Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3363/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kredit müqaviləsinə əsasən pulun qaytarılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə əsasən pulun qaytarılması tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-410/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh 7000 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-410/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, kredit müqaviləsi üzrə ödənilməli olan 6200 manat məbləğində pulun və 82 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2. 331.1, 334.1, 385.1, 390.1, 448.1, 739.1. 739.2, 740.1, 740.2; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri 16 saylı notariat ofisində təsdiqlənmiş 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Səttarov X2 Məlahət Rauf qızına 7000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu 05 may 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borcun verilməsi barədə tərəflər arasında olan 05 iyun 2021-ci il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd) onun tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır. Müqavilə Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu tam şəkildə qaytarmamış, bununla da iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Cavabdehin ödədiyi 800 manat ümumi borc məbləğindən çıxılmalı və iddia tələbi qismən təmin edilərək, cavabdehdən 6200 manat borc tutulub iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - 27 may 2022-ci il tarixli qəbzdən məlum olur ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 05 iyun 2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-131 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nə əsasən tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 7000 manat 00 qəpik məbləğində pul borc verir, hər ay 200 manat ödəmək şərti ilə. Verilən borc notariusun göndərişi əsasında bankda olan depozit hesabı vasitəsi ilə “Borc alan”a verilir. 2. “Borc alan” krediti 05 may 2024-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”; - Cavabdeh tərəfindən yazılmış 10 may 2021-ci il tarixli əlyazmadan məlum olur ki, Səttarov X2 Məlahət Rauf qızına 7040 manat borcunun olmasını, hər ay 200 manat qaytarmaqla borcunu ödəyəcəyini qeyd etmişdir; - 05 iyun 2021-ci il tarixli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinin depozit hesabına 7000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir (iş səh. 3, 4, 36, 57, ). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-410/2023 saylı qətnaməsinin “Kredit müqaviləsi üzrə ödənilməli olan 6200 manat məbləğində pul və 82 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinə əsasən pulun qaytarılması tələbinə dair iddiasının təmin edilməməklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 331.1, 334.1, 337, 339, 385.1, 390, 448, 739.1, 739.2, 740.1, 740.2; Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217.1, 217.2, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə onun verdiyi ifadələri təhrif etmişdir. O cavabdeh olaraq məhkəmə iclasında bildirmişdir ki, Məlahətdən pul almamış, onu qonşu kimi tanımışdır. Pulu, yəni 3000 manatı Məlahətdən mərhum həyat yoldaşı almışdır və əvəzinə o, mərhum həyat yoldaşı ilə bərabər 4000 manat pulu gəlini ilə birlikdə Məlahətə qaytarmışlar. Bundan sonra onu Rəfayel adlı bir sahə müvəkkili zorla, güc tətbiq etməklə gəlib bölməyə aparmışdır və sonradan 8 saat saxlayaraq, Məlahətlə birlikdə onu Bakıxanov qəsəbəsində yerləşən notariusa gətirmişlər. Sonra Məlahət özü ilə gətirdiyi pulu banka göndərmişdir. Sonra isə o qol çəkmiş, sahə müvəkkili Rəfayel pulu götürmüşdür. Bu bir qurma oyun idi. Onu bu oyuna saldılar. Qanunsuz qətnamənin ləğv olunmasını istəyir. İddianı qəbul etmir. Məhkəmə onun tərəfindən kredit müqaviləsinin zorla bağlanmasını nəzərə almamışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, onun iddiaçıya borcu yoxdur, ondan pulun tutulmasına heç bir əsas olmadığı halda məhkəmə iddianı qismən təmin etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 385-390, 425.1, 427.3, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
9. Cavabdeh özünün kredit müqaviləsinin zorla bağlanmasına məcbur edilməsinə, habelə müqavilənin etibarsızlığına və ya borcun ödənilməsinə dəlalət edən sübutlar təqdim etməmişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
11. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
12. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan suiistifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.
13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-410/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.