Məhkəmə qərarları › İş №2(103)-3369/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3369/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3369/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliisa qızının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Əliisa qızının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. C7Z284L2K nömrəli ümumvətəndaş pasportuna əsasən İddiaçı Almaniya Federativ Respublikasının vətəndaşı olmaqla Münster şəhərində yaşayır.

2. Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 407/69 nömrəli arayışa əsasən X14 ilə İddiaçı Əliisa qızı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır.

3. “Deustche Apotheker-und Arztebank” Bankının Münster filialı tərəfindən verilmiş pul köçürmələrinin təsdiqi barədə arayışa əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-də olan AZ67AİİB410200A**********107 nömrəli hesabına 10.000 avro məbləğində pul köçürülmüşdür.

4. “Commerzbank” Bankının Münster filialı tərəfindən verilmiş arayışa əsasən ailəyə borcun verilməsi məqsədi ilə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh "xxxx" ASC-də olan AZ67AİİB410200A**********107 nömrəli hesabına 5.500 avro məbləğində pul köçürülmüşdür.

5. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilmiş hesabdan çıxarışlara və məxaric orderlərinə əsasən Cavabdeh adına olan AZ67AİİB410200A**********107 nömrəli bank hesabına Almaniya Federativ Respublikasından xx.xx.2019-cu il tarixdə 10.000 avro, xx.xx.2019-cu il tarixdə 5.500 avro köçürülmüşdür. Hər iki məbləğ Cavabdeh tərəfindən məxaric orderlərinə imza edilməklə məxaric edilmişdir.

6. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə İddiaçı hissə-hissə, yəni 1-ci dəfə xx.xx.2019-cu il tarixdə 10.000 avro bank vasitəsi ilə köçürmə yolu ilə, 2-ci dəfə 2019-cu ilin iyul ayında həyat yoldaşı X14 vasitəsi ilə nağd şəkildə 5.000 avro, 3 dəfə xx.xx.2019-cu il tarixdə 5.500 avro bank vasitəsi ilə köçürülmə yolu ilə, ümumilikdə 20.500 avro məbləğində borc pul verdiyini bildirmiş və həmin borcun 2 ay müddətində, yəni xx.xx.2019-cu il tarixədək qaytarmağı barədə öhdəlik götürdüyünü Cavabdeh bildirmiş, həmin borc pulun qaytarılması barədə öhdəlik götürülən tarixdən xeyli vaxtın keçdiyini, lakin bugünədək icra edilmədiyini, pulun qanunsuz və əsassız olaraq saxlanıldığını və nəticədə mübahisə yaratdığını Cavabdeh nəzərinə çatdırmış və 20.500 avro məbləğində pulun 3 gün müddətində ona qaytarılmasının təmin edilməsini tələb etmiş, əks halda borcun qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir.

7. Bakı şəhəri BPİ-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Şahram Şaghaginin elektron müraciətinə əsasən Şahram Şaghagi xx.xx.2022-ci il tarixdə DİN-nin elektron ünvanına şikayət ərizəsi ilə müraciət edərək, DİN-in Səbail rayon polis idarəsinin əməkdaşı Cavabdeh ondan aldığı 20.500 avro pulu istəsə də, geri qaytarmadığını və ona hədə-qorxu gəldiyini bildirmiş və ona yardım etməyini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Almaniya Federativ Respublikasının vətəndaşı X8 RPİ-nin 41-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Cavabdeh ona olan 20.500 manat borcunun qaytarılmaması və hədə-qorxu gəlməsi barədə DİN-nin rəhbəriyinə ünvanlanmış müraciəti əsasında 2022-ci ilin aprel ayında Bakı şəhər BPİ-də xidməti yoxlama aparılmışdır. Araşdırma nəticəsində müraciətdə qeyd olunan xüsusatlar təsdiqlənməmiş, eyni zamanda yaranmış mülki xarakterli mübahisəli məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə müraciət müəllifinə izah verilmişdir.

9. X5 xx.xx.2022-ci il tarixdə yazılmış və tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş ərizəsində 2019-cu ilin iyul ayında qaynatası və qaynanasının iştirakı ilə müvafiq xahişdən və vəddən sonra xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh Sabirabaddakı evində ona şəxsən 2 aydan sonra geri qaytarmaq şərti ilə 5.000 avro həcmində pul verdiyini göstərmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi tərəfindən Şahram Şaqaqinin Cavabdeh barəsində şikayəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş izahata əsasən o, 2019-cu ilin avqust ayında atası Səmədağa Əliyev ona zəng edərək, Almaniyadan Könülün onun adına pul göndərəcəyini və bu pulun "xxxx" ASC-nin Xətai rayon filialında hesabından çıxarıb ona – Sabirabad rayonuna göndərməsini demişdir. O, bu pulun Könülə 2014-cü ildə verdiyi 20.000 ABŞ dollarının əvəzi olduğunu düşündüyünə görə heç bir səbəb soruşmadan götürüb atasına göndərmişdir. Atası 2019-cu ilin dekabr ayında rəhmətə getdikdən iki il sonra ona məlum olmuşdur ki, həmin pulu Könül atasına borc olaraq vermişdir. Səbəbini öyrəndikdə isə məlum olmuşdur ki, atası təsisçisi olduğu MMC-nin tender götürməsi üçün ödəniş edəcəyi firmanın hesabına pul ödəməli olduğundan Könüldən, həmçinin başqa bir neçə şəxsdən borc almışdır. O, həmçinin izahatında bildirmişdir ki, 2014-cü ildə atası Könülə qatarda itirdiyi qızıl-zinyət əşyaları üçün 20.000 ABŞ dollar vermişdir. Buna görə də o, 2019-da atası Könülün pul göndərməsini bildirdikdə hesab etmişdir ki, həmin pulu geri qaytarır. Hazırda ona məlum olan və atasında məxsus olan 350.000 manat dəyərində borcun bir hissəsini atasının maşınını və torpaq sahəsini sataraq ödəmişdir. Hazırda atasının 180.000 manat məbləğində borcu qalmışdır. Bütün baş verənlərə baxmayaraq, o, vəfat etmiş atasının borcunu hissə-hissə ödəməsini Şahrama dəfələrlə təklif etsə də, o, buna razı olmamış, bu səbəbdən də məsələnin qanuni yolla həll edilməsi üçün məhkəmə orqanlarına müraciət etməsini Şahrama tövsiyə etmişdir. Hazırda qarşı tərəfin imkanı daxilində borcun ödənilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır.

11. Bakı şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən Almaniya Federativ Respublikasının vətəndaşı X8 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Cavabdeh ona olan 20.500 avro borcunun qaytarmaması və ona hədə-qorxu gəlməsi barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciətdə göstərilən xüsusatların təsdiqlənməməsinin nəzərə alınması, yaranmış mülki xarakterli mübahisəli məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə müraciət müəllifinə məlumat verilməsi, Xidməti araşdırmanın nəticəsinin Bakı Şəhər BPİ-nin rəhbərliyinə məruzə edilməsi, müraciətə baxılmasının nəticəsi haqqında ərizəçiyə cavab verməklə toplanmış materialın dəftərxanada işə alınması təklif edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı Əliisa qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2 ay müddətinə qaytarmaq şərti ilə ondan borc aldığı 20.500 avro məbləğində pulun (iddia ərizəsinin verildiyi günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 35.670 manat pulun) ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun əvəzinin, həmin borcun vaxtında qaytarılmadığı üçün devolvasiya nəticəsində ona dəymiş 5.330 manat məbləğində zərərin əvəzinin, habelə həmin pulun xx.xx.2019-cu il tarixdən bugünə qədər qanunsuz olaraq özündə saxladığına və faydalandığına görə həmin 20.500 avro, yəni 41.000 manat məbləğində puldan xx.xx.2019cu il tarixdən bugünə qədər hesablanmış 5.535 manat faiz məbləğinin, cəmi 46.535 manat pulun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Sabirabad rayon sakini kimi tanımış, ailəvi tanışlıqları olmuşdur. 2019-cu ilin iyul ayında cavabdeh ona telefonla zəng edərək, təcili 20.500 pula ehtiyacının olduğunu bildirmiş və borcun 2 ay müddətində qaytaracağına söz verərək, üzərinə öhdəlik götürmüşdür. Bir-neçə dəfə telefon danışıqlarından sonra ona inanaraq, xx.xx.2019-cu il tarixdə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Deutsche Apotheker-und Arztebank Münster” filialı vasitəsilə ********** nömrəli debitor hesab nömrəsindən cavabdehin "xxxx" ASC-də olan hesab nömrəsinə 10.000 avro məbləğində pulu köçürmüşdür. Bundan bir həftə sonra 2019cu ilin iyul ayının ortalarında onun əri X6 Azərbaycanda olarkən onun vasitəsilə 5.000 avro məbləğində pulu cavabdehə borc vermişdir. 3-cü dəfə yenə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən COMMERZBABK Münster vasitəsilə DE29 **********2310560 nömrəli hesab nömrəsindən cavabdehin "xxxx" ASC-də olan eyni hesab nömrəsinə 5.500 avro məbləğində pulu köçürmüşdür. Beləliklə, 2019-cu ilin iyul-avqust aylarında cavabdeh ondan ümumilikdə 20.500 avro (41.000 manat) məbləğində pulu iki ay müddətində qaytarmaq şərtilə borc almışdır. 2019-cu ilin oktyabr ayı keçməsinə baxmayaraq, cavabdeh iki ay müddətinə qaytarmaq şərtilə ondan götürdüyü 20.500 avro məbləğində borcu qaytarmamışdır. Cavabdehə dəfələrlə telefonla zəng edərək, götürdüyü 20.500 avro məbləğində borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh əvvəl borcu qaytaracağına söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək, borcu qaytarmaqdan boyun qaçırmağa başlamış, borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh borcu qaytarmadığından onun əri X14 Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə cavabdehin qanunsuz hərəkətlərindən onlayn qaydada şikayət göndərmişdir. Bundan sonra AR DİN Baş Cinayət Axtarış İdarəsində onun ərinin şikayəti əsasında müvafiq araşdırma aparılmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh 2019-cu ilin iyul-avqust aylarında iddiaçıdan borc aldığı 20.500 avro məbləğində pulu bugünədək qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntusu törədərək, onun 20.500 avro məbləğində pulunu ələ keçirmiş və ona maddi ziyan vurmuşdur. 2019-cu ilin iyul-avqust aylarında iki ay müddətinə qaytarmaq şərti ilə götürdüyü borcu qaytarmamış, onun pulunu qanunsuz özündə saxlamış, öz şəxsi işlərinə sərf edib faydalanmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsində nəzərdə tutulduğu qaydada cavabdeh onun 20.500 avro məbləğində pul vəsaitini qanunsuz saxladığına, borc pulu vaxtında qaytarmadığına, onun pulundan faydalandığına görə cavabdehdən 5.535 manat faiz tutulub ona ödənilməlidir. Bundan başqa, cavabdehin ona qarşı mülki hüququ pozuntusu törətməsi nəticəsində, eləcə də bu günə qədər ondan aldığı 20.500 avro məbləğində borcu qaytarmadığına görə onda qalan 20.500 avro məbləğində pulu devalvasiyaya uğrayaraq öz dəyərini itirmiş, bununla da ona 5.330 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cavabdeh 2019-cu ilin iyul-avqust aylarında ondan 20.500 avro məbləğində borc pul götürərkən 1 avro 2 Azərbaycan manatına bərabər olmuş, yəni cavabdehin ondan borc götürdüyü 20.500 avro məbləğində pul 41.000 manata bərabər tutulurdu. Hazırda isə 20.500 avro məbləğində pulun Azərbaycan manatı ilə məzənəsi 35.670 manat təşkil edir.

14. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdeh qeyd edilən iddianı qəbul etmir və əsassız hesab edir. Eyni zamanda, iddia ərizəsindən məlum olur ki, hazırki iddia üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, sənədlərdə qeyd olunan tarixlərdən 3 il müddət keçdikdən sonra məhkəmədə pul tələbi ilə bağlı iddia qaldırılmışdır. Belə olan halda, hazırki iddia üzrə Mülki Məcəllənin tələblərinə əsasən iddia müddətinin buraxılması nəzərə alınmaqla, iddia müddətinin tətbiq olunması ilə iddiaçının iddiasından imtina barədə qərar qəbul edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddia müddəti tətbiq edilməklə hazırki iddianın rədd edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 20.500 avro (iyirmi min beş yüz) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2.649,57 (iki min altı yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat faiz borcunun İddiaçı Əliisa qızının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)

16. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdehin məhkəmə baxışı zamanı verdiyi izahatında göstərilən məlumatlar sübut olaraq qəbul edilə bilməz. Lakin məhkəmə cavabdehin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri BPİ-nə verdiyi izahatını və orada 20.500 avro vəsaitin qəbul edilməsinə dair etirafını mötəbər sübut olaraq qəbul etmişdir. Bundan başqa məhkəmə bank hesabına köçürülmə halından başqa 5.000 avro məbləğinin iddiaçının əri tərəfindən cavabdehə əlbəəl verilməsi xüsusatını da cavabdehin xx.xx.2022-ci il tarixli izahatının məzmununa əsasən təsdiq edilmiş hesab etmişdir. Belə ki, cavabdeh izahatında 20.500 avro borcun qəbul edilməsini etiraf etsə də, lakin həmin borcun atasına aid olmasını qeyd etmişdir. Cavabdeh bu borcun atasına məxsus olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan pul götürdüyünü xx.xx.2022-ci il tarixdə etiraf edir və hissə-hissə ödəyəcəyini vəd edir. Bu halda iddia müddətinin axımı cavabdehin etirafına əsasən xx.xx.2022-ci il tarixdən hesablanmalı və iddiaçı əsassız varlanmadan irəli gələn mübahisə ilə bağlı 2 il ərzində, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürməmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsi rədd edilməlidir. Cavabdeh iddiaçıdan 2019-cu ilin iyul-avqust ayları üzrə 20.500 avro məbləğində pul vəsaitini borc olaraq almış və hazıradək geri qaytarmamışdır. İddiaçı iddia edir ki, cavabdeh borcu ondan iki ay müddətinə geri qaytarmaq şərti ilə almış və buna dair şifahi qaydada razılaşmışlar. Lakin iddiaçı buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh onun barəsində polis orqanına müraciət edildiyi vaxtdan icranı gecikdirmiş borclu halına düşmüşdür. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 20.500 avro pul vəsaitini alması təsdiq olunur, həmin pulu geri ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflər arasında hər hansı borc, kredit və ya digər yazılı müqavilə bağlanmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü 20.500 avro pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Bu halda iddia tələbi 20.500 (iyirmi min beş yüz) avro məbləğində pulun iddia ərizəsinin verildiyi günə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 35.670 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehdən 20.500 avro pul vəsaiti, iddia ərizəsinin verildiyi günədək deyil, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin borc olaraq alınmış 20.500 avro pul vəsaitinin razılaşdırılmış icra müddətində geri qaytarılmaması və bu müddət ərzində devalvasiya nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olan 5.330 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən həmin puldan faydalandığına görə Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən bugünə qədər hesablanmış 5.535 manat faiz məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində isə qismən əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytından (cbar.az) əldə edilən məlumata əsasən 2022-ci il üzrə illik faiz dərəcəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7,5%, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8%, xx.xx.2022-ci il tarixdən isə 8,25% müəyyən edilmişdir. Belə olan halda, cavabdehin etirafından, yəni onun izahatının verildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 224 gün üzrə illik 7,5 faiz dərəcəsi ilə ((39185,75*7,5%):365*224)=1.803,60 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 49 gün ərzində illik 8% dərəcəsi ilə ((39185,75*8%):365*49)=420,84 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 48 gün ərzində illik 8,25 % dərəcəsi ilə ((39185,75*8,25%):365*48)=425,13 manat olmaqla, cəmi 2.649,57 manat fayda əldə etmişdir. Bu halda cavabdehin iddiaçıya borcu olmasını etiraf etdiyi, yəni xx.xx.2022-ci il tarixdən qətnamə çıxan günə, yəni xx.xx.2023-cü il tarixədək cavabdehin faydalanmağa görə hesablanan faizlərin məbləği Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla 2.649,57 manat təşkil edir. Odur ki, məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2.649,57 manat faiz borcu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, 1095-ci, 449.1-ci, 449.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qeyd olunan iddianı qəbul etmir və əsassız olduğunu bildirir. Eyni zamanda, iş materiallarına və iddia ərizəsinə nəzər saldıqda məlum olur ki, hazırkı iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Belə ki, məhkəməyə təqdim olunan sənədlərdə qeyd olunan tarixlərdən üç il müddət keçdikdən sonra məhkəməyə pul tələbi ilə bağlı iddia ərizəsi daxil olmuşdur. Belə olan halda, hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin tələblərinə əsasən iddia müddətinin buraxılması nəzərə alınmaqla, iddia müddətinin tətbiq olunması ilə İddiaçı iddiasından imtina barədə qərar qəbul edilməlidir. Məhkəmənin cavabdehi borcu etiraf etməsini nəzərə alaraq, iddia müddətinin buraxılmaması qənaətinə gəlməsi düzgün deyil və əsassızdır. Belə ki cavabdeh məhkəmə iclasında həmin izahatı hansı formada təzyiq altında verdiyini bildirmiş, həqiqəti əks etdirmədiyini göstərmişdir. Eyni zamanda, məhkəmə qanunsuz və əsassız olaraq iddiaçının ərinin heç bir sübut təqdim etmədən cavabdehə pul verdiyini deməsinə istinad edərək qətnamə qəbul etmişdir və hətta iddiaçının ərinin adından iddiaçı kimi qaldırdığı iddiaya subyektiv hüququ yoxdur, çünki iddiaçının əri ərizəsində qeyd etmişdir ki, Cavabdeh borc pul vermişdir. Məhkəmə iddiaçının mənafeyinə xidmət edərək və bunu gözardı edərək, iddiaçının subyektiv hüququnun olmadığı təqdirdə iddianın həmin hissəsini də təmin etmişdir. Hətta cavabdeh polisdə və məhkəmə araşdırması zamanı verdiyi izahatlarda iddiaçının göndərdiyi pulların ona yox mərhum atasına göndərildiyini, bununla bağlı şahidlərin oluduğunu və şahid izahatlarının məhkəməyə təqdim olunduğunu qeyd etsə də, məhkəmə həmin hissələrə istinad etmədən iddiaçının mənafeyinə uyğun olan hissələrə istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda, ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi 2019-cu ilin iyul ayından hesablanmalıdır. İddia müddətinin bu tarixdən hesablanma səbəbi ondan ibarətdir ki, iddiaçı tələb etdiyi pul vəsaitini həmin tarixdə vermişdir. Əslində iddia müddəti 10.000 avro məbləğə münasibətdə ötürülüb, lakin apellyasiya şikayətinin dəlili kimi bütün müddəti mübahisələndiriblər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı Əliisa qızına məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə bank vasitəsilə iki dəfə, yəni xx.xx.2019-cu il tarixdə 10.000 avro, xx.xx.2019-cu il tarixdə isə 5.500 avro olmaqla, ümumilikdə 15.500 avro məbləğində pul vəsaiti göndərmişdir. Həmin pul vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Eyni zamanda, iddiaçının həyat yoldaşı tərəfindən cavabdehə 2019-cu ilin iyul ayında 5.000 avro məbləğində pul verilmişdir. İddiaçı ümumilikdə 20.500 avro pulun cavabdehə 2019-cu ilin oktyabr ayında qaytarmaq şərti ilə verildiyini, lakin bugünədək qaytarılmadığını iddia edir. Cavabdeh qeyd edilən məbləğin iddiaçı tərəfindən ona deyil, atasına göndərildiyini, həmin pulu qəbul edərək, atasına verdiyini bildirir. Buna baxmayaraq, məsələ ilə bağlı iddiaçının əri Şahram Şaghaginin şikayəti əsasında Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə verdiyi izahatın sonunda borcun ödənilməsinə hazır olduğunu bildirir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Bununla belə, iddiaçı tərəfindən iddia edilən 20.500 avto məbləğində pulun ona deyil, onun atasına göndərilməsini bildirən cavabdeh ilk növbədə öz mövqeyini sübut etməli idi. Lakin buna baxmayaraq, hər hansı sübut təqdim etməmişdir. Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı isə X11 adlı şəxsin Əliyev Səmədağaya göndərilməsi üçün cavabdehin ona 20.500 avro məbləğində pulun dərmanlarla birlikdə verilməsi barədə izahat verməsi isə onun mövqeyinin əsaslı olmasını təsdiq edən hal deyil.

33. Digər tərəfdən aparılmış araşdırma zamanı öz izahatında vəfat etmiş atasının borcunun hissə-hissə ödəməsini iddiaçının əri Şahrama dəfələrlə təklif etdiyini, onun buna razı olmadığını, bu səbəbdən də məsələnin qanuni yolla həll edilməsi üçün məhkəmə orqanlarına müraciət etməsini ona tövsiyə etdiyini, hazırda qarşı tərəfin onun imkanı daxilində borcun ödənilməsi ilə bağlı təklifini qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da hüquqi nəticə etibarı ilə iddia edilən borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə üzərinə öhdəlik götürmüşdür. Bu da öz növbəsində qeyd edilən məbləğin (atasının borcu olduğu təqdirdə belə) ondan tutulması üçün hüquqi əsas yaradır, eyni zamanda müddət etibarı ilə 3 illik iddia müddətinin tətbiq edilməsini qeyri-mümkün edir. Cavabdehin yuxarıda göstərilən məzmunda izahat verməsi də onun bu izahatı təzyiq altında verməsini istisna edir. Hər bir halda, təzyiq altında yazmış olsa idi, bu borcun dəfələrlə ödənilməsini təklif etdiyini bildirməzdi. Sadəcə olaraq həmin borcu ödəməyə hazır olduğunu qeyd edərdi.

34. Belə olan halda, yəni cavabdehin iddiaçı qarşısında borcun ödənilməsi barədə üzərinə öhdəlik götürdükdən sonra məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməsi, cavabdeh tərəfindən iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

35. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən qəbul edilmiş məbləğin 3.000 manatdan artıq olması da tərəflər arasında məhz borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını istisna etmir. Hər bir halda, Mülki Məcəllənin 740.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin 3.000 manatdan çox olması halında borc müqaviləsinin yazılı formada bağlanması barədə tələbin təsbit edilməsi, belə bir müqavilə olmadan daha yüksək məbləğ üzrə tərəflər arasında borc münasibətlərinin yaranmasını istisna etmir. Belə ki, bu maddə borc münasibətlərinin tərəfi olan mülki hüquq subyektlərini intizamlaşdırmaq, bu münasibətlər çərçivəsində onların iradə sərbəstliyini qorumaq, pozulmuş hüquqlarının bərpasını daha etibarlı şəkildə təmin etmək, onların hüquqlarının məhkəmədə daha səmərəli müdafiəsini təşkil etmək məqsədini daşıyır. Hər bir halda, bu maddənin şifahi borc müqaviləsi əsasında maksimum 3.000 manat pulun borc verilməsinin mümkün olması, lakin 3.001 manat pulun verilməsi halında şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi kimi şərh edilməsi ümumiyyətlə mülki hüququnun mahiyyətinə ziddir.

36. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh ögey bacıqardaşdırlarlar. İddiaçı Almaniyada cavabdeh isə Azərbaycanda yaşayır. Onların arasında olan qohumluq münasibətləri, habelə ərazi məsafəsi yazılı borc müqaviləsinin bağlanmasını nəinki çətinləşdirir, ümumiyyətlə qeyri-mümkün edir. Qeyd edilənlərin qarşılığında buna hər hansı zərurət də qalmır. Hər bir halda, Bakı şəhərində yaşayan cavabdehin (ögey qardaşın) real olaraq maddi dəstəyə ehtiyacının olmasını bilən Almaniyada yaşayan iddiaçı (ögey bacı) cavabdehə bu məsələdə yardım etmək və borc pul vermək qərarına gələrkən çətinki ilk öncə bu məsələdə Mülki Məcəllənin tələblərinə riayət edilməsini və yazılı borc müqaviləsinin bağlanmasını, bu məqsədlə özünün Bakı şəhərinə getməsini və ya cavabdehin Almaniyaya gəlməsini düşünmüş olar. Onların hər hansı birinin ən son növbədə belə bu fikirə gəlməsi istisna olunur.

37. Digər tərəfdən iddiaçı ümumilikdə 15.500 avro pulu aidiyyəti sənədləri imzalamaqla yaşadığı Almaniyanın Münster şəhərində fəaliyyət göstərən bank təşkilatında ona məxsus olan hesaba köçürmüş və bank vasitəsi ilə Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən bank təşkilatında cavabdehə məxsus olan hesaba göndərmişdir. Cavabdeh də aidiyyəti sənədləri imzalamaqla qeyd edilən məbləği məxaric etmişdir. Tərəflərin bu məbləği göndərərkən və qəbul edərkən keçdikləri prosedurlar, habelə artıq qeyd edildiyi kimi ərazi məsafəsi və qohumluq əlaqəsi mövcud vəziyyətdə onların arasında hüquqi nəticə etibarı ilə məhz yazılı borc müqaviləsinin bağlanması qənaətinə gəlməyə əsas verir. İddiaçının ərinin cavabdehə 5.000 avro məbləğində pul verməsi də məhz tərəflər arasında yaranmış borc münasibətləri çərçivəsində onun iddiaçının tapşırığı əsasında hərəkət etməsi qənaətinə gəlməyə əsas verir və tərəflər arasında yazılı borc müqaviləsi üzrə münasibətlərin yaranmasını istisna etmir (31-34-cü bəndlərdə nümayiş etdirilmiş hüquqi mövqe).

38. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə qaytarmaq şərti ilə ümumilikdə 20.500 avro məbləğində pulu borc vermiş, cavabdeh bu məbləği qəbul və sonradan borcunu etiraf etməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, ötən dövr ərzində borclu olduğu məbləğdən hər hansı ödəniş etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və yaranmış 20.500 avro məbləğində borcunu iddiaçıya ödəməlidir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixdən başlayaraq gecikdirilmiş vaxt üçün 2.649,57 manat məbləğində faiz borcunun hesablanmalı olması və bu məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə mövqeyini də əsaslı hesab edir.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, 02 fevral 2023cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar