan onun zədələnmiş hissələrinin də yeni hissələrlə (aşınma nəzərə alınmadan) əvəz edilməli olması nəzərə alınmalıdır.

40. İşdən o da görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin təmiri üçün iddia ərizəsində tələb edilən məbləğdən artıq, yəni 10.428 manat "xxxx" MMCyə ödəniş etmişdir.

41. Kollegiya onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsində 4-cü tərəfin mövcud olmadığını bildirsə də, işdə olan “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən və arayışdan (iş v.8-9) müəyyən edilir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin arxası ilə bərabər ön hissəsi də zədələnmişdir. Belə ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi “Lexus” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra sonuncu iddiaçıya məxsus nəqliyyat vasitəsini arxadan zədələmiş, iddiaçının nəqliyyat vasitəsi isə bunun nəticəsində ön hissədə olan “İnfiniti FX35” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Kollegiya Cavabdeh1 MMC-nin mövqeyinə münasibətdə onu da qeyd edir ki, MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən onun yazılı izahatında qeyd olunan məsələlər hazırki apellyasiya baxışının predmetini təşkil etmir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 109/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar