Məhkəmə qərarları › İş №2(103)-3384/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3384/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3384/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-617/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh ilə "xxxx" BOKT MMC arasında xx.xx.2022-ci il tarixdə imzalanmış Kredit müqaviləsinin surətindən görünür ki, illik 32 faiz dərəcəsi ilə 24 ay müddətinə 3,430 manat məbləğində kredit verilmişdir.

2. "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə BOKT-a 2257,87 manat məbləğində əsas borc, 284,97 manat məbləğində faiz borcu, 434,84 manat məbləğində cərimə borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2257,87 manat məbləğində əsas borcun, 284,97 manat məbləğində faiz haqqı və 434,84 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2977,68 manat borcun və 50,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə cavab olaraq onunla BOKT arasında xx.xx.2022-ci il tarixli, 36İM saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 3.4-cü bəndlərinə əsasən “İstehlak” məqsədilə borcluya 24 ay müddətinə, illik 32% olmaqla 3430 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə borcdan 1 172.13 manat, kredit faizi üzrə 983.37 AZN, cərimə faizi üzrə 63.58 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 2 257.87 manat əsas borcu, 284,97 manat hesablanmış faiz borcu, 434.84 manat cərimə borcu, cəmi 2 977,68 manat borcu var.

5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-617/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 2257,87 manat məbləğində əsas borc, 284,97 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla cəmi 2592,84 manat pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutulub "xxxx" BOKT MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Cavabdeh ilə "xxxx" BOKT MMC arasında xx.xx.2022-ci il tarixdə imzalanmış Kredit müqaviləsinin surətindən görünür ki, illik 32 faiz dərəcəsi ilə 24 ay müddətinə 3,430 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə BOKT-a 2257,87 manat məbləğində əsas borc, 284,97 manat məbləğində faiz borcu, 434,84 manat məbləğində cərimə borcu vardır. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli kredit müqaviləsində əsasən hesablanmış cərimə borcunun 50 manat məbləğində tutulmasını ağlabatan və mütənasib hesab edir və həmin dəbbə pulu məbləğini tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386, 421.2, 428.4, 442, 445.1, 445.2.1, 449.4, 467-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 220.5, 222.2, 284.5.3-cü və 238-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı BOKT "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-617/2024 saylı qətnaməsinin ləğv edilməsi iddia tələbinin yenidən düzgün hesablanmaqla qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, müştərinin təşkilata ödənilməmiş 2 257.87 AZN məbləğində əsas borcu, 284.97 AZN hesablanmış faiz, 434.84 AZN cərimə faizi, cəmi 2 977.68 AZN məbləğində borcu qalmışdır. Borcun ödənilməməyinə əsası olmayan səbəblər gətirmişdir. İddiaçı tərəf olaraq məhkəməyə bütün sübüt və əsasları təqdim ediblər. Lazım olan sənədlər təqdim olunub. Lakin bütün bunlara baxmayaraq Səbail rayon Məhkəməsində iddiası qismən təmin olunub. Bu səbəbdən də çıxarılmış qətnamədən narazıdırlar. Cavabdeh Yaşar oğlu ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli 36 İM saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən götürdüyü 3430.00 AZN məbləğində əsas borcdan 1 172.13 AZN kredit faizi üzrə 983.37 AZN, cərimə faizi üzrə 63.58 AZN ödəniş etmişdir. Hal-hazırda Cavabdeh Yaşar oğlunun kredit ödənişi üzrə 426 gün gecikmə günü vardır. İşə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbində göstərilən həm əsas borcu, həm faiz borcunu, həm də cərimə borcunu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq dəqiq və hərtərəfli araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, hazırkı iddiasında Cavabdeh ilə "xxxx" BOKT MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2257,87 manat məbləğində əsas borcun, 284,97 manat məbləğində faiz haqqı və 434,84 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

18. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

19. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

20. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas və faiz məbləği ilə bağlı iş materiallarında olan 10/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli maliyyə arayışına istinad edilmişdir.

22. İddiaçının tələb edilən borc məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimənin məbləğinin 50 manat həddində azaldılması ədalətli və qanuni olmuşdur.

24. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

26. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı BOKT "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-617/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanınan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar