Məhkəmə qərarları › İş №2(103)-3384/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3384/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3384/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5815/2018 saylı, 29 noyabr 2018ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq məyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh borclu olduğu 12000 ABŞ dolları məbləğində pulun, bank uçot dərəcəsi nəzərə alınmaqla 2700 ABŞ dolları məbləğində faizin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5815/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12000 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı Allahyerdi oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli 2(001)-5815/2018 saylı qətnaməsini ləvğ edib, onun İddiaçı borclu olmadığı barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli, 2(102)-741/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2019-cu il tarixli, 2(103)-11813/19 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Cavabdeh 12000 ABŞ dolları iddia tələbinə qarşı bir il ərzində 5000 ABŞ dolları ödəməyi öhdəsinə götürür. İddiaçı cavabdehin bir il ərzində 5000 ABŞ dolları ödəmək şərtilə iddiadan imtina etmiş və bu barışıq sazişi ilə razılaşmışdır. Cavabdeh bir il ərzində 5000 (beş min) ABŞ dolları ödəmədikdə məhkəmə qərarı icraya yönələcəkdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 370, 391-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5815/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsiiş üzrə icraata xitam verilməklə ləğv edilsin. İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 1.Cavabdeh 12000 ABŞ dolları iddia tələbinə qarşı bir il ərzində 5000 (beş min) ABŞ dolları (ödəmə günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) ödəməyi öhdəsinə götürür. 2.İddiaçı cavabdehin bir il ərzində 5000 (beş min) ABŞ dolları (ödəmə günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) ödəmək şərtilə iddiadan imtina etmiş və bu barışıq sazişi ilə razılaşmışdır. 3.Cavabdeh bir il ərzində 5000 (beş min) ABŞ dolları (ödəmə günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) ödəmədikdə məhkəmə qərarı icraya yönələcəkdir. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar