Məhkəmə qərarları › İş №2(103)-3368/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3368/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3368/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(008)-932/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: PİC-104323/20 (RPA**********) saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 110000 manat miqdarında zərərdən sığortalanmışdır. LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx/xx-04432 saylı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, xx.xx.2020- ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X6 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X6 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ-İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq xx.xx.2020-ci il tarixdə saat 07:30da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102) 1848/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X1 və məhkum Cavabdeh kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 01 il müddəttinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)- 33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin direktoru H.H.Abbasovun ərizəsinin surətindən görünür ki, "xxxx" MMC, qaz sızması nəticəsində baş vermiş partlayışla əlaqədar dəymiş zərərə görə sığorta ödənişinin edilməsini "xxxx" ASC-dən xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş vermiş qaz partlayışı nəticəsində PİC 104323/20 saylı sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərlə əlaqədar sığorta ödənişinin məbləği 107500,00 manat təşkil edir. #001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 32250 manat sığorta ödənişi etmişdir. #001AZ**********8 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 75250 manat sığorta ödənişi etmişdir. Hazırda iddiaçı ödədiyi sığorta məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh faydalanan şəxsin hesabına köçürülmüş sığorta ödənişi əvəzində 107500 manat məbləğində vəsaitin, 397,50 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmiş, baş vermiş partlayış nəticəsində "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Hadisə üzrə xx.xx.2021-ci il tarixdə FHN-nin tərtib etdiyi 10/3722 saylı ekspert rəyinə, eyni zamanda Abşeron Rayon Məhkəməsinin l(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığortalı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair” rəyə əsasən 145882 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 107500 manat məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq, 75250 manat məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250 manat məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMCnin təqdim etdiyi hesaba köçürülmüşdür. (Qeyd: sığorta məbləği 110000 manat olmaqla, 2500 manat məbləğində azadolma tətbiq olunmuşdur). xx.xx.2023-cü il tarixdə 107500 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş 107500 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(008)- 932/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazı üzrə ilk öncə onu qeyd etməyi zəruri saymışdır ki, cavabdeh bu barədə sübut təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xəttinin yararsız vəziyyətdə olması halı təsdiq edilməmişdir. Bundan başqa, müqavilənin şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri müəyyənliklər, "xxxx" ASC-nin ziyanına (əleyhinə) təfsir edildiyindən sığorta şəhadətnamələrində qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, sığortalanan risklərin, o cümlədən qaz partlayışının konkret olaraq sadalanmaması, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi, "xxxx" ASC-ni dəymiş zərəri ödəmək öhdəliyindən azad etmədiyindən, sığortalı "xxxx" MMC-nin ziyanına (əleyhinə) təfsir olunmamışdır. PİC-104323/20 (RPA**********) saylı sığorta və LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnamələr tərtib edildikdən sonra sığortalı "xxxx" MMC həmin sənədləri mübahisələndirməmiş, əksinə sığorta hadisəsi baş verdikdən sonra müvafiq sığorta ödənişinin edilməsi üçün sığortaçıya müraciət etmiş, sonuncu da sığorta münasibətlərinin mövcudluğunu mübahisələndirmədən, sığortaçı olaraq sığorta ödənişi etmək öhdəliyini icra etmişdir. Məhkəmə hesab etmişdir ki, istinad olunan normalara əsasən sığortaçının sığorta olunandan subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququ ümumiyyətlə yaranmamışdır. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdibad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışır. xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmiş, baş vermiş partlayış nəticəsində "xxxx" MMC və "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Hadisə üzrə xx.xx.2021-ci ildə FHN-nin tərtib etdiyi 10/3722 saylı ekspert rəyinə, eyni zamanda Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-33/2022 saylı hökmünə əsasən Cavabdeh CM-in 225.2-cimaddəsi ilə təqsirli bilinmişdir. Sığortalı Abşeron rayonu, Mehdibad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərəçəkən müraciət etmişdir. Abşeron rayonu, Mehdibad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair rəy” ə əsasən 145882,00 manat (yüz qırx beş min səkkiz yüzsəksən iki manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən 107500,00 manat ( yüz yeddi min beş yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq 75250,00 manat (yetmiş beş min iki yüz əli manat, 00 qəpik) məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250,00 manat (otuz iki min iki yüz əli manat, 00 qəpik) məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. (Qeyd: Sığorta məbləği 110000,00 ( yüz on min) manat olmaqla, 2500,00 manat məbləğində azadolma tətbiq olunmuşdur). xx.xx.2023-cü il tarixində 107500,00 manat (yüz yeddi min beş yüz manat, 00 qəpik) məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdehə həmin məbləği ödəməmişdir. Nəticədə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə tələb irəli sürülmüş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-932/2024-saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd edilməlidir ki, əgər daşınmaz əmlak iddiaçı tərəfindən "Daşınmaz əmlakın icbari sığortası" üzrə sığortalı olmasa idi cavabdehin təqsiri nəticəsində daşınmaz əmlaka dəymiş zərər daşınmaz əmlakın sahibi tərəfindən cavabdehə qarşı qaldırmaq hüququ yaranır. Belə olan halda isə sığortalı əmlakın sahibinin tələb hüququ tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya keçmişdir. Qeyd olunanlara əsasən partlayış nəticəsində daşınmaz sığortalı əmlaka dəymiş zərər müvafiq qaydada qiymətləndiricilər tərəfindən qiymətləndirilmiş və dəymiş zərər iddiaçı tərəfindən qarşılanmışdır. Bununla da zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna "xxxx" ASC sahib olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi "mülki məsulliyyətin icbari sığortası" ilə "daşınmaz əmlakın icbari sığortası" üzrə tətbiq olunan normalarda yalnışlığa yol vermişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Əmək Məcəlləsi 10-cu maddəsinin “ç” yarımbəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 193-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. 194-ci maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 199-cu maddəsinin «c» bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iki icbari sığorta şəhadətnaməsi tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmişdir. Onlardan birincisi RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı "xxxx" MMC 157,87 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsini 110.000 manat sığorta məbləği ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Digər LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndən isə görünür ki, sığortalı "xxxx" MMC 30,0 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. "xxxx"MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixində baş vermiş partlayış nəticəsində MMC-yə zərər dəymişdir. Hadisə üzrə xx.xx.2021-ci ildə FHN-nin tərtib etdiyi 10/3722 saylı ekspert rəyinə, eyni zamanda Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-33/2022 saylı hökmünə əsasən Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozmuşdur. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyi üçün baş vermiş yanğın hadisəsində Cavabdeh təqsirliliyi sübuta yetirilmiş və o, CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökm hazırda qüvvədədir. İş materiallarından görünür ki, şirkətin direktoru olmuş cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı xx.xx.2020-ci ildə "xxxx" ASC-yə müraciət etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair” rəyə əsasən 145882 manat məbləğində müəyyən edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair” rəyə əsasən 145882 manat məbləğində müəyyən edilsə də, iş materiallarından görünür ki, "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 107500 manat məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq, 75250 manat məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250 manat məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. (Qeyd: sığorta məbləği 110000 manat olmaqla, 2500 manat məbləğində azadolma tətbiq olunmuşdur). Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2015-ci il tarixdən "xxxx" MMC-nin mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. xx.xx.20222-ci il tarixli təhvil aktından görünür ki, "xxxx" MMC-nin direktoru X7 və X10 arasında yeni yaradılan "xxxx" MMC-nin yenidən təşkilin ayrılma formasında sözügedən MMC-nin yaranması ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56 və 57-ci maddələrinə uyğun olaraq aktivlərin yeni yaradılmış "xxxx" MMC-yə təhvil verilməsi aparılmışdır. Həmin əmlak kompleksi xx.xx.2022-ci il tarixdən paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Tərəflərin izahatlarından da görünür ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 107500 manat məbləğində sığorta ödənişini Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən MMC-lərə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 107500 manat məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq onlara yuxarıda göstərilən qaydada ödəmişdir. İşin qeyd edilən halı tərəflər tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı xx.xx.2023-cü il tarixdə 107500 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilməsinə baxmayaranq cavabdehin həmin məbləği ödəməməsi və "xxxx" ASC tərəfindən ödənilmiş 107500 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalı olması, eləcə də cavabdehin iddiaya etirazında göstərdiyi kimi, "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olubolmamasıdır. Birinci instansiya məhkəməsi iddiaya etirazın dəlili kimi xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xəttinin yararsız vəziyyətdə olması halı təsdiq edilməməsinə dair düzgün hüquqi nəticəyə gəlsə də, müqavilənin şərtləri təfsir edilərkən etirazda cavabdeh nöqsan kimi saydığı sadaladığı digər bütün qeyri-müəyyənliklərlə razılaşmasında səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" ASC-nin ziyanına (əleyhinə) təfsir edildiyindən sığorta şəhadətnamələrində qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, sığortalanan risklərin, o cümlədən qaz partlayışının konkret olaraq sadalanmaması, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi ilə razılaşmış və bu halların "xxxx" ASC-ni dəymiş zərəri ödəmək öhdəliyindən azad etmədiyindən, sığortalı "xxxx" MMC-nin ziyanına (əleyhinə) təfsir olunmaması, PİC-104323/20 (RPA**********) saylı sığorta və LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnamələri tərtib edildikdən sonra sığortalı "xxxx" MMC həmin sənədləri mübahisələndirməməsi, əksinə sığorta hadisəsi baş verdikdən sonra müvafiq sığorta ödənişinin edilməsi üçün sığortaçıya müraciəti əsasında sonuncunun da sığorta münasibətlərinin mövcudluğunu mübahisələndirmədən, sığortaçı olaraq sığorta ödənişi etmək öhdəliyini icra etməsinə istinad etməklə sığortaçının sığorta olunandan subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququnun ümumiyyətlə yaranmaması əsası ilə iddianı rədd etsə də, nəzərə almamışdır ki, məhkəmənin şəhadətnamələrin tərtibi və təsdiqi zamanı qeyd etdiyi nöqsanların mövcudluğu halında belə faktiki olaraq cavabdeh sözügedən müqavilələrin qanuniliyini mübahisələndirməməklə onları bəyənmiş və hüquqi qüvvəyə malik olduğu üçün icra edilməsinə etiraz etməmiş, əksinə özü iddiaçıya məhz bu şəhadətnamələr əsasında qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi üçün ərizə ilə iddiaçıya müraciət etmişdir. Həmçinin də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sığorta şəhadətnamələrində qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi halı olmamış, əksinə məzmundan bu məbləğlərin konkret göstərilməsi müəyyən edilir. Bundan əlavə də sığortalanan risklərin, o cümlədən qaz partlayışının konkret olaraq sadalanmamasına baxmayaraq "xxxx" ASC-i baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etmişdir. Daha sonra müəyyən edilmişdir ki, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi iş materiallarından göründüyü kimi, həmin sənədin elektron formada tərtib edilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin elektron qaydada bağlandığı üçün göstərilən formada olması qanuna zidd olmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, cavabdehin iddiaya etirazında qeyd edilən daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməməsini göstərməsinin dəlilinin əsassızlığı və ağlabatan mühakiməyə uyğun olmaması onun həmin şəhadətnamələri imzalaması, onlarla tanış olduqdan sonra qanuniliyini mübahisələndirməməsi, həmçinin də xx.xx.2020-ci ildə "xxxx" MMC-nin direktoru kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin direktoru kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək sonradan sonuncu tərəfindən sığorta ödənişinin MMC tərəfindən qəbul edilməsinə etiraz etmədiyi halda, hazırda iddiaçının qaldırdığı iddianın əsassızlığı ilə bağlı etirazında göstərilənlər onun mülki məsuliyyətdən yayınması kimi qiymətləndirilir və onun bu hərəkətləri mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmasına dair mülki qanunverijilikdə təsbit edilmiş prinsiplərinə ziddir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki hadisə zamanı cavabdehin təqsiri sübuta yetirilmiş və iddiaçı tərəfindən hadisə nəticəsində dəymiş zərərin əvəzi ödənilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 419.2-ci maddəsini düzgün tətbiq etməməklə, eləcə də iddianın rədd edilməsinin əsası kimi iddiaçının məhkəmədə Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə rədd etməklə səhvə yol vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 49.2 və 25.1.2-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki "xxxx" MMC-yə onun direktoru Cavabdeh tərəfindən vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında” Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Başqa sözlə, mülkiyyətçi ilə əmək münasibətləri əsasında fəaliyyət göstərən cavabdehin özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyanla bağlı məsələlərii Əmək Məcəllənin normalarında həllini tapmışdır. Məhkəmə kollegiyası (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” yarımbəndi, 191-ci maddəsinin 1-ci hissəsi, 193-cü maddəsinin 1-ci və 2-ci hissələri və 194-cü maddəsi) 199cu maddəsinin tələbləri («c» bəndi) baxımından hesab edir ki, Cavabdeh "xxxx" MMC-nin işçisi (direktoru) kimi cinayət qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olması təsdiq olunduğuna görə 107500 (yüz yeddi min beş yüz) manat məbləğində sığorta ödənişi əvəzi onlan tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, baş vermiş yanğın hadisəsi zamanı cavabdehin təqsirinin olduğu halda cavabdehin iddiaçının sübyektiv hüquqa malik olmamasına dair əsassız dəlilərinə istinad etməklə və iş materiallarında sübutları sadalamaqla kifayətlənərək, iddianın əsaslı olmasına dair təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. Cavabdehin iddiaya olan etirazın əsası kimi istinad edilən hallar onu baş vermiş hadisədə təqsirinin olmasına dair yuxarıda sadalanan məhkəmə aktları və digər sübutlarla təkzib edilmişdir. İddiaçı tərəfindən tələb edilən subroqasiya məbləğin qismində vəsaitə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu, Mehdibad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair rəy” ə əsasən 145882,00 manat (yüz qırx beş min səkkiz yüzsəksən ikimanat,00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən 107500,00 manat (yüz yeddi min beş yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq 75250,00 manat (yetmiş beş min iki yüz əli manat, 00 qəpik) məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250,00 manat (otuz iki min iki yüz əli manat, 00 qəpik) məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMCnin təqdim etdiyi hesaba köçürülmüşdür (sığorta məbləği 110000 manat olmaqla, 2500 manat məbləğində azadolma tətbiq olunmuşdur). Bundan başqa iş materiallarında dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün qeyd olunan əmlakın qiymətləndirilməsinə dair rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası həmin ekspert rəyi ilə razılaşaraq hesab edir ki, rəydə göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Dəymiş zərərin məbləği 145882 manat müəyyən edilsə də, iddia tələbi üzrə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 107500 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə subroqasiya qaydasında Cavabdeh vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 107500 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci eləcə də apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 manat məbləğində dövlət rüsumlarının məbləğləri Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmim edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(008)- 932/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 107500 (yüz yeddi min beş yüz) manat məbləğində sığorta ödənişi əvəzi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 (üç yüz doxsan yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 (yüz doxsan doqquz) manat olmaqla cəmi 108.096,9 (yüz səkkiz min doxsan altı min doqquz qəpik) manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar