Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3377/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (maddi ziyanın ödənilməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ( maddi ziyanın ödənilməsi) tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 358/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsveçrə cinsli, diri çəkisi 350-400 kq, bir həftəyə doğmalı olan 1 baş boğaz inək – qiyməti 3500 manat, 1 ədəd “Buryusa” markalı soyuducunun motoru – qiyməti 150 manat, 1 ədəd “LG” markalı 84 ekranlı televizorun ekranı – qiyməti 200 manat, 1 ədəd su qızdırıcısı 100 litrlik “Ariston” – qiyməti 280 manat, 2 ədəd telefon dolduran aparat – hər biri 10 manat olmaqla, cəmi 20 manat, 3 ədəd elektrik avtomatı – hər biri 30 manat olmaqla, cəmi 90 manat, simsiz internet modem, adapter, naqilçəkmə xərci – cəmi 290 manat, 10 ədəd xüsusi elektrik lampaları – cəmi 10 manat, 1 metri 1,5 manat olmaqla 80 metr elektrik naqili – qiyməti 120 manat, tövlənin dam örtüyünün məhv olmuş 35 ədəd şiferi – hər biri 8 manat olmaqla, cəmi 280 manat, ustaya verilən əmək haqqı – 150 manat, elektrik sayğacına ödənilən 80 manat olmaqla, iddiaçının əmlakına vurduğu maddi ziyana görə cəmi 4925 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saat 5 radələrində 10000 kv. elektrik xətti qırılıb iddiaçının evinin işıqlandırılması üçün gedən işıq xəttinin üstünə düşmüş və nəticədə güclü qəza baş vermiş, iddiaçının evində olan bütün elektrik avadanlıqları yanıb sıradan çıxmış, həmçinin, 1 baş boğaz inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə və cavabdehin X4 Şəbəkəsinə müraciət etsə də, heç bir nəticəsi olmamış, onun müraciətinə cavab belə verilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-358/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2750 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 39 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 56 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən, qalan 44 manat hissəsinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 1096, 1097.1, 1108, 1115; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” 1.2.1-ci bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 10.17, 10.18.1-10.18.2, 10.18.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1- 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edlmişdir ki, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Hacılar kəndində cavabdeh "xxxx" ASC-yə məxsus olan 10000 kV-luq elektrik xəttinin İddiaçı məxsus yaşayış evinin üzərindən keçən xəttin üzərinə düşməsi nəticəsində ümumi dəyəri 2500- 3000 manat təşkil edən şvis cinsli inəyi elektrik cərəyanı vurmuş və heyvan tələf olmuşdur. Heyvana baxış keçirən baytar (tibbi təhsilinin olmasını təsdiq edən diplom iş materiallarına əlavə edilmişdir) tərəfindən onun elektrik cərəyanı vurması səbəbindən ölməsi faktı müəyyən edilmiş və bu barədə kənd nümayəndəliyi, bələdiyyə, baytar və kənd sakinləri tərəfindən akt tərtib edilmişdir. Hazırda iddiaçı ona məxsus inəyin ölməsi və elektriklə işləyən bir sıra avadanlıqların, tikinti materiallarının yanaraq sıradan çıxması səbəbindən dəymiş maddi ziyana görə cavabdehin məsuliyyət daşıdığını bildirərək, cəmi 4925 manat pulun cavabdehdən tutulmasını; cavabdeh isə bu işdə təqsirinin sübuta yetirilməməsini, heyvanın yarma protokolunun və utilizasiya aktının olmadığını mübahisələndirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddiaçı tələf olmuş heyvanın əvəzinə 3500 manat tələb etsə də, onun özü tərəfindən məhkəməyə təqdim edilmiş “X7” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində heyvanın dəyərinin 3200 manat olması qeyd edilmiş, məhkəmə araşdırmaları zamanı inəyin qiymətini obyektiv müəyyən etmək məqsədilə bu məsələyə dair məhkəmə sorğusu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025ci il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov tərəfindən tərtib edilmiş mütəxəssis rəyində ölmüş heyvanın şvis cinsinə mənsub olması, aparılan şifahi sorğulara əsasən bu cinsdən olan inəklərin bazar qiymətinin hal-hazırda 2500- 3000 manat təşkil etməsi göstərilmişdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində elektrik avadanlıqlarının və tikinti materiallarının qiyməti yazılsa da, həmin avadanlıqların sıradan çıxmasının və tikinti materiallarının yanaraq məhv olmasının məhz bu hadisənin nəticəsi olması, bunlar arasında səbəbli əlaqənin olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı yanğının kiçik həcmli olması səbəbindən özlərinin söndürdüyünü, buna görə də Fövqəladə Hallar Nazirliyinə müraciət etmədiyini bildirmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəzaların qeydiyyat jurnalından çıxarışdan isə həmin tarixdə belə bir qəzanın olması qeydə alınmaması müəyyən edilmişdir. İnəyin ölüm səbəbinin məhz onu elektrik cərəyanı vurmaq olması hadisədən dərhal sonra tibbi təhsilə malik olan baytar – xüsusi biliyə malik mütəxəssis tərəfindən müəyyən edilmiş, lakin avadanlıqların sıradan çıxmasının, şifer və naqillərin yanmasının səbəbləri iddiaçının səhlənkarlığına görə vaxtında müəyyən edilməmiş, o, hadisə barədə müvafiq orqanlara, o cümlədən cavabdehə dərhal məlumat verməmiş, habelə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində bu məsələyə cavab alına bilməmişdir. Bir sözlə, sübutetmə yükünü daşıyan iddiaçı hadisələr arasında səbəbli əlaqənin olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sübutetmə ilə bağlı bu vəzifəsini yerinə yetirməmişdir. Elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan elektrik enerjisi xəttinin səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb qismən təmin edilməlidir. Belə ki, cavabdehin sahibliyində olan yüksək təhlükə mənbəyinin iddiaçıya ziyan vurması iş materialları (xüsusi biliyə malik olan baytar tərəfindən tərtib edilmiş akt, həmçinin, digər aktlar, arayışlar və s.) ilə öz təsdiqini tapsa da, cavabdeh iddia tələbinə etirazının əsaslarını təşkil edən dəlilləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və onun etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. İddiaçıdan inəyin yarma protokolu, utilizasiya aktının və s. bu kimi digər sənədlərin tələb edilməsi və məhz həmin sənədlərin olmamasına görə iddianın rədd edilməsi ədalətli nəticə sayılmamalıdır. Çünki belə bir hadisə zamanı baytarın sənədləşməni düzgün yerinə yetirməməsi iddiaçının inəyinin ölümünün elektrik cərəyanı vurması hadisəsinin nəticəsi olması halını dəyişdirmir. Sənədləşmənin qaydasını bilməli və bunu düzgün təşkil etməli olan şəxs baytardır, kənd təsərrüfatı ilə məşğul olan hazırkı iş üzrə iddiaçı yalnız inəyinin ölümü ilə bağlı baytar dəvət edib ondan səbəbini öyrənmək istəmiş və baytar da ona səbəbinin elektrik cərəyanı olması ilə bağlı akt tərtib edib vermişdir. Bu halda, iddiaçı bilə bilməzdi ki, baytar tərəfindən ona yarma protokolu və utilizasiya aktı da tərtib edilib verilməli idi. Məhz bunu bilməyə borclu olmayan və bilməyən zərərçəkmiş iddiaçının iddiasının bu səbəbdən təmin edilməməsi məhkəmənin qənaətinə görə məsələyə formal yanaşma və iddiaçının pozulmuş hüququnun müəyyən edilməsi, lakin bərpa edilməməsi ilə nəticələnəcəkdir. Buna görə də məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. İddiaçının inəyin ölümü ilə bağlı dəymiş ziyanın məbləğinə dair təqdim etdiyi sübutu – müraciət əsasında özəl qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş mütəxəssis rəyini məhkəmənin sorğusuna cavab olaraq bu sahədə dövlət siyasətini və tənzimləməni həyata keçirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müqayisəli şəkildə araşdıraraq, iddiaçının müraciəti əsasında mütəxəssis rəyini tərtib edən şirkətin bu fəaliyyəti həyata keçirmə ilə bağlı şəhadətnaməsi, rəy verən mütəxəssisin səlahiyyətli olmasına dair heç bir sənəd təqdim edilmədiyindən, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bitərəf olması və işdə (işin nəticəsində) heç bir marağının olmaması mübahisəsiz olduğundan, məhz Nazirlik tərəfindən təqdim edilmiş mütəxəssis rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Həmin rəy əsasında isə iddiaçıya məxsus heyvanın ölümü nəticəsində iddiaçıya dəymiş maddi ziyanın ümumi məbləğinin 2750 manat (həmin heyvanın 2500-3000 manat məbləğində qiymətləndirilməsi nəzərə alındıqda, orta hesabla) təşkil etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2750 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddianın təmin edilməyən hissəsi (elektrik avadanlıqları, şifer, naqil və s.) ilə əlaqədar isə qeyd edilməlidir ki, təqdim edilmiş foto və videogörüntülərdən tələbdə göstərilən digər avadanlıqların sıradan çıxması müəyyən edilsə də, bunun məhz həmin gün baş vermiş hadisənin nəticəsi olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz iddiasının və etirazlarının əsasları kimi istinad etdiyi fakt və halları sübut etmə vəzifəsi daşıdığından, bu faktı sübut etmək vəzifəsi iddiaçının üzərində olmuş, iddiaçı isə bununla bağlı yalnız foto və videogörüntüləri məhkəməyə təqdim etmişdir. İddia tələbinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məsələ ilə bağlı ekspertiza təyin edilsə də, təqdim edilmiş ekspert rəyində tələbin bu hissəsini əsaslı hesab etmək üçün heç bir hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, tələbin digər hissəsi ilə bağlı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yeganə sübut foto və videogörüntülər olmuşdur, hansı ki, həmin görüntülər bütün digər sübutlarla yanaşı qiymətləndirildikdə iddianın təmin edilməsinə əsas verən sübut sayıla bilməz. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, elektrik avadanlıqları və tikinti materiallarının məhv olması ilə bağlı iddiaçıya dəymiş zərərlə onun hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, tələbin bu hissəsi ilə bağlı işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı məlum olur. Qeyd olunanlara əsasən, tələb qalan hissədə əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir.mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2750 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 39 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 56 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, qalan 44 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 3.İşin icraatı zamanı müəyyən edilən hallar: Hacılar kənd icra nümayəndəsi, kənd bələdiyyəsi, özəl fərdi baytar həkimi X8, 3 nəfər Hacılar kənd sakini və iddiaçının iştirakları ilə tərtib edilmiş xx.xx.2024- cü il tarixli aktdan görünür ki, həmin tarixdə gecə saat təxminən 5 radələrində 10 min kv. elektrik xətti qırılması nəticəsində Hacılar kənd sakinləri İddiaçı və Tağıyev Əlvanın yaşayış evlərinin işıqlandırılması üçün gedən işıq xəttinin üstünə düşmüşdür və nəticədə İddiaçı məxsus elektrik avadanlıqları yanaraq sıradan çıxmış və 1 baş inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür ;- Fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 1 baş heyvanı elektrik vurması nəticəsində tələf olmuşdur. Heyvana baxış keçirmiş, həqiqətən, onu elektrik cərəyanı vurmuşdur və heyvan aparılıb basdırılmışdır ;- xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir ;- Ağcabədi Rayon İcra Hakimiyyəti Hacılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli məktubundan görünür ki, İddiaçı evinə gedən elektrik xəttinə xx.xx.2024-cü il tarixdə 10 kv. elektrik xəttinin qırılıb düşməsi ilə bağlı öz ərizəsi ilə müraciət etmişdir. Nümayəndəlik həmin gün hadisə yerinə baxış keçirmiş, yerindəcə "xxxx" ASC-nin Ağcabədi rayon Elektrik Şəbəkəsinə məlumat vermişlər. Hadisə yerində 1 baş inəyin öldüyünü və evində elektrik avadanlıqlarının istifadəyə yararsız olduğunu görmüşlər. Nümayəndəlik, kənd bələdiyyəsi və bir qrup kənd sakinlərinin iştirakı ilə həmin tarixdə aktı tərtib etmiş, öz imzaları ilə təsdiq etmişlər. Məktuba iddiaçının izahatı, ərizəsi və sözügedən akt əlavə edilmişdir ;- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8217 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış zamanı Ağcabədi rayonu, Hacılar kəndində İddiaçı məxsus olan evə çəkilmiş elektrik xəttinin üzərindən 10 kV-luq hava elektrik xətlərinin keçməsi müəyyən olundu. Hava elektrik xətlərinin texniki pasportları təqdim olunmadığı üçün sualın digər hissəsində göstərilən məsələlərin həlli mümkün olmadı. Qəzaların qeydiyyat jurnalına əsasən hava xəttində qəza halının yaranmasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyi (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspert yoxdur) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığından qərardadın 3-cü sualının birinci hissəsi üzrə tədqiqat aparılaraq nəticə verilməsi mümkün deyil. Həmin məsələ araşdırmalarla məhkəmə tərəfindən həlll edilə bilər. Məhkəmə tərəfindən hadisənin konkret baş vermə səbəb və şəraiti müəyyən edildikdən sonra, qərardadın 4-cü sualı üzrə tədqiqat aparılaraq nəticə verilə bilər . Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir ;- İddiaçının müraciəti əsasında “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iri buynuzlu mal-qara, İsveçrə cinsli, diri çəkisi 350-400 kq, 1 baş inəyin qiyməti 3.200 manat, 1 ədəd “Buryusa” markalı soyuducunun motorunun qiyməti 150 manat, 1 ədəd “LG” markalı 84 ekranlı televizorun ekranının qiyməti 200 manat, 1 ədəd su qızdırıcısı 100 litrlik “Ariston”un qiyməti 280 manat, 2 ədəd telefon dolduran aparatın hər biri 10 manat olmaqla, cəmi 20 manat, 3 ədəd elektrik avtomatının hər biri 30 manat olmaqla, cəmi 90 manat, simsiz internet modem, adapter, naqilçəkmə 1 dəstinin qiyməti 290 manat, 10 ədəd elektrik lampalarının hər biri 1 manat olmaqla, cəmi 10 manat, 1 metri 1,5 manat olan 80 metr elektrik naqilinin qiyməti 120 manat, dam örtüyünün 35 ədəd şiferinin hər biri 8 manat olmaqla, cəmi 280 manat – ümumilikdə dəymiş ziyan 4.640 manat təşkil edir ;- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, təqdim edilən şəkil və videodan məlum olur ki, ölmüş heyvan şvis cinsinə mənsubdur. Aparılan şifahi sorğulara əsasən bu cinsdən olan inəklərin bazar qiyməti hal-hazırda 2500-3000 manat təşkil edir. İnəyin ölüm səbəbinin şəkil və ya video əsasında təyin edilməsi mümkün deyildir ;- İş materiallarına, həmçinin, baytarın tibbi təhsilini təsdiq edən diplom, xx.xx.2024-cü il tarixli başqa akt, qəzaların qeydiyyat jurnalından çıxarış, maddi ziyanın ödənilməsinə göstəriş verilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizə, iddiaçının yaşayış yeri barədə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 144 nömrəli arayış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin iddiaçıya məxsus həyətyanı sahədə baş vermiş yanğın hadisəsi ilə əlaqədar məlumat daxil olmaması və material üzrə araşdırma aparılmaması barədə xx.xx.2024-cü il tarixli məktubu, Ağcabədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktubları, Ağcabədi rayon prokurorluğunun araşdırma aparılmaması ilə bağlı xx.xx.2024-cü il tarixli məktubu, foto və videoların olduğu 1 ədəd disk, fotoşəkillər də əlavə edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)- 358/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən- iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsini və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Məhkəmə AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Məhkəmənin inəyin ölümü ilə bağlı əsaslandığı sübutlar (xüsusi biliyə malik olan baytar tərəfindən tərtib edilmiş akt, həmçinin digər aktlar, arayışlar və s.) kifayətedici deyildir. Göründüyü kimi bu sənədlər arasında heyvan ölümü hallarında əhəmiyyət daşıyan və əsas sübutedici sənədlərdən biri olan yarma protokolu yoxdur və məhkəmə tərəfindən də iddiaçıdan tələb edilməmişdir. Digər tərəfdən AR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisinin rəyində də inəyin ölüm səbəbinin elektrik cərəyanı olması öz təsdiqini tapmamışdır . Hazırki iş üzrə, məhkəmənin sübut qismində qəbul etdiyi Əliyev R., Hüsüyeva N., Qasımov C., İddiaçı, Abbasov S. və digərləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktlar hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Digər tərəfdən özəl baytar həkimi Qasımov Camal tərəfindən verilən inəyin elektrik cərəyanı nəticəsində öldüyünü təsdiqləyən əlyazma şəklindəki arayış səthi olmaqla yanaşı detallı və izahedici deyildir, bu səbəbdən də yetərli sayılmamalıdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb-aparılmaması, heyvanların laboratariyada araşdırılması üçün daxili orqanalarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, yarma protokolunun tərtib edilmədiyini, bu kimi işlərdə isə ən vacib sübutun yarma protokolu olduğunu, məhkəmənin sadəcə olaraq bir akt və arayışa əsaslanaraq iddianı qismən təmin etdiyini, halbuki həmin akta qol çəkən şəxslərin hadisə baş verən zaman orada olmadıqlarını, sonradan oraya gədiklərini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, baytar tərəfindən ona heyvanların elektrik vurması nəticəsində tələf olduğu hallarda yarma protokolunun tərtib olunmasına ehtiyac olmadıının bildirildiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur 9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883, 884, 885, 922-927, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216- 220, 227, 385-390-cı maddələrinə istinadən təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, göstərilmiş nəticələr işin hallarına uyğun gəlmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili baytar tərəfindən heyvanın tələf olması ilə bağlı yarma protokolunun tərtib edilməməsindən ibarət olmuşdur. Kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə heyvan başqa bir xəstəliyinin olması ilə əlaqədar deyil, məhz elektrik vurulması nəticəsində tələf olmuşdur. Bu səbəbdən də heyvanın yarılmasına ehtiyaca duyulmamışdır. Digər tərəfdən də heyvan tələf olduqdan dərhal sonra akt və arayış tərtib edilmiş və baytar həkimidə təsdiq edir ki, heyvan elektrik vurması nəticəsində tələf olmuşdur. 12.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün əsas olmadığından ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. 13.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-358/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3377/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3377/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver