Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3367/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3367/2024 (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1326/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 iyul 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m2 ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2008ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m2 ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 799 nömrəli reyestr kitabının 74570 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi "Yaşayış yeri üzrə qeydiyyatı haqqında" ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən barəsində mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilində hazırki iş üzrə cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Cavabdeh mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması ilə bağlı Bakı Şəhəri Sabunçu RPİ-nin QMB-nə müraciət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2- M40891/11/23 nömrəli məktubu üzrə hazırki iş üzrə Cavabdeh barəsində mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması ilə bağlı ərizənin icrasının onların səlahiyyətlərinə daxil olmadığını və bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzili vəsiyyətnamə üzrə əldə etmiş, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına çıxarış almışdır. Belə ki, barəsində mübahisə olunan mənzil Bakı şəhəri 16 saylı X12 tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş və 2V-1/57 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X6 vərəsəsi Rusiya Federasiyası, Krasnoyarsk şəhəri, Jeleznyaka qəsəbəsi, ev 37, 106-cı mənzildə yaşayan hazırki iş üzrə İddiaçı vəsiyyət olunmuşdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1326/2024 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisə predmeti olan mənzildə yaşamaması və ya daimi yaşamaq üçün başqa ünvana getməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.
5. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdehiddiaçı X2 bacısı olmasına baxmayaraq uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır və cavabdehin özünün başqa yaşayış sahəsi vardır. iddiaçı tərəf hesab etmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsi ilə bağlı cavabdehin yaşadığı ünvana məhkəməyə dəvət edilməklə bağlı bildiriş göndəriləcək və cavabdehin həmin ünvanda yaşayıb-yaşamaması müəyyən ediləcəkdir. İş materiallarından da göründüyü kimi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən cavabdehə məlumat verilmiş, lakin cavabdehin lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, ona görə ki, cavabdeh uzun müddətdir ki, ailə həyatı quraraq ölkəni tərk etmişdir. Cavabdehin həmin mənzildə yaşamaması faktını həmin ünvanda yaşayan qonşuların tərtib və təsdiq etdikləri aktla təsdiq edilmişdir. Həmçinin AR Dövlət Sərhəd Xidmətinin vəkil sorğusuna verdiyi cavab olaraq bildirir ki, şəxslərin ölkə hüdudlarını keçmələri barədə məlumatlar “İnformasiya əldə etməsi haqqında” AR Qanunun 38.6-cı maddəsi və fərdi məlumatlar haqqında AR Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən 3-cü şəxsə verilməsinə razılıq subyektin yazılığı razılığı ilə yol verilir. Bununla yanaşı Cavabdeh dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından (Cavabdeh hüquqi yardım göstərilməsi barədə) orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir. Ona görə də məhkəmədə iddiaçı tərəfindən cavabdehin ölkəni tərk etməsi barədə məlumatın əldə edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırılmasına baxmayaraq, lakin məhkəmə bu iş üzrə sorğu verməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının bacısıdır və 16 yaşında ailə həyatı quraraq Gürcüstan Respublikasına köçmüşdür.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Rеspublikası Kоnstitusiyası.
11. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
16. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
25. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir.
27. Belə ki, iş materiallarında olan "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqıında şəhadətnamə"dən görünür ki, 16 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2008-ci ildə təsdiq edilmiş ki, 16 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş və 2V-1/57 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X6 vərəsəsi Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Jeleznyaka qəsəbəsində yerləşən 37 nömrəli evin 106-cı mənzilində yaşayan İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı Şəhəri TİB tərəfindən verilən xx.xx.1996-ci il tarixli 12 reyestr kitabında, 1688 səhifə, 30\31741 qeyd vəsiqəsinə əsasən Bakı şəhərinin Bakıxanov qəsəbəsinin A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 otaqlı və 26,64 m² ümumi sahəsi olan 1-ci mənzilindən ibarətdir.
28. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2- M40891/11/23 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh Sabunçu rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə daxil deyil, faktla əlaqədar olaraq Bakı Şəhər İnzibati Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur.
29. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində olan 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 799 nömrəli reyestr kitabının 74570 nömrəli vərəqində qeydiyyata alınmışdır.
30. xx.xx.2004-cü il tarixli "Vəsiyyətnamə"dən görünür ki, X8 ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı vəsiyyət etmişdir.
31. Beləliklə, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil iddiaçıya xx.xx.2007-ci ildə vəfat etmiş atası X8 tərəfindən vəsiyyət edilmişdir. X4 həmin mənzili vəsiyyətnamə üzrə əldə etmiş, öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh iddiaçının bacısıdır və hazırda həmin mənzildə qeydiyyatdadır.
32. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Beləliklə, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmişdir.
34. Kollegiya qeyd edir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
35. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
36. Hazırki işin hallarından da göründüyü kimi mübahisəli mənzil əvvəllər iddiaçı və cavabdehin mərhum atasına məxsus olmuş, xx.xx.2008-ci il tarixdən iddiaçının mülkiyyətinə keçmiş, cavabdeh ora 2006-cı ildə qeydiyyata düşmüş, lakin həmin tarixdən orda yaşamamışdır.
37. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu ilədək yarandığından və qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan hazırkı mübahisə üzrə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
39. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
41. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.
42. Hazırki işin hallarından da göründüyü kimi cavabdeh mübahisəli mənzilə 2006cı ildə qeydiyyata düşmüş, mənzil əvvəllər iddiaçı və cavabdehin mərhum atasına məxsus olmuş, xx.xx.2008-ci il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Lakin iş materiallarında olan MKİS arayışına əsasən müəyyən olunur ki, Cavabdeh göstərilən ünvana qeydiyyata düşsə də, həmin tarixdən orda yaşamamışdır və iddiaçının bildirdiyinə görə ailə həyatı quraraq Gürcüstana köçmüşdür. Bundan əlavə iş materiallarında mübahisəli mənzilin qonşuluğunda yaşayan şəxslər tərəfindən tərtib olunan aktla da qeyd olunan hal öz təsdiqini tapmışdır.
43. İşdəki sübutlardan göründüyü kimi cavabdeh mübahisəli ünvanda uzun müddət ərzində yaşamamış və bununla da iddiaçıya məxsus mənzildən istifadə ehtiyacının aradan qalxdığını göstərmişdir. İstər birinci instansiya məhkəməsinin iclaslarına, istərsə də apellyasiya baxışları zamanı məhkəmə iclaslarının vaxtı və yeri barəsində də lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, bu halları təkzib edən hər hansı etiraz və sübutlarını məhkəməyə təqdim etməmişdir.
44. Buna görə də kollegiya hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnu artıq ailə həyatı quraraq evi tərk etdiyi zamandan etibarən itirmişdir. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.
45. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
46. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
47. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumlarının əvəzi Cavabdeh alınaraq İddiaçı qızına ödənilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1326/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m2 ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumlarının əvəzi Cavabdeh alınaraq İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova