Məhkəmə qərarları › İş №2(103)-339/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-339/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-339/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçıun, iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 oğlunun iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 14988.60 (on dörd min doqquz yüz səksən səkkiz manat altmış qəpik) manat maddi zərərin, 200 (iki yüz) AZN, 30(otuz), 44(qırx dörd) AZN və 30(otuz) AZN dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş edərək göstərmişdir ki, avtomobilin mülkiyyətçisi X3 ziyan dəymişdir və mülkiyyətçi etibarnamə ilə avtomobili ona əmanət etmişdir. Məhkəmə faktiki dəymiş ziyanın kimə ödənilməli olduğunu müəyyən etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə (əsl olmayan tərəfin əvəz edilməsi) maddəsinin birinci bəndində deyilir: iddia tələbi hüquqi olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə Məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdeh əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Ancaq məhkəmə iddiaçını əsl iddiaçı ilə əvəz etməmiş birbaşa qətnamə çıxarımşdır. 09 avqust 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh oğlu bildirdi ki, onun atomobili 2019-cu il buraxılışıdır və 500 km. yol gedib. Onun avtomobili 6 avtomobillə toqquşub, amma 2000 manat dəyərində zərər hesablanıb. Qarşı tərəf ancaq qüsur aktına istinad edib, başqa heç bir sübut təqdim etməyib. Avtomobilini versin ona düzəldib qaytarar. İddiaçının avtomobilinə 14988,60 manat zərər dəyə bilməzdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X4 da apellyasiya şikayətini müdafiə edərək, həmçinin yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, avtomobilin mülkiyyətçisi olsa da İddiaçı 18 sentyabr 2028-ci ilədək avtomobilə dair etibarnamə vermişdir. Qarantiya verir ki, Rizvan Səfərov iddia olunan pulu götürdükdən sonra ona verəcək. Cavabdeh tərəfindən pul ödənildikdən sonra bu işlə bağlı heç bir iddia qaldırmayacaqdır. Çünki, hazırki iddia onun razılığı ilə qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh Sərdar oğlu 23 mart 2020-ci il tarixində, saat 22:20 radələrində idarə etdiyi “VOLKSWAGEN POLO” minik markalı 99 VJ-484 dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospektində iddiaçının etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 11.05.2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, aidiyyəti üzrə qurumlara məlumat verilmişdir. İddiaçının iddia tələbinin əsasını onun etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilə dəyən ziyanın ödənilməsi təşkil edir. Belə ki, məhkəmədə müəyyən olunur ki, İddiaçı “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, onu yalnız etibarnamə əsasında idarə etmişdir. Məhkəmə onu qeyd edir ki, iddiaçının “ziyanın ödənilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının ziyanın ödənməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçının etibarnamə əsasında idarə etdiyi, üçüncü şəxs X2 mülkiyyətində olmuş avtomobilə zərər vurması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Buna baxmayaraq, məhkəmə iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququnun yaranmadığını əsas gətirərək iddianı rədd etmişdir. İş materiallarından bəlli olur ki, məhkəmə iddiaçının avtomobilin mülkiyyətçisi olmadığını bildiyi halda, nə mülkiyyətçini üçüncü şəxs kimi işə cəlb etmiş, nədə həmin dövrdə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçıya onu əsl iddiaçı ilə əvəz edilməsini təklif etməmiş, başqa sözlə iddiaçının belə bir əvəz edilməyə razı olubolmamasını müəyyənləşdirməmişdir. Halbuki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. O başqa məsələ ki, iddiaçı Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmasaydı məhkəmənin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olardı. Ancaq bu məsələ ilə bağlı iddiaçının fikirlərinin soruşulması iş materiallarında öz təsdiqini tapmır. Apellyasiya baxışı zamanı iddiaçının tərəfindən müstəqil tələb irəli sürməyə üçüncü şəxs kimi işə cəlb edilmiş avtomobilin mülkiyyətçisi X4 da iddianı və apellyasiya şikayətini müdafiə etdi. Demək, hazırki, iddia avtomobilin mülkiyyətçisi olmuş şəxsin iradəsinə uyğun və onun razılığı ilə irəli sürmüşdür. Bu faktı o, apellyasiya baxışı zamanı verdiyi yazılı ərizəsi ilə də təsdiq etdi. Bununla yanaşı, prosessual qənaət prinsipi də hazırki iddianın yalnız subyektiv hüququn yaranmamasına görə rədd edilməsini deyil, əksinə əsas olduğu halda onun təmin edilməsini tələb edir. Çünki, bu vəziyyət işdə iştirak etməli olan şəxsləri, həm də məhkəməni əlavə xərclərdən, artıq işi yükündən azad etmiş olur. Apellyasiya baxışı zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə xüsusi biliyə malik şəxsin, yəni ekspertin köməyindən də istifadə etmişdir. Ekspert zərərin məbləği barədə tələb ediləndən aşağı, yəni dəyişilməli hissələrin qiyməti və təmir bərpa işlərinin qiymətinin köhnəlmə faizi tətbiq edilməklə 12465 manat olması barədə rəy vermişdir. Ancaq cavabdeh məhkəməyə göndərdiyi etirazda ekspertiza rəyi ilə müəyyən edilən zərərin məbləğini də qəbul etmir, göstərir ki, iddiaçı avtomobili hadisədən dərhal sonra 3500 manata satıb, ona görə də qətnamədə bunun göstərilməsini istəyir ki, gələcəkdə avtomobilin mülkiyyətçisi ona qarşı iddia qaldırarsa 12465 manat yox, 8965 manat pul tələbini mübahisələndirsin. Etirazda göstərdiyi bu dəlil əsaslı ola bilməz. Çünki, yol nəqliyyat hadisəsindən dərhal sonra avtomobil 3500 manata satılsa da, 2012-ci il buraxılışı olan zərər dəymiş avtomobilin dəyəri əlbətdə ki, hadisə baş verməmişdən əvvəl 3500 manat olmamışdır. Demək, yararsız vəziyyətə düşdüyü üçün dəyəri azalmış və həmin qiymətə satılmışdır. Ekspertiza rəyinin əsaslandırıcı hissəsindən görünür ki, avtomobilin 2012-ci ildən 2020-ci ilədək istismarda olduğu nəzərə alınmış, dəyişilməli hissələrin dəyəri olan 12524 manat köhnəlmə faizi tətbiq etməklə 9035 manatadək azaldılmış, təmir-bərpa işlərinin qiyməti isə 3430 manat olmuşdur. Göstərilənlərə baxmayaraq, cavabdeh özü də zərərin məbləği barədə hansısa sübutu məhkəməyə təqdim etmir. Çünki, bəyan etdiyi bu halı sübut etmək yükü artıq onun üzərinə düşür, o, isə istinad etdiyi halları sübut edə bilmir. Demək, yalınz etiraz xatirinə bu fikirləri səsləndirmək onun həqiqi olduğunu təsdiq etmir və buna görə də bu dəlillər şikayətin rədd edilməsi üçün də əsas ola bilməz. Göstərilənlərlə yanaşı, iddia tələbinin digər hissələrinə dair mötəbər sübut təqdim edilmədiyindən həmin hissələrdə iddia tələbləri təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 12465 manat maddi zərərin əvəzi alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Zaur Çingiz oğlundan 12465(on iki min dörd yüz altmış beş) manat maddi zərərin və 30(manat) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci -100(yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar