Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3389/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-393/2023 saylı 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün illik 17% hesablanması şərti ilə 36 ay müddətinə 1500,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, borclu krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Maliyyə arayışına əsasən X2 banka 1299,63 manat əsas borc, 123,68 manat faiz borcu olmaqla, cəmi 1423,31 manat borcu vardır. Sonuncuya kredit borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
3. Ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2022-ci il tarixində tarixdə ölmüşdür.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur. Miras əmlak mərhum X2 1680,21 manat dəfn pulu, 296,24 manat xəstəlik vərəqi, cəmi 1796,45 manat ödənilməmiş pul vəsaitindən ibarətdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 1299.63 manat əsas, 123.68 manat faiz, cəmi 1423.31 manat borcun, ödənilmiş 34.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1500 manat məbləğində kredit verilmiş və bununla bağlı xx.xx.2021 -ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X2 xx.xx.2022-ci il tarixinə əsas borcu 1299.63 manat, faiz borcu 123.68 manat təşkil edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən X2 vəfatından sonra Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq 26 sentyabr 2022-ci il tarixli məktubdan göründüyü kimi, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2023-cü il tarixli 2(003)-393/2023 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) (qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) iddia təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırda mərhum borclunun dəfn xərci olaraq onun vərəsəsi olan həyat yoldaşına (hazırkı iş üzrə cavabdeh) verilmiş pul vəsaitinin ondan tutulmasını xahiş edir. Dəfn pulu sosial sığorta üzrə ödəmələrin bir növüdür və mərhumun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu). Dəfn üçün müavinət almaq hüququ vəfat etmiş şəxsin vərəsəsində yaranır. Dəfn üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.
9. Məhkəmə göstərmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar işin araşdırılması zamanı öz təsdiqini tapmadığından, yəni mərhum borclunun ölümü ilə əlaqədar cavabdehə verilən vəsait onun sağlığında ikən mövcud olan və ona məxsus əmlak (mirası) olmadığından, iddia əsassız hesab edilərək təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 442, 385.1, 1151, 1152, 1306.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
17. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. X1 23 mart 2022-ci il tarixdə ölmüş, hər hansı miras aktivi olmamışdır.
27. Qanunvericiliyin tələbinə əsasən miras kütləsinə şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər daxildir.
28. İddiaçının əsaslandığı odur ki, hazırki iş üzrə cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir və şəhadətnaməyə əsasən sonuncu mərhumun vərəsəsi olmaqla, mərhumun miras əmlakı 1680 manat dəfn pulu, 296,24 manat xəstəlik vərəqi üzrə, cəmi 1796,45 manat olmuşdur.
29. Kollegiya iddiaçının tələbini əsassız hesab edir, qeyd edilən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə göstərilən dəfn pulu, xəstəlik vərəqinə görə verilən pul məbləğinin alınması üçün verilmişdir. Həmin pul məbləğləri mərhumun miras aktivi olmamışdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari sosial sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə xx.xx.2022-ci tarixli qərarında göstərilmişdir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
31. Məhkəmə haqlı olaraq göstərmişdir ki, dəfn üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.
32. Birdəfəlik ödəmələr şəxsin ölümü ilə əlaqədar onun ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
33. Mərhum borclunun ölümü ilə əlaqədar cavabdehə verilən vəsait də onun sağlığında ikən mövcud olan və ona məxsus əmlak (mirası) olmamışdır.
34. Beləliklə, iddiaçının tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-393/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.