Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3371/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5636/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı «xxxxxxxxx» ASC (keçmiş «xxxxxx» İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxx» ASC (keçmiş «xxxxxx» İKB ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il tarixdə 23-A-1-0-197-13 №-li kredit müqaviləsi üzrə 4504,45 ABŞ dolları əsas borc, 4828,5 ABŞ dolları faiz borcu və 6598,9 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15931,85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus “X10 Prado” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin ona olan borcunun ödənilməsi, satışdan əldə edilə biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli 2(002)- 5636/2017 saylı qətnaməsi iddia qismən edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4504,5 ABŞ dolları əsas borc, 1517,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, cəmi 6072,13 ABŞ dolları (ödənildiyi zaman manat məzənnəsi ilə) və ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxx» ASCnin (keçmiş «xxxxxx» İKB ASC) xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “X10 Prado” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan məbləğin yaranmış borcun ödənilməsinə yönəldiməsi, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı «xxxxxxxxx» ASC (keçmiş «xxxxxx» İKB ASC) apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında aparmamışdır. Kredit müqaviləsinin müddəti ərzində cavabdeh 30500 ABŞ dolları məbləğində əsas borca 8646,66 ABŞ dolları faiz ödəməli olduğu halda, ödənişləri gecikdirmiş, maliyyə arayışından və hesabdan çıxarışdan göründüyü kimi faiz borcu üzrə sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə aparmışdır. Bundan sonra cavabdeh, banka faiz borcu üzrə hər hansı ödəniş etməmişdir. Bu səbəbdən, həmçinin cavabdeh ödəniş cədvəlini pozduğundan kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdehə, ödənilmiş faiz məbləğindən başqa 4828,5 ABŞ dolları faiz hesablanmışdır. Bundan başqa, məhkəmə cavabdehdən tutulacaq dəbbə pulunun məbləğini 50 ABŞ dolları müəyyən edərkən kreditorun, yəni bankın həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-1753/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh iddiaçı “xxxxxx” X1 X4 xeyrinə tutulacaq əsas, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4100 ABŞ dolları 47 sent, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4048 ABŞ dolları 18 sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 410 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) Cavabdeh tutularaq iddiaçı “xxxxxx” X1 X6 ödənilməsi qət edilmişdir. İddiaçı «xxxxxxxxx» ASC (keçmiş «xxxxxx» İKB ASC) və Cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-8083/19 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirdiyi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində tərtib edilmiş cədvəlin 5-ci sütununda faiz dərəcəsi illik 17 faiz göstərilsə də, iddiaçı bankın 7128 ABŞ dolları faiz məbləğini qəbul edərək faiz borcu məbləğindən silinməsi nəzərə alınmaqla, ödənilməmiş faiz borcu kimi 4048 ABŞ dolları məbləğində borcun hesablanması həmin faiz dərəcəsinə uyğun deyildir. Apellyasiya məhkəməsi istinad etdiyi ekspert rəyində göstərilən qalıq faiz borc məbləğinin müqavilə üzrə razılaşdırılmış faiz dərəcəsi üzrə hesablanmış faiz borc məbləği ödənilmiş faiz borcunun məbləğin fərqini (müqavilə şərtlərinə uyğun olaraq, yəni illik 17 % hesablanmaqla) əks etdirməməsinə ümumiyyətlə hüquqi qiymət verməməklə, həmin rəy üzrə gəlinən nəticəni düzgün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə məxsus “X10 Prado” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 4504,45 ABŞ dolları, faiz borcu 4828,5 ABŞ dolları, cərimə 6598,9 ABŞ dolları, cəmi borcu isə 15931,85 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, xx.xx.2016-cı il tarixdə banka 2000 ABŞ dolları ödəniş etmiş və 24 ay müddətinə 17000 ABŞ dolları borcu qalmışdır. Həmin vaxtdan sonrakı 8 ay müddətində, yəni iyul ayının 27-nə kimi 17000 ABŞ dolları borcdan bankın Gəncə filialına 10000 ABŞ dolları pul ödəmişdir. O, 19000 ABŞ dolları puldan 12000 ABŞ dolları ödəsə də, bankdan ona qalan 7000 ABŞ dolları bir dəfəyə ödəməsini bildirmişlər. O, banka 9 ay ərzində 12000 ABŞ dolları ödədiyi halda bank əsassız olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə-komisyon məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixli 9/1786 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh müqavilə müddəti bitən xx xxxxxx 2016-cı il tarixə əsas borcu 14100,47 ABŞ dolları, faiz borcu isə 3602,96 ABŞ dolları təşkil edir. Eyni zamanda ekspert rəyindən və məhkəmə iclasında tərəflərin nümayəndələri tərəfindən təqdim olunmuş maliyyə arayışı və mədaxil qəbzlərindən müəyyən olundu ki, xx xxxxxx 2016-cı il tarixdən sonra, yəni xx.xx.2017-ci il tarixə qədər cavabdeh tərəfindən cəmi 10000 ABŞ dolları ödənilmiş, həmin ödənişlərin hamısı əsas borca aid edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra isə cavabdeh tərəfindən cəmi 4505 ABŞ dolları ödənilmiş, həmin ödənişin 4504,45 ABŞ dolları hissəsi əsas borca və 0,55 ABŞ dolları hissəsi faiz borcuna aid edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, faiz borcunun məbləği ekspert rəyində göstərilən 3602,96 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Eyni zamanda kollegiya izah edir ki, qətnamə çıxandan sonra aparılmış ödənişlər hazırkı mərhələdə deyil, qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. Dəbbə pulunun tutulması hissəsində isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, kredit borcunun ABŞ dolları ilə verildiyini və Azərbaycan manatının iki dəfə devalvasiya olunduğunu nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 6598,9 ABŞ dolları dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 50 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı «xxxxxxxxx» ASC (keçmiş «xxxxxx» İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5636/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilsin. Faiz borcu 3602,96 ABŞ dolları, cəmi borc isə 8157,41 ABŞ dolları məbləğində müəyyən olunsun. Qətnamə cərimənin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3371/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3371/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver