Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3386/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(008)-551/2023 nömrəli qətnaməsindən iddiaçı X1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan ******* manat pul vəsaitinin qarşılığında, həmin pul vəsaitinin gecikdirilmiş hər il üçün 5% olmaqla, 4 il üçün ümumilikdə 450000 manat, ödənilmiş 628 manat dövlət rüsumu, vəkil xidmətindən istifadəyə görə 200 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(008)- 551/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. X2 qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron imza ilə imzalanmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)-3386/2023 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.
6. İşə apellyasiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iş materiallarının 27-31-ci səhifələrində olan etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti göstərilməmişdir.
7. İddiaçı tərəfindən nümayəndəyə verilmiş digər etibarnamənin olub – olmamasını müəyyən etmək məqsədilə məhkəmə iclasları təxirə salınaraq işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onların iştirakını təmin etmək mümkün olmamışdır.
8. Bundan başqa işə baxılarkən müəyyən edilmişdir ki, iddianın predmetini 450000 manat məbləğində pul vəsaiti təşkil etdiyindən apellyasiya şikayəti verilərkən 370 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda 314 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər;
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6. Apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarında olan X2 tərəfindən Nümayəndə verilmiş etibarnamədə aşağıdakı səlahiyyətlər göstərilmişdir: - polis və məhkəmə orqanları daxil olmaqla bütün hökümət orqanları, fiziki və hüquqi şəxslər qarşısında mənim və Airwerk GmbH şirkətinin maraqlarını təmsil etmək; - bütün zəruri sənədlər, müraciət və çıxışları təqdim etmək və imza etmək; - məhkəmə prosesləri zamanı istənilən mülki və ya cinayət işində mənim və şirkətin maraqlarını təmsil etmək; - iddia ərizəsini imza etmək və istənilən fiziki və ya hüquqi şəxsə qarşı istənilən hüquqi tədbiri görmək; - istənilən təşkilatdan bütün zəruri sənəd və kağızları əldə etmək; - ilkin istintaq, məhkəmə prosesi və icra prosesinin istənilən mərhələsində mənim və Airwerk GmbH şirkətinin adından barışıq (hesablaşma) sazişini imza etmək; - icra sənədlərini əldə etmək, təqdim etmək və ləğv etmək; - məhkəmə icraçısının qərar və hərəkətlərinə qarşı şikayət vermək; - yuxarıda qeyd olunan fəaliyyətləri icra etmək üçün hər hansı şəxsi cəlb etmək və ya təyin etmək; - etibar edənin adından borclulardan pul almaq və qaytarmaq.
12. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətlərinin təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməsi imperativ olaraq nəzərdə tutulsa da, bu səlahiyyət etibarnamədə qeyd olunmamışdır.
13. Nümayəndə tərəfindən elektron imza ilə imzalanmış apellyasiya şikayətinə əlavə olunmuş şikayətin skan olunmuş digər nüsxəsində X1 imzası olsa da, məhkəmə kollegiyası hesab edir ki, bu sənəd apellyasiya şikayətinin iddiaçı tərəfindən imzalanması kimi qəbul edilə bilməz. Çünki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin yalnız elektron kabinet və şikayət verən şəxs tərəfindən elektron imza vasitəsilə imzalanmasını nəzərdə tutur. Apellyasiya şikayəti Nümayəndə tərəfindən deyil, X2 tərəfindən verilmişdiir və qanunvericiliyin tələblərinə görə ya onun özü tərəfindən elektron imza vasitəsilə imzalanmalı, hazırkı situasiyada, yəni, nümayəndəsi tərəfindən imzalandığı halda “məhkəmə aktından şikayət verilməsi” səlahiyyəti etibarnamədə xüsusi göstərilməli idi.
14. Bundan başqa, iddianın predmetini 450000 manat məbləğində pul vəsaiti təşkil etdiyindən birinci instansiya məhkəməsində iddia ərizəsi verilərkən 740 manat məbləğində dövlət rüsumu (390 manat + 350 manat) ödənilməli olduğu halda 628 manat, apellyasiya şikayəti verilərkən isə müvafiq olaraq 370 manat dövlət rüsumu ödənilməli olduğu halda 314 manat məbləğində rüsum ödənilmişdir.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən olunduğundan icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı X1 Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(008)-551/2023 nömrəli qətnaməsindən iddiaçı X1 verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)-3386/2023 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev