Məhkəmə qərarları › İş №2(103)-3377/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3377/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3377/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1869/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı- Xətai Rayon Məhkəməsinin 2(011)-3602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişərək xx.xx.2011-ci ıl təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Xətai Rayon Məhkəməsinin 2(011)- 617/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 24 05.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 154 manat məbləğində sabit pul şəklində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında iddiaçının bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini iddiaçı ilə yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasıya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da sessiyada iştirak etməmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1869/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia təmin edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh hazırda işləmir, hazırda övladına 154 manat aliment ödəyir, eyni zamanda digər nikahdan olan iki uşağına isə 340 manat aliment ödəyir. İddiaçı cavabdehin başqa gəlirləri olması barədə gəlirləri məhkəməyə sübut təqdim etməlidir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, Məhkəmə dövlət rüsumunu düzgün hesablamayaraq ondan 46.40 manat tutulmasını qət etsə də, iddiaçı aliment məbləğinin 154 manatdan 220 manata artırılmasını istəmişdir, belə olan halda illik məcmu 220-dən 154 tutulmaqla müəyyən edilməli və dövlət rüsumu 30 manat məbləğində tutulmalı idi. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. İddiaçının nümayəndəsi Q.Sevdimalıyeva bildirdi ki, cavabdeh heç əvvəlki alimenti də artıq 1 il 7 aydır ki, ödəmir, icra məmuru bununla bağlı bildirib ki, onun ölkəyə giriş-çıxışına qadağa qoyulub, ancaq cavabdeh onsuz da Rusiyada yaşayır və işləyir və ölkə ərazisinə gəlmir. Onun ikinci nikahından iki uşağı var, ikinci yoldaşından da ayrılıb, amma o uşaqları üçün aliment ödəyir. Q.Sevdimalıyeva eyni zamanda bildirir ki, qızı hazırda Asan Xidmət-də operator kimi çalışır və əmək haqqı 615 manatdır, özü isə işləmir, bu səbəbdən maddi baxımdan ehtiyacları qarşılaya bilmir.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-617/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, 24 05.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur .

10. 09.01.2023-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

11. 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.

12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

14. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur;

15. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalı, qətnamə yalnız cavabdehdən tutulan 46.40 manat dövlət rüsumu hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı dövlət rüsumu 30 manat müəyyən edilməlidir.

35. Cavabdeh tərəfindən təqdim olunan apellyasiya şikayətindən görünür ki, cavabdehin əsas dəlili onun işləməməsi və digər nikahdan olan uşaqlarına da aliment ödəməsi səbəbindən hazırkı müəyyən olunmuş alimenti ödəmək üçün maddi imkanının olmaması, həmçinin dövlət rüsumunun məbləği ilə bağlıdır.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə bildirir ki, rayon məhkəməsinin qətnaməsi bu hissədə əsaslı və qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-3602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağa görə 154 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.

38. Valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

40. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

41. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

42. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

43. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.

44. Beləliklə, qətnamə mahiyyətinə dair hissədə əsaslı olduğundan apellyasiya şikayəti həmin hissədə əsassızdır, təmin edilməməlidir.

45. Cavabdeh apellyasiya şikayətində məhkəmə xərclərinə dair hissəni də münahisələndirmişdir.

46. Kollegiya hesab edir ki, rayon məhkəməsi məhkəmə xərcinin hesablanması hissədə səhvə yol vermişdir, bu hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, əvvəl müəyyən olunmuş aliment məbləği 154 manat, artırılma tələb edilən məbləğ isə 220 manat olduğundan, rüsumun müəyyən edilməsi üçün illik məbləğ 220 manatdan 154 manat çıxılmaqla (artırılan hissə) hesablanmalıdır, bu da 852 manata ( 220-154= 76; 76*12= 852 manat) bərabərdir.

47. “Dövlət Rüsumu haqqında” AR Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia tələbi 1000 manata qədər olduqda dövlət rüsumu 30 manat təşkil edir. Rayon məhkəməsi illik məbləği 220 manatla hesabladığından dövlət rüsumunu 46.40 manat müəyyən etmişdir.

48. Beləliklə, cavabdehin apellyasiya şikayəti qətnamənin mahiyyətinə dair hissədə əsassızdır, həmin hissədə təmin edilməməli, qətnamə mahiyyətinə dair əsas hissədə dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti qismən, məhkəmə xərcləri hissədə təmin edilməli, qətnamə məhkəmə xərcləri hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı dövlət rüsumu 46,40 manat yox, 30 manat kimi müəyyən edilməlidir. Nəticə:

49. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qətnamənin mahiyyətinə dair hissədə əsassızdır, həmin hissədə təmin edilməməli, qətnamə mahiyyətinə dair əsas hissədə dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti qismən, məhkəmə xərcləri hissədə təmin edilməli, qətnamə məhkəmə xərcləri hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı dövlət rüsumu 46,40 manat yox, 30 manat kimi müəyyən edilməlidir.

50. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).

51. Beləliklə müəyyən olunur ki, (220-154=76; 76*12=852 manat) mübahisələndirilən hissədə iddianın qiyməti 852 manat təşkil etdiyindən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən (məhkəmə xərcləri hisədə) təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1869/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən əsas hissədə dəyişdirilmədən saxlanılsın. Həmin qətnamə məhkəmə xərcləri hissədə dəyişdirilsin, Cavabdeh tutulmalı dövlət rüsumu 30 (otuz) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar