Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3386/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (direktor) X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlannış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən BOKT borcalana 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit vermişdir. Cavabdeh1 eyni tarixli Zaminlik Müqaviləsi ilə kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıyacağına dair öz üzərinə öhdəlik götürmüşdür. "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə BOKT-a 1924,89 manat məbləğində əsas borc, 35,97 manat məbləğində faiz borcu, 378,34 manat məbləğində cərimə borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1924,89 manat məbləğində əsas borcun, 35,97 manat məbləğində faiz haqqı və 378,34 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2339,20 manat borcun və 43,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 1924,89 manat məbləğində əsas borc, 35,97 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla cəmi 2010,86 manat pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh1 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə əsas və faiz borcu tələb həddində müəyyən etmiş, dəbbə pulunun isə 50 manatadək azaltmışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 428.4, 442, 445.1, 449.4, 467-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv olunmasını xahiş etsə də, o, faktiki olaraq qətnaməni iddianın təmin olunmayan hissəsində, yəni 328,34 manat cərimə borcu tələbinin rədd olunması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi dəbbə borcunu 50 manatadək azaltmaqda haqlı olmuşdur.
18. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Məhkəmə kollegiyası tələb olunan əsas və faiz borcunun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunu 50 manat məbləğində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı BOKT "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 28 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.