Məhkəmə qərarları › İş №2(103)-3381/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3381/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3381/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Mənzil Tikinti Koperativinin nümayəndəsi X3, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi (əri) Seyidov Hicran Kamil oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(001)- 1943/2019 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Koperativi arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14.04.2008-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında kooperativ tərəfindən inşa edilən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan 6 saylı mənzil olmuşdur. Müqaviləyə əsasən payçı 98.530 manat ödəməli idi. 14.08.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh Mənzil Tikinti Koperativinin hesabına ödənilmişdir. İşdə olan, 07.03.2016-cı il tarixli 509 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi (icraçı) ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X7 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 1100 manat olmaqla, cəmi 110000 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. 07.03.2016-cı il tarixli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan mənzil 6 üçün pay dəyəri X7 tərəfindən Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödənilmişdir. İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan, 3 (üç) otaqdan ibarət olan 6 nömrəli mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Koperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 14.04.2008-ci il tarixdə onunla Cavabdeh Mənzil Tikinti Koperativi arasında 55 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2-ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, o, aldığı mənzilin dəyəri 98.530 manat məbləğində pulu Cavabdeh Mənzil Tikinti Koperativinin kassasına tam ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilmişdir. Onun mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmiri işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) manat pulu Cavabdeh Mənzil Tikinti Koperativinə ödəmiş və təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzil daxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsinə tərəfindən ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkilmişdir. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkilmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) məbləğində xərc çəkilmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh Mənzil Tikinti Koperativinin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olmuş, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 (iki) ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Koperativi mənzilini ona təhvil vermirlər. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 (on səkkiz) aya mənzili istismara verməli idi. Lakin 10 (on) ilə yaxın müddətdir ki, Cavabdeh Mənzil Tikinti Koperativi müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(001)- 1943/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Koperativinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-ci il tarixli, 2(103)-9991/19 nömrəli qətnaməsi ilə qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(001)-1943/2019 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(001)-1943/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(001)- 1943/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 152-ci və 385.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 14.04.2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh Mənzil Tikinti Koperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini pozmuşdur, yəni Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməmişdir Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)-1487/20 nömrəli qətnaməsi ilə qətnaməsi ilə Cavabdeh Mənzil Tikinti Koperativinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli 2(005)-4175/2019 saylı qətnaməsi cavabdeh MTK Real MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2(103)- 1487/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil X1 və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar «Bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Kollegiyanın qənaətinə görə X5 məhkəmə iclaslarında iştirakını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X7 ilə müqavilənin 07.03.2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.m artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaçının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçibkeçməməsini də aydınlaşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)- 2918/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının16 fevral 2022-ci il tarixli 2(102)-290/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-2918/21 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh MTK tərəfindən mübahisəli mənzilə dair 14.04.2008-ci il tarixdə İddiaçıla, 07.03.2016-cı il tarixdə isə İlahə Seyidova ilə müqavilələr bağlanmışdır. Hər iki şəxsə mənzilin dəyərinin ödənilməsi haqqında sənəd verilmişdir. Hazırda İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını, mənzilin ona verilməsini cavabdeh MTK-dan tələb edir. Cavabdeh Mənzil Tikinti Koperativi iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə əqd bağlanılsa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. Mübahisəli mənzil MTK tərəfindən İlahə Seyidovaya satılmış və həmin mənzil sonuncu tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. İlahə Seyidova iddia irəli sürməsə də işə cəlb edilmiş, mənzili dəyərini ödəyərək aldığını və təmir etdiyini bildirir, iddianın təmin olunmasına etiraz edir. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İlahə Seyidova vicdanlı əldə edən şəxsdir, mənzil onun tərəfindən təmir olunmuşdur və orada yaşayır. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız sayır ona görə ki, əvvəla daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmazla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 148.2-ci və 149.2-ci maddələri məhz daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əşya hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqlarının müdafiə edildiyini, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlarının saxlanıldığını nəzərdə tutmuşdur (§ 26-28). Hazırkı işdə isə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmamışdır. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14.04.2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir (§ 29- 31). Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (§ 32). İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Hazırda işə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan kollegiya qeyd edir ki, iddiaçının cavabdeh MTK-ya qarşı irəli sürülmüş iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MTK arasında 14.04.2008-ci il tarixdə bağlanmış 55 nömrəli “Yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqaviləyə” əsasən iddiaçı iddia ərizəsində qeyd edilən mənzilin dəyəri olan 98.350 manat məbləğində pulu MTK-ya ödəmək, MTK isə inşa etdiyi binada həmin mənzili tikib iddiaçıya təhvil vermək barədə üzərilərinə öhdəliklər götürmüşlər. İddiaçı qeyd edilən məbləği MTK-ya ödəmiş və bu barədə MTK tərəfindən iddiaçıya 14.08.2008-ci il tarixli "xxxx" verilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən müqavilə üzrə MTK qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Buna baxmayaraq MTK iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və mənzili iddiaçıya təhvil vermir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın iddiaya qarşı etirazı və iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK ilə iddiaçı arasında müqavilə bağlanılsa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilmişdir. MTK, iddiaçıya dəfələrlə müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Əslində isə mübahisəli mənzil MTK tərəfindən X1 və həmin mənzil sonuncu tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilə bilməz. Cavabdeh Mənzil Tikinti Koperativinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi (əri) Seyidov Hicran Kamil oğlu məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, o və arvadı olan İ.Seyidova qeyd edilən mənzili 07.03.2016-cı il tarixdə MTK ilə müqavilə bağlamaqla MTK-dan almışlar. Onlar mənzilin dəyərini MTK-ya ödəmiş, mənzil MTK tərəfindən onlara təhvil verilmiş, onlar mənzili təmir edərək mənzilə köçmüş və hazırda mənzildə yaşayırlar. Onlar vicdanla hərəkət edərək mənzili əldə etmiş və MTK ilə iddiaçının arasındakı problemlərdən xəbərsiz olmuşlar. Odur ki, iddia rədd edilməlidir. Çünki MTK ilə iddiaçı arasında yaranmış mülki mübahisənin həlli onların maraqları hesabına həll edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin materiallarını, tərəflərin izahatlarını araşdırmaqla, kassasiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Koperativi arasında bağlanmış 14.04.2008-ci il tarixli, 55 nömrəli müqavilədən görünür ki, icraçı olan MTK iddia ərizəsində qeyd edilə ünvanda inşa etdiyi binada yerləşən mübahisəli mənzili bina inşa edildikdən sonra payçı olan iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzili qəbul edərək mənzilin hər kv.metri üçün 985,30 manat olmaqla, cəmi 98.350 manat pulu MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. MTK tərəfindən verilmiş 14.08.2008-ci il tarixli "xxxx" görünür ki, həmin məbləğ iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. İş üzrə üçüncü şəxs olan İ.Seyidova ilə MTK arasında bağlanmış 07.03.2016-cı il tarixli, 509 nömrəli müqavilədən görünür ki, icraçı olan MTK iddia ərizəsində qeyd edilə ünvanda inşa etdiyi binada yerləşən və yuxarıda qeyd edilən mənzili bina inşa edildikdən sonra payçı olan İ.Seyidovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edərək mənzilin hər kv.metri üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. MTK tərəfindən verilmiş 07.03.2016-cı il tarixli "xxxx" görünür ki, İ.Seyidova həmin məbləği tam həcmdə MTK-ya ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edən kollegiya məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, mübahisəli mənzil 14.04.2008-ci il tarixdə İddiaçı satılmış, o, müqavilə ilə üzrə düşən öhdəliklərini tam icra etmiş, lakin cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07.03.2016cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən İ.Seyidovaya satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, ha-lhazırda o, mənzildə yaşayır. Kollegiya qeyd edir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İ.Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmin qərarda qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.09.2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə İ.Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Kollegiya hesab edir ki, İddiaçı iş üzrə üçüncü şəxs olan İ.Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. Odur ki, göstərilənləri nəzərə alan kollegiya qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğun hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(001)-1943/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar