Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3379/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-6525/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-6525/20) iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2283/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh1 hər ay hər uşaq üçün 152 (yüz əlli iki) manat, cəmi 304 (üç yüz dörd) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunaraq hər uşağa görə hər ay 170 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008- ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 anadan olmuşdur, nikahları 2014-cü il tarixdə pozulmuşdur. Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 103 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq ona ödənilməsi qət edilmişdir, hal-hazırda uşaqların saxlanması üçün daha çox vəsait tələb olunur, həmçinin 2020-ci il üçün uşaqlara görə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir, bu səbəbdən azyaşlı uşaqlarının saxlanılması üçün hər uşağa 170 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, hazırda iddiaçı ilə birgə nikahdan doğulmuş iki uşağın hər birinə görə 117 manat aliment ödəyir, bundan əlavə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsinə əsasən əvvəlki nikahdan olan xx.xx.1998-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi X6 hər ay hər uşağa 70 manat aliment ödəyir. Hazırda xx.xx.1998-ci il təvəllüdlü qızı X9 yetkinlik yaşına çatmışdır, lakin xx.xx.2004-cü il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi X6 hər ay 70 manat aliment ödəyir, həmçinin hazırda “xxxx” MMC-də işləyir və aylıq məvacibi 340.50 manat təşkil edir, səhhətində problemlər var, eyni zamanda azyaşlı uşaqlarının saxlanılması üçün aliment məbləğindən əlavə daha artıq vəsait ödəyir, hazırda hər uşağa 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment ödəmək iqtidarında deyil. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2283/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh1 qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanaması üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız cavabdehin mülahizəsi əsasında, cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədən idianı qismən təmin etmişdir. Cavabdeh alimenti vaxtında ödəmir, o, aylıq məvacibinin 340 manat təşkil etdiyini bildirsə də, bu həqiqətə uyğun deyil. Cavabdeh keçmiş polis işçisidir, təqaüd alır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin cavabdehin yalnız əmək haqqı alması və alimentin qismən artırılması ilə bağlı nəticəsi əsassızdır. Məhkəmə, alimentin yalnız cavabdehin azad olduğu 70 manat miqdarında artırılması barədə nəticəyə gəlsə də, öz gəldiyi nəticəni maddi hüquq normaları ilə əsaslandırmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi yaşayış minimumuna ziddir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 anadan olmuşdur, nikahları 2014-cü il tarixdə pozulmuş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçının tələbi alimentin miqdarının artırılması və həmin məbləğin ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmaqla 170 manat həddində müəyyən olunması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, 76.1.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, cavabdehin əvvəlki nikahdan olan 2 uşaqdan birinə münasibətdə aliment öhdəliyinin aradan qalxması ilə onun ailə və maddi vəziyyətində baş vermiş dəyişik, uşaqların yaş həddi, uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun həddinin əhəmiyyətli dərəcədə artımı nəzərə alınaraq məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin dəyişdirilməsi mümkündür və 2 uşağa görə artırılmış aliment məbləğini cavabdehin əvvəlki nikahdan olan uşağa görə azad olduğu 70 manat miqdarında müəyyən edir. Belə olan halda məhkəmə qətnaməsi ilə müəyyən olunan hər uşağa görə aliment məbləği 152 manat (əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan 117 manat və artırlması nəzərdə tutulan 35 manat) olmaqla, ümumilikdə 304 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı apellyasiya şikayətində cavabdehin əmək haqqının daha yüksək olduğunu və keçmiş polis işçisi kimi təqaüd aldığının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı maddənin məzmununa görə, alimentin dəyişdirilməsi şərti kimi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması nəzərdə tutulmuşdur ki, iddiaçı yuxarıda göstərilənlər (birinci nikahdan olan uşağa görə aliment ödəməkdən azad olunma) istisna olmaqla bununla bağlı başqa heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən xeyrinə aliment ödədiyi övladlarından birinin yetkinlik yaşına çatması, bu səbəbdən də həmin uşağa görə ödədiyi 70 manat alimenti artıq ödəmədiyini əmlak vəziyyətində dəyişdiklik kimi qiymətləndirmiş və hazırki iş üzrə alimentin artırılmasında nəzərə almışdır. İşdə olan sübutlara əsasən cavabdeh “xxxx” MMC-də işləməklə aylıq əmək haqqı 340 manat 50 qəpikdir. Cavabdehin bundan əlavə hər hansı qazancınının olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi, iddiaçının tələbi hər uşağa görə 170 manat, cəmi 340 manat aliment tutulması barədədir. Yəni, tələb qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 117 manat aliment məbləğinin hər uşağa görə 53 manat, cəmi 106 manat artırılmasından ibarətdir. Bu hesabla tələbə görə illik alimentin hər uşağa görə 636 manat, cəmi 1272 manat artırılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3379/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3379/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver