Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3365/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “borcun tutulması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 082İK/2018 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən illik 7%-lə 240 ay müddətinə 92.000 manat məbləğində ipoteka kredit verilmişdir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin alınması məqsədilə verilir.
2. 17 yanvar 2018-ci il tarixli ödəniş tapşırığına əsasən «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh hesabına 115.000 manat köçürülmüşdür.
3. 18 yanvar 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən borcun təminatı olaraq ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* Çıxarışla ünvan 1, mənzil 22 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 240 ay müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması və s. tələbinə dair iddia ərizəsi, iddia tələbininn dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 082İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 90441,84 manat əsas, 28311,93 manat faiz borcu olmaqla, cəmi 118753,77 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 400,06 manat dövlət rüsumunun, daha sonra tələbin artırılması üçün ödənilmiş əlavə 8,69 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15.68 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1, 22 saylı mənzilə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra Cavabdeh əmlaka dair istifadə hüququna xitam verilməklə boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi Cavabdeh tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2024 saylı, 15 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh kredit müqaviləsi üzrə 90441,84 manat əsas borcu, 28311,93 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 127.500 (bir yüz iyirmi yeddi min beş yüz) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş mənzilin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə olunan məbləğdən 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, ipotekaya qoyulmuş mənzilin satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,29 manatın, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 455,74 (dörd yüz əlli beş manat yetmiş dörd qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum olduğu kimi, "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdehə) kredit vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyinə əsasən Cavabdeh iddiaçı "xxxx" ASCyə olan xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 90441,84 manat, faiz borcu üzrə 19728,01 manat borcu vardır. İddiaçı tərəf maliyyə arayışının tərtib olunduğu tarixdən xeyli müddət keçdiyini əsas gətirərək əsas və faiz borc məbləğini artırmışdır. Məhkəmə hesab edib ki, tərəflər arasında olan müqavilə münasibətləri hələ də davam etdiyi üçün iddiaçı borc məbləğlərini artırmaqda haqlıdır. Belə ki, ərizədən görünür ki, əsas borc məbləği ekspertizanın rəyindən götürülmüş, faiz borcu isə rəydə hesablandığı kimi günlük faiz məbləğinin maliyyə arayışının tərtib olunduğu tarixdən hazırki günədək hesablanmamış günlərinin sayına vuraraq hesablanmış və 28311,93 manat (19728.01 manat + 488 gün x 17,59) müəyyən edilmişdir. Qeyd olunan faiz məbləğinin hesablanması düsturu sadə olduğu üçün məhkəmə tərəfindən yenidən mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət qalmamışdır. Qeyd olunanlara əsasən iddiaçının irəli sürdüyü, Cavabdeh kredit müqaviləsi üzrə 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcun tutulması barədə tələb əsaslıdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Cavabdeh tərəfindən ipoteka predmetinin məbləği mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin likvid dəyəri təqribən 127.500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab olunur ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Cavabdeh həmin məbləğlə də razılaşmadığını və apellyasiya instansiyasında olan zaman orada yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirsə də, məhkəmə hesab edir ki, mənzilin dəyərinin yuxarı olmasını sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Cavabdeh isə məhkəmə iclaslarının davam etdiyi bu dövrlər ərzində sübut təqdim etməyərək yuxarı instansiya məhkəməsində işə baxılan zaman yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirərək məhkəmənin qərarına təsir göstərmək istəmişdir. Halbuki, sübutlar 1-ci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmalıdır. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. İpoteka predmetinin hərracda satıldıqdan sonra cavabdehin istifadə hüquqlarının itirilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir. Qeyd edilənlər mənzil satıldıqdan sonra cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir Məhkəmə ipoteka predmeti satıldıqdan sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalı və sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və Cavabdehhəmin evi tərk etmədiyi halda evdən çıxarılmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş edib şikayətində göstərmişdir ki, edilən ödənişlərin əsas hissəsi faiz və cərimə borcundan çıxılmış, əsas borcdan isə çıxılmalar cüzi olmuşdur.Bu baxımdan əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır. İddiaçı tərəfindən sonradan tələb edilən faiz borcun hesablanmasında yanlışlığa yol verilməsi, faiz borcunun əsassız şişirdilməsi istisna edilmir. Cavabdeh qərəzli olaraq ödəniş etməkdən yayınmamışdır. Belə ki, o, ilk vaxtlar banka olan ödənişləri vaxtında etmişdir. Lakin onun övladı ağır ürək əməliyyatı keçirmişdir. Hazırda da uşağın müalicəsi davam etdiyi üçün bu müddət ərzində ödənişlər edə bilməmişdir. Cavabdeh bütün əmlakını uşağın əməliyyatı, müalicəsi üçün xərcləmişdir, təkcə əmlakı olaraq mülki iş üzrə mübahisələndirilən mənzil qalmışdır. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 2018-ci ildə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin dəyəri 115000 manat olmuş, məhkəmə zamanı isə həmin mənzilin likvid dəyərinin təqribən 127.500 manat məbləğində olması müəyyən edilmişdir. Mənzil ekspert tərəfindən qiymətləndirilərkən onun bazar qiyməti düzgün müəyyən olunmamışdır. Mənzilin yerləşmə yeri, təmirli və əşyaları ilə birlikdə olması ekspert tərəfindən düzgün nəzərə alınmamış, nəticədə isə mənzil öz dəyərindən xeyli aşağı qiymətləndirilmişdir. Belə ki, ekspert tərəfindən mənzilin aşınması nəzərə alınaraq, 5 faiz azalma əmsalı tətbiq edilmiş, əksinə ötən 5 il ərzində mənzillərin satış qiymətinin yüksəlməsi nəzərə alınmamışdır. Bununla bağlı, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən müvafiq etiraz bildirilməsinə və təkrar tikinti-texniki ekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə mənzilin satış qiyməti onun dəyərindən xeyli aşağı müəyyən olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını və qətnamənin iddianın təmin olunan hissədə ləğv olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.
22. Belə ki, öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir və istinad etdiyi halları sübuta yetirə bilmir. Cavabdeh məhkəmənin bir neçə maddi və prosessual hüquq normalarının pozduğunu göstərsə də bu pozuntuların konkret nədən ibarət olduğunu, başqa sözlə hansı maddi və prosessual hüquq normalarının pozulduğunu açıqlamır.
23. Birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Belə ki, ekspert rəyində xx.xx.2022-ci il tarixə 90441,84 manat əsas, 19728.01 manat faiz borcunun olduğu, eyni zamanda həmin tarixə ayrılıqda hər günə düşən faiz məbləğinin 17,59 manat olduğu müəyyən etmişdir. Deməli ekspertin hesabladığı son-xx.xx.2022-ci il tarixdən iddia tələbinin artırıldığı xx.xx.2024-cü ilədək 488 gün keçdiyi nəzərə alındıqda faiz borcunun məbləğinin sadə riyazi hesablama nəticəsində 28311,93 manat təşkil etdiyi təsdiq olunur(19728.01 manat + 488 gün x 17,59=28311.93). Demək edilən ödənişlərin əsas hissəsinin faiz və cərimə borcundan çıxılması, əsas borcdan isə çıxılmaların cüzi olması, bu baxımdan əsas, faiz və cərimə borcunun düzgün hesablanmaması barədə dəlillər özü-özlüyündə təkzib olunur. Ən azından ona görə ki, bank tərəfindən cərimə tələb edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının xx.xx.2022-ci ilədək tələb etdiyi faiz borcu məbləğini deyil, ekspert rəyi ilə həmin tarixə müəyyən edilmiş faiz borcunu nəzərə almış, eləcə də iddia tələbinin artırıldığı dövr üçün isə ekspertin bir gün üçün müəyyən edilən faiz məbləğini 488 günə vurmaqla yekun faiz məbləğini əsas götürərək təmin etmişdir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır.
24. Cavabdehin şikayətdə göstərdiyi ailə vəziyyəti ilə bağlı dəlillər həqiqi olsa belə bunlar mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilmir. Çünki həmin hallar kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsini istisna etmir. Əlbətdə ki,iddiaçı bank bu halları nəzərə alıb cavabdeh tərəfə öz mülahizəsinə əsasən güzəş edə bilər.Ancaq apellyasiya baxışı zamanı iddiaçı tərəfin belə bir istəyinin olması təkzib olundu.
25. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.
26. Bununla əlaqədar, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri, tərəflərin razılığı ilə 115000(yüz on beş min) manat müəyyənləşdirilsə də, birinci instansiya məhkəməsi tərəfindən qiymətləndiricinin rəyi alınmış və ipoteka predmetinin bazar dəyərinin 134200(yüz otuz dörd min iki yüz) manat, likvid dəyəri isə 127500(yüz iyirmi yeddi min beş yüz) manat müəyyən edildiyindən qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiyməti kimi də sonuncu məbləğ göstərilmişdir. Lakin cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmadığını göstərir, lakin razı olmamasının səbəblərini açıqlamır.
27. Ancaq 127500(yüz iyirmi yeddi min beş yüz) manat qətnamədə ilkin satış qiyməti kimi göstərilməsi düzgün olmuşdur. Çünki bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan mənzilin ölçüsü, yerləşdiyi ərazi, mənzil bazarında olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Cavabdeh özü də mənzilin likvid dəyərinin daha yüksək olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilərdi, ancaq etməmişdir. Mənzildə olan ayrıla bilən əşyalar isə onun likvid dəyərinin yüksək olması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, təkrar məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə də əsas və zərurət yaranmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.