Məhkəmə qərarları › İş №2(103)-3389/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3389/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3389/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2611/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 434 nömrəli Kredit müqaviləsi üzrə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 1463,87 ABŞ dolları məbləğində əsas borc, 444,90 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1045,70 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 221,80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3176,27 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Bank müqavilə tələbi üzrə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir (səh.66). Məhkəməyə sübut kimi "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsi (səh.13); "İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2015-ci il tarixli zaminlik müqaviləsi (səh.16); maliyyə arayışı (səh.10); xəbərdarlıq məktubu (səh.8) təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2611/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 434 saylı kredit müqaviləsinə əsasən 1463,87 ABŞ dolları əsas 444,90 dolları faiz, 100 ABŞ dolları cərimə, 221,80 ABŞ dolları 5%-lik cərimə borcu olmaqla, cəmi 2230,57 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumu "İddiaçı” ASC-nin xeyrinə tutulması, qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 467, 472; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "İddiaçı” ASC ilə kredit və zaminlik müqaviləsi bağlayaraq, üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə müştərək qaydada məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci ildə müraciət edilmiş və bununla da müddət ötürülmüşdür. Ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar həmin dövrdə məhkəmələrin və bankların işləməməsi nəzərə alınaraq, müstəsna hal kimi qəbul edilməli və iddiaçı tərəfindən buraxılmış müddət bərpa edilməlidir. Cərimə borcu qismən təmin edilərək 100 ABŞ dolları məbləğində tutulmalıdır. Cavabdeh2 etiraz ərizəsinə uyğun apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci ıl tarixli, 2(005)-2611/2020 saylı qətnaməsi ləğv və iddia müddətinin buraxılması tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1 istinad edərək bildirmişdir ki, xx xxx 2015-ci il tarixli 434 saylı müqavilə üzrə sonuncu ödəniş xx xxxxxxx 2016-cı il tarixdə olmuşdur. Müqavilə üzrə iddia axımının müddəti həmin tarixdən başlamış və xx xxxxxxx 2019-cu il tarixdə bitmişdir. Həmin tarixdən bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Bunu da iddiaçı Bank bilmişdir.Bank bunları bilməsinə baxmayaraq xx xxxxxxx 2019-cu il tarixə qədər məhkəməyə müraciət etməmiş və buraxılmış müddəti Azərbaycan Respublikasında məlum koronovirus “COVİD-19” infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edilməsi barədə müvafiq qərarına və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu tərəfindən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, Azərbaycan Respublikasının bütün məhkəmələrin icraatında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması barədə xx.xx.2020-ci il tarixli 05 saylı qərarı ilə əsaslandırmışdır. Bununla əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarı 2020-ci ilin mart ayında verilmişdir. xx xxxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayına kimi 5 ay müddət keçmişdir. Bank isə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, pulu özünün götürdüyünü, onlara restruktasiyanın təsir altına düşdüyünü bildiriklərini, dekabr ayına kimi bankın ünvanını tapmağa çalışdığını, lakin yerini tapa bilmədiyini, sonradan banka ərizə verdiyini, ona müddəti ötürdüyünü bildirdiklərini, iddiaçıya müqavilə bağlamağı təklif etdiyini, ilk olaraq 1000 manat ödəniş ödəyəcəyini, 2016-cı ildə son dəfə 100 dollar ödədiyini və iddia müddətinin ötürüldüyünü bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək cavabdehlər tərəfindən edilmiş ödənişin silindiyini, 2019-cu ildə X2 Palatasının qərarında 2019-cu ilin dekabr ayına kimi ödənilməsinin qeyd olunduğunu, həmin vaxt İddiaçı ASC-nin baş ofisində yerləşdiklərini, iddia müddətinin xx.xx.2020-ci il tarixdə bitdiyini, həmin vaxt isə onların pandemiya ilə əlaqədar işləmədiklərini, onlara icazənin verilmədiyini, işə çıxan kimi iddia qaldırdıqlarını bildirmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331, 355-357, 367-390, 399, 404, 442, 560, 739, 741, 743, 744, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən, mübahisə edilən hissəyə müvafiq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə buraxılmış müddətin bərpasını üzürlü hesab etməsini ölkədə karantinlə bağlı məhdudiyyətlərlə əsaslandırsada bunu qanunvericiliyin tələbləri (normativ və ya normativ xarakterli aktlar) baxımından təfsir etməmişdir. Halbuki, aşağıda qeyd edilən normativ sənədlərlə (müddəaları ilə) bankların və onun ləğvedicisinin karantin dövründə fəaliyyətinin dayandırılmadığı təsdiq edilir:

1. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin. 2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir. (xx xxxx 2020-ci il № 113 saylı Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı). 4.9.1. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətin davam etdirilməsinə icazə verilir ( xx xxxx 2020-ci il № 120 saylı Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı). Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısının 68-ci bəndində Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə). 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; (x xxxxx 2020-ci il № 124 saylı Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı). Qeyd edilənlərdən əlavə mülki qanunvericiliklə müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının iddia vermə müddətinin bitdiyi tarix xx.xx.2020-ci il tarixdir. İddiaçı müddətin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında üzrlü sayıla bilən halları müzakirəyə təqdim etməmişdir. Yəni qanunvericiliklə müəyyən edilən iddia müddətinin son altı ayı olan müddətin başlanğıcı xx.xx.2019-cu il tarixdən başlamış, ölkədə karantinlə bağlı məhdudiyyət tədbirləri isə 2020-ci ilin mart ayından başlanmış olduğu halda iddiaçı məhdudiyyətlərin tətbiq edildiyi dövrdən öncəki müddətdə iddianın verilməməsi səbəbləri barədə belə sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilən hallar və iddianın ötürülməsinin üzürlü hesab edilərək bərpası üzrə səhv nəticəyə gəlmişdir. Ona görə qətnamə ləğv edilməli, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2611/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar