Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3370/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Hacıyev Kamil Balaağa oğlunun, cavabdehin nümayəndəsi-vəkili Nəcəfov Faiq Əjdər oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh Ağamirzə İlham Məhəmməd oğluna qarşı şirkətin saziş hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-5306/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» şirkəti (bundan sonra – Şirkət) cavabdeh Ağamirzə İlham Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150552 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı və şirkətin saziş hüdudları daxilində inşa etdiyi inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin saziş hüdudları daxilində lazımi icazələr almadan özbaşına tikili inşa etmişdir. Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən Şirkətin müstəsna istifadə hüququ vardır. Həmin tikili şirkətin qanunla qorunan hüquqlarını pozur. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadəsində olan sahə özbaşına tikili deyil. Torpaq sahəsi 20 ildir onun istifadəsindədir. xx.xx.2007-ci il tarixli Bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 500 kv.m torpaq sahəsi ayrılıb. Həmin inzibati akt inzibati qaydada mübahisələndirilmədən iddiaçının mülki qaydada məhkəməyə müraciət etməsi və məhkəmənin bu məsələyə münasibət bildirməməsi vətəndaşların mülkiyyət hüquqlarının tələblərinə ziddir. Digər tərəfdən, iddiaçı iddia müddətini ötürüb. İddiaçı tərəf məhkəmə prosesində sözügedən ərazinin böyük yaşayış massivi olmasını, yüzlərlə fərdi yaşayış evinin, müəssisələrin, ticarət obyektlərinin ortasında yerləşməsini məhkəmədən gizlədib. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10574/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-735/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-68/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı şirkətin qanuni istifadəsinə verilmiş olsa da, cavabdehə həmin torpaq sahəsi qanuni əsaslarla bələdiyyə tərəfindən ayrıldığından, həmin ərazidə inşa edilmiş fərdi yaşayış evinə işıq, qaz, su və telefon xətləri çəkildiyindən və cavabdeh, ailəsi ilə birgə həmin evdə yaşadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, mübahisəli tikilinin ətrafında çoxlu sayda tikililər var. Uzun müddətdir ki, cavabdeh orada yaşayır, işləyir. Bu barədə indiyədək iddiaçı ona qarşı hər hansı irad bildirməyib. Tikili söküldüyü təqdirdə cavabdehə dəymiş ziyanın necə ödəniləcəyi məlum deyil. Nümayəndə-vəkil qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, mütəxəsis rəyi ilə tikilinin yerləşdiyi ərazinin iddiaçıya məxsus olması öz təsdiqini tapıb. Bələdiyyə ilə cavabdeh arasında torpağın alınmasına dair müqavilə barədə Şirkətə hər hansı məlumat verilməyib. Mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması ilə bağlı cavabdehə Şirkətin kompensasiya təklifi yoxdur. Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh apellyasiya şikayəti verməklə qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikiliŞirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində və tikinti aparılan həmin torpaq sahəsi xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Cavabdeh isə müvafiq icazə almadan iddiaçının müıiyyətində olan həmin ərazi daxilində tikili inşa etdiyindən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, mübahisəli tikili Şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində və tikinti aparılan həmin torpaq sahəsi xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 163 saylı qərarı ilə cavabdehə fərdi yaşayış evinin tikinitisi üçün həmin ərazidə 500 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin dəyəri sonuncu tərəfindən ödənilmişdir. Cavabdeh sözügedən sahədə fərdi yaşayış evi inşa etmiş, evə buna səlahiyyətli olan dövlətin təsərrüfat subyektləri tərəfindən işıq, qaz, su və telefon xətləri çəkilmişdir və cavabdeh, ailəsi ilə birgə həmin evdə yaşayır İddiaçı sözügedən bələdiyyə qərarını inzibati qaydada mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4267/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İşdən həmçinin müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçı şirkətin qanuni istifadəsinə verildiyini, cavabdehə həmin torpaq sahəsinin qanuni əsaslarla bələdiyyə tərəfindən ayrıldığını, sonuncunun həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları o cümlədən iddiaçı tərəfindən vaxtında etiraz edilmədiyini tərəflər mübahisələndirməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən çıxış edərək Kollegiya hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan Kollegiya hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Apellyasiya baxışı zamanı iddiaçıya cavabdehə kompensasiya ödənilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi Şirkətin hazırda belə bir təklifinin olmadığını bildirmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3370/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3370/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver