Məhkəmə qərarları › İş №2(103)-3371/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3371/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3371/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 cəlb edilməklə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İlkin və digər iddia üzrə İddiaçı, İlkin və digər iddia üzrə Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-102/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qətnaməsindən ilkin və digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, 20000 maşın borcundan 4000 manat ödədi, 16000 manat qaldı. Aprel ayının 20-ə qalan borcu bağlayacaq. Bağlamasa razılıq əsasənda ya faizə, ya da satacaqdır. X5 olan borcudur.

2. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 4900 USD (dollar) və 6670 AZN (manat) X3 götürüb.

3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 077279 saylı girov biletindən görünür ki, X7 Araz Hacı oğluna 15000 manat pul verib, Cavabdeh isə “BMW” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub.

4. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata X1.

5. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X8 “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manata X2.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 manat (on altı min) məbləğin və tərəfindən ödənilmiş 138 manat (yüz otuz səkkiz) dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 20000 (iyirmi min) pul verib. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. xx.xx.2022-ci ildə Cavabdeh özünün yazdığı qəbzdə göstərir ki, həmin məbləğdən 4000 manatını (dörd min) qaytarır, qalan 16000 manat (on altı min) məbləği isə 2022-ci ilin aprel ayının 20-nə kimi qaytarmağa söz verir, əgər həmin müddətdə qalan borcu qaytarmazsa, əvəzində girov qoyduğu avtomobili razılıq əsasında İddiaçı satmağa dair öhdəlik götürür. Cavabdeh öhdəsinə götürdüyü müddətdən xeyli vaxt keçməsinə baxmayaraq həmin borcdan qalan 16000 manatı (on altı min) hələ də, qaytarılmayıb. Dəfələrlə verdiyi pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə qalan borcunu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ona çox böyük zərər vurur.

8. Həmçinin, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat (on beş min) məbləğin və tərəfindən ödənilmiş 135 manat (yüz otuz beş) dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh 15000 manat (on beş min) nağd formada pul verib. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. Cavabdeh həmin məbləği 2 ay ərzində qaytarmağa söz verib. Cavabdeh həmin məbləği aldığını onun həyat yoldaşı X10 da həmin qəbzə imza ataraq təsdiq etmişdir. Cavabdeh öhdəsinə götürdüyü müddətdən artıq keçməsinə baxmayaraq həmin məbləği hələ də, qaytarılmayıb. Dəfələrlə verdiyi pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə 15000 manat (on beş min) borcunu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ona çox böyük zərər vurur.

10. Məhkəmənin 2(007)-1794/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)- 1794/2023 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)-1751/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi, bir icraatda birləşdirilmiş 2(007)-1751/2023 saylı mülki iş saxlanılmaqla 2(007)-1794/2023 saylı mülki işinin icraatına xitam verilməsi qərara alınmışdır.

11. Cavabdeh hər iki iddia üzrə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddialar əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı Lombard işlədir və faizlə vətəndaşlara pul verir. Onun pula ehtiyacı olduğu üçün 2022-ci ilin iyul ayında İddiaçı müraciət edib ki, ona 15000 manat pul versin. Lakin İddiaçı həmin pul müqabilində özünün mülkiyyətində olan “BMW” markalı, ** SL *** dövlət nömrə nişanlı avtomaşını onun mülkiyyətinə keçirilməsini tələb edib və avtomaşını iddiaçının adına keçirdikdən sonra həmin məbləği ona verib. Pulu verərkən aralarında razılıq olub ki, pul tam geri qaytarıldıqdan sonra avtomaşın ona geri qaytarılacaqdır. Sonra isə yenə də ona pul lazım olduğu üçün o, həyat yoldaşının 6000 manat dəyərində olan qızıl-zinyət əşyalarını iddiaçıya verib, o, isə müqabilində ona faizlə 2600 manat pul verib. Yenə də aralarında razılığa gəlib ki, pul faizlə tam ödədikdən sonra qızıl-zinyət əşyaları ona geri qaytaracaq. O, mütəmadi olaraq iddiaçıya pulu qaytarırdı və bu günə kimi iddiaçıya 8355 manat pul geri qaytarıb. Pulun geri qaytarılmasını müxtəlif vaxtlarda məhkəməyə təqdim etdiyi qəbzlər də təsdiq edir. Lakin gəliri az olduğu üçün axır vaxtlar pulu ödəyə bilməyib. Pulu ödəyə bilmədiyi üçün İddiaçı müraciət edib ki, avtomaşınını geri qaytarsın ki, avtomaşını satıb borcunu bağlasın. Nəticədə isə iddiaçı ona qarşı müxtəlif məbləğdə pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırıb. Nəzərə çatdırır ki, o, İddiaçı cəmi 17600 manat pul alıb. Həmin pul müqabilində iddiaçı ondan avtomaşın və qızıl-zinyət əşyaları alıb. Onun qeyd etdiyi 2(007)-1751/2023 saylı iddia ərizəsində 16000 manat və 2(007)- 1794/2023 saylı iddia ərizəsində qeyd etdiyi 15000 manat ilə razı deyil. İkinci dəfə o, iddiaçıdan 2600 manat pul alıb. Həmin pullardan 8355 manatını qaytarıb. İddiaçı məhkəməni yanlış istiqamətə yönəldərək məhkəməyə müxtəlif qəbzlər təqdim edərək, aldadaraq varlanmaq niyyətindədir. Belə ki, o, hər dəfə verdiyi pulların üstünə faiz gələrək ümumi məbləğdə ona qəbzlərə imza atdırıb. İddiaçı onun avtomaşınını və qızıllarını alaraq həm də ondan pul tələb edir. O, iddiaçıya təklif etmişdir ki, qızılı və avtomaşınını qaytarsın, satıb borcunu qaytarsın. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-102/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) ilki və digər iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı 2 dəfə Cavabdeh borc pul verməsinə və cavabdehin yazdığı qəbzdə öz xətti ilə borc aldığını etiraf etməsinə və həmin borcların qaytarılması barədə götürdüyü öhdəliyi yerinə yetirməməsinə baxmayaraq, verilən sifarişi qanunlardan üstün tutan və özhakim andını unudan Nizami rayon Məhkəməsininhaklim Qumri Əliyeva bu müqavilələr üzrə tərəflər arasında yaranan hüquqi münasibətlərə düzgün qiymət verməmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər (bəhanələr) həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə əsassızdır Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. (Qəsdən icra etmək istəməmişdir) Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Bakı şəhəri Nizami rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və digər iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və digər iddia üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.

21. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

27. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

29. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

30. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-102/2024 nömrəli 01 mart 2024-cü il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 16000 manat (on altı min) məbləğində pul alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

42. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

43. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin ardıcıl şəkildə əsaslandırılması üçün hesab edir ki, ilk öncə ikinci iddia üzrə, yəni cavabdehdən tələb olunan 15000 manat tələbə qiymət verilməlidir.

44. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 4900 USD (dollar) və 6670 AZN (manat) xx.xx.2022-ci il tarixdə X3 götürüb. Həmin tarixdə cavabdeh “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili fərdi sahibkar X15 məxsus Lombard şirkətində girova qoyub. Həmin vaxt avtomobil cavabdehin mülkiyyətində olmasa da, etibarnamə ilə onun istifadəsində olub.

45. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi icraatı zamanı cavabdeh göstərilən halları təsdiq edərək, avtomobilini girova qoymaqla 15000 manat pul götürməsini təsdiq etmişdir.

46. Birinci instansiya məhkəməsində iştirak etmiş X18 qeyd etmişdir ki, həmin pul ona, yəni rəhbəri olduğu lombard şirkətinə məxsus olub. İddiaçı isə həmin lombard şirkətinin işçisi olub, həmçinin o, əsgərliyə getdiyi üçün iddiaçıya etibarnamə vermişdir ki, işləri onun səlahiyyətli nümayəndəsi kimi həll etsin.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddia ilə bağlı qeyd edir ki, ilk öncə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələri araşdırılmalıdır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

49. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

50. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

51. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisələndirilən 15000 manat məbləğində pul iddiaçıya məxsus olmamaqla, iddiaçının işlədiyi, onun oğluna, yəni X15 məxsus olan lombard şirkətinin vəsaiti olub. Nəticədə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir.

52. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Nəticə etibarı ilə iddiaçının 15000 manat pulla bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz.

53. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi “cavabdehdən 15000 manat pulun tutulması” hissəsində təmin edilməməlidir.

54. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “cavabdehdən 15000 manat pulun tutulmasının” rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmiş olsa da ilkin iddia tələbinə, yəni “16000 manat pulun tutulması”na münasibətdə səhv nəticəyə gəlmişdir.

55. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ümumiyyətlə cavabdehə 20000 manat borc pul verilməyib. Həmin pulun verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməyib.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.

57. Prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı iddia etdiyi 16000 manat borcunun cavabdehə verilməsini, cavabdeh isə həmin məbləğin qaytarıldığını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir.

58. Hazırkı işin hallarından görünür ki, iddiaçı iddia tələbində cavabdehə 20000 manat borc pul verdiyini, həmin puldan 4000 manat qaytarıldığını və cavabdehin 16000 manat pulu 2022-ci ilin aprel ayının 20-nə kimi qaytarmaqla bağlı öhdəlik götürdüyünü qeyd etmişdir. Məhkəməyə sübut kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbzi təqdim etmişdir. Cavabdeh isə həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manat borcun faizi borcu olduğunu qeyd etmişdir.

59. İş materiallarına əlavə edilmiş qəbzin cavabdeh tərəfindən yazılması və imza edilməsi işin mübahisəsiz halıdır. Bu halı cavabdeh qəbul edir. Lakin həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu qeyd edir.

60. xx.xx.2022-ci ildə Cavabdeh özünün yazdığı qəbzdə qeyd edir ki. həmin məbləğdən 4000 manatını (dörd min) qaytarır, qalan 16000 manat (on altı min) məbləği isə 2022-ci ilin aprel ayının 20-nə kimi qayatarmağa söz verir, əgər həmin müddətdə qalan borcu qaytarmazsa, əvəzində girov quyduğu avtomobili razılıq əsasında İddiaçı satmağa dair öhdəlik götürür.

61. Göründüyü kimi, iddiaçının cavabdehə 20000 min manat pul verdiyi, həmin borcdan 4000 manatının cavabdeh tərəfindən qaytarıldığı, cavabdehin 16000 manat (on altı min) borc məbləğinin qalması sübut olunur.

62. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəf qeyd olunan qəbzin mövcudluğunu qəbul etsə də, həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manat borcun faizi borcu olduğunu qeyd edir. Qanunvericiliyin tələbinə əsasən artıq qeyd edilən halı, sübut etmə vəzifəsi hazırkı halda məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə qeyd etdiyi halı təsdiq edəcək hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.

63. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı Cavabdeh 16000 manat borcu tələb etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, Cavabdeh 16000 manat (on altı min) məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

64. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ilkin iddia tələbinin verilməsi üçün 138 manat və apellyasiya şikayətinin verilməsi üçün isə 136,50 manat dövlət rüsumu ödənilmişdir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, hazırkı halda ilkin iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan ilkin iddianın verilməsi üçün ödənilmiş 138 və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 manat, ümumilikdə 207 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı veriməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin və digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-102/2024 nömrəli 01 mart 2024cü il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 16000 manat (on altı min) məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 207 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar