Məhkəmə qərarları › İş №2(103)-338/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-338/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-338/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı BOKT X3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin ləğv edilməsi, borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC (BOKT) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və BOKT arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 BOKT-un xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 93 933,29 ABŞ dolları əsas, 52 702,00 ABŞ dolları hesablanmış faiz, 77 401,03 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 224 036,32 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,30 ABŞ dolları hesablanmış faiz borcu olmaqla cəmi 12 362,84 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin 57 500 manat qiymətləndirilməsi və bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan ümumi sahəsi 62.0 kv.m, yaşayış sahəsi 47.0 kv.m və 15.0 kv.m yardımçı sahədən ibarət 56 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı 3 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, həmin evdən Cavabdeh1 çıxarılması, mənzilin boşaldılması, xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə borcun xx xxxxxx 2015-ci il tarixli nömrəli girov müqaviləsi, xx xxxxxx 2015-ci il tarixli nömrəli girov müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən 01 nömrəli əlavəyə əsasən girova yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki “İddiaçıbank” ASC-nin Yasamal filialından xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsinə əsasən illik 19 faizlə 36 ay müddətinə, evin təmiri məqsədilə 102 700 ABŞ dolları, xx xxxxxx 2015ci il tarixli kredit (borc) müqaviləsinə əsasən illik 36 faizlə 12 ay müddətinə 6000 ABŞ dolları borc almış, borcların təminatı olaraq Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ümumi sahəsi 62.0 kv.m, yaşayış sahəsi 47.0 kv.m və 15.0 kv.m yardımçı sahədən ibarət 56 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3 nömrəli mənzilini xx xxxxx 2014-cü il tarixli ipoteka (girov) müqaviləsi və ona edilən xx xxxxx 2014cü il tarixli 01 nömrəli əlavə ilə yüklü etmişdir. “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-cil il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 saylı 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar və “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 saylı 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar xx xxxxxx 2015-ci il tarixli nömrəli girov müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən 01 nömrəli əlavə ilə yüklü edilmiş, həmin dükanlardakı dövriyyədə olan mallar 100 000 manat qiymətləndirilmişdir. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu ödəyir; 5.5-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə, kreditor faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx xxxx 2017-ci il tarixədək Cavabdeh1 BOKT-a xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 93 933,29 ABŞ dolları əsas, 52 702,00 ABŞ dolları faiz, 77 401,03 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 224 036,32 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,30 ABŞ dolları faiz olmaqla cəmi 12 362,84 ABŞ dolları borcu yaranmışdır. Xəbərdar edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmış, bu səbəblə qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixli kredit müqavilələrinin ləğv olunması, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,3 ABŞ dolları hesablanmış faiz borcu olmaqla cəmi 12 362,84 ABŞ dolları borcun, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93 916,28 ABŞ dolları əsas, 21.759,88 ABŞ dolları hesablanmış faiz, 2000,0 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla cəmi 117 676,16 ABŞ dolları borcun; ümumilikdə cəmi 130 039,0 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85 000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra həmin evin boşaldılması, xx xxxxxx 2015ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli nömrəli kredit (borc) müqavilələri üzrə borcun xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən xx xxxxxx 2015-ci il tarixli 01 nömrəli əlavəyə və xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 nömrəli, 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki mallara; “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-cil il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 nömrəli, 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki 83 000 manat qiymətləndirilmiş mallara yönəldilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 manat pulun Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini işə iştirakları olmadan baxılması, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğlərinin dəqiq hesablanmadığının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər (apellyatorlar) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,3 ABŞ dolları hesablanmış faiz borcu olmaqla cəmi 12 362,84 ABŞ dolları borcun, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93 916,28 ABŞ dolları əsas, 21 759,88 ABŞ dolları hesablanmış faiz, 2000,0 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla cəmi 117 676,16 ABŞ dolları borcun; ümumilikdə cəmi 130 039,0 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85 000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra həmin evin boşaldılması, xx xxxxxx 2015ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli nömrəli kredit (borc) müqavilələri üzrə borcun xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən xx xxxxxx 2015-ci il tarixli 01 nömrəli əlavəyə və xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 nömrəli, 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki mallara; “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-cil il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 nömrəli, 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki 83 000 manat qiymətləndirilmiş mallara yönəldilməsi” hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehlər isə yalnız iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti vermişlər. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6367,3 ABŞ dolları faiz borcunun Cavabdeh1 tutulması” hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin olunmamalı, “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas borcun Cavabdeh1 tutulması” və buna bağlı olaraq “ümumilikdə 130 039,0 ABŞ dolları borcun tutulması” hissələrində dəyişdirilməli, mübahisələndirilən qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsinə əsasən “İddiaçıbank” ASC-nin Yasamal filialı (bank) tərəfindən Cavabdeh1 illik 19 faizlə, 36 ay müddətinə, evin təmiri məqsədilə 102 700 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsinə əsasən illik 36 faizlə, 12 ay müddətinə 6000 ABŞ dolları kredit verilmiş, Cavabdeh1 ödəniş cədvəlinə uyğun hər ay müəyyən məbləğdə pul ödəməyi öhdəsinə götürmüş, hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmiş, kredit öhdəliklərinin təminatı olaraq ona məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli evin 3 otaqlı 3 nömrəli mənzili xx xxxxx 2014-cü il tarixli ipoteka (girov) müqaviləsi və ona edilən xx xxxxx 2014-cü il tarixli 01 nömrəli əlavə ilə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrasının təmini məqsədilə, “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-cil il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 saylı 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar, habelə “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 saylı 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar xx xxxxxx 2015-ci il tarixli nömrəli girov müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən 01 nömrəli əlavə ilə yüklü olunmuş, dükanlardakı dövriyyədə olan mallar 100 000 manat qiymətləndirilmişdir. İddiaçı təşkilat Avaxanın Çobanovanın xx xxxx 2017-ci il tarixədək xx xxxxxx 2015ci il tarixli kredit (borc) müqaviləsi üzrə 93 933,29 ABŞ dolları əsas, 52 702,00 ABŞ dolları faiz, 77 401,03 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 224 036,32 ABŞ dolları borcunun; xx xxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,30 ABŞdolları faiz olmaqla cəmi 12 362,84 ABŞ dolları borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas götürməklə onun xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93 916,28 ABŞ dolları əsas, 21 759,88 ABŞ dolları hesablanmış faiz borcunun yarandığını, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə borcun məbləğinin dəqiqləşdirilməsinin mümkün olmadığını vurğulayaraq müvafiq nəticəyə gəlmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1, yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, həmin kredit müqaviləsi əsasında Cavabdeh1 xx.xx.2017-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kredit 12 ay müddətinə (xx xxxxxx 2016-cı iltarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 36% ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Apellyasiya baxışı zamanı keçirilmiş mühasibatşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan faiz borcu 530,41 ABŞ dolları təşkil etmiş, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən sonra isə o, 923,59 ABŞ dolları ödəniş həyata həyata keçirmişdir. Buna görə də kollegiya hesab edir ki, xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə hesablanmış 530,41 ABŞ dolları faiz borcu borcalanın həmin müqavilə üzrə sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 923,59 ABŞ dollarının 530,41 ABŞ dolları hissəsi faizin ödənilməsinə hesablanaraq faiz borcu sıfırlanmalı), 923,59 ABŞ dollarının qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (923,59 – 530,14 – 5995,54 = 5602,36 ABŞ dolları). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə kollegiyanın qənaətinə görə, xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və borcalanın sonradan həyata keçirdiyi ödəniş əsas götürülməklə, onun həmin müqavilə üzrə hazırda iddiaçı təşkilata yalnız 5602,36 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür. Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqavilə üzrə əsas borcunun məbləğinin 5997,48 ABŞ dolları olması barədə təkrar ekspert rəyində gəlinən nəticə ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə irəli sürülmüş iddia tələbi həcmində işə baxır (MPM-nin 218-ci maddəsi) və iddiaçı bankın həmin müqavilə üzrə əsas borc tələbi 5995,54 ABŞ dolları olduğundan, rəylə gəlinən sözügedən nəticə hazırkı apellyasiya baxışı çərçivəsində hər hansı əhəmiyyət kəsb etmir. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında hesablanmış borc məbləğlərinin düzgün olmadığı barədə apellyatorların dəlilləri isə öz təsdiqini tapmamış, əksinə, təkrar ekspert rəyi ilə həmin məbləğlərin düzgün hesablandığı müəyyənləşdirilmişdir; buna görə də kollegiya, apellyasiya şikayətini müvafiq hissədə əsassız hesab edir. Qətnamənin, “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2000,0 ABŞ dolları dəbbə pulunun (cərimə) Cavabdeh1 tutulması” hissəsi üzrə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı, borcalanın xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93 916,28 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 77 401,02 ABŞ dolları cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 2000 ABŞ dolları həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə məhkəmə cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas mövcud deyildir. Qətnamənin mübahisələndirilən digər hissələri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 297-ci maddəsinə görə isə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması” başlıqlı 34-cü maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, habelə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsiipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İş materiallarından görünür ki, ipoteka və girov qoyanlarla (cavabdehlərlə) bank arasında qanunvericiliyin tələblərinə uyğun olan ipoteka (girov) müqavilələri bağlanmış, borcalan tərəfindən kredit öhdəliyi lazımınca yerinə yetirilmədiyindən ipoteka predmetinə tutma yönəldilməsi proseduru başladılmış, birinci instansiya məhkəməsi də qanunvericiliyin yuxarıda sadalanan müddəlarına əsaslanmaqla müvafiq nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85 000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra həmin evin boşaldılması, xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli nömrəli kredit (borc) müqavilələri üzrə borcun xx xxxxxxxx 2014-cü il tarixli girov müqaviləsinə edilən xx xxxxxx 2015-ci il tarixli 01 nömrəli əlavəyə və xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 nömrəli, 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki mallara; “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-cil il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 nömrəli, 50 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki 83 000 manat qiymətləndirilmiş mallara yönəldilməsi” hissələrində qanuni və əsaslıdır. Məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyinə dair apellyatorların apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından Cavabdeh1 nümayəndəsinin məhkəmə iclaslarında iştirak etdiyi, vəsatətlər verdiyi, qətnamənin də onun iştirakı ilə elan olunduğu aydın olur; Cavabdeh1 ailə üzvü olan digər cavabdehin məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə onlar özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorlara aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6367,3 ABŞ dolları faiz borcunun Cavabdeh1 tutulması” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas borcun Cavabdeh1 tutulması” və buna bağlı olaraq “ümumilikdə 130 039,0 ABŞ dolları borcun tutulması” hissələrində dəyişdirililsin. Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı olan əsas borc 5602,36 (beş min altı yüz iki dollar 36 sent) ABŞ dolları(ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində, ümumilikdə tutulmalı borc isə 123 278,52 (yüz iyirmi üç mün iki yüz yetmiş səkkiz dollar 52 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 170 (yüz yütmiş) manatı Cavabdeh1, 30 (otuz) manatı isə İddiaçı BOKT ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar