Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-339/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001CASA193320008 saylı kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh2 xx.xx.2022-ci il tarixədək illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001CASA193320008 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 001CASA193320008 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 manat borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14480,22 manat əsas kredit borcu və 1819,05 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16299,27 manat və 138,90 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-224/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, cavabdehlərdən 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 138,90 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu yaranmışdır. Digər Cavabdeh1 isə xx.xx.2019-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbinin “Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə üzrə öhdəliklərin icrasının son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Hazırda həmin müddət ötdüyündən və müqavilənin müddəti bitdiyindən kredit müqaviləsinin ləğv edilməsi zərurəti aradan qalxmışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 739, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, borcun ondan deyil, Cavabdeh2 tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. O, başqa şəxsin əvəzindən pul ödəyə bilməz. Məhkəmədə iştirak edəcəyi təqdirdə müvafiq qəbzləri və əlavə sübutları təqdim edə bilər. Məhkəmə qətnamə çıxararkən yalnız iddiaçının təqdim etdiyi müqavilənin şərtlərini əsas gətirmiş, digər halları araşdırmamıdşır. Belə ki, məhkəmə iddiaçının müqavilədən kənar heç bir sübut təqdim etmədiyini nəzərə almamışdır. Onda olan məlumata əsasən kredit götürənin özünün bir çox banklara borcu olmuş və buna baxmayaraq iddiaçı hansısa əsaslardan irəli gələrək cavabdehə kreditə külli miqdarda pul vermişdir. İddiaçı olan Bankın özünün hansı maraqlardan irəli gələrək adında kreditləri olan şəxsə pul vermələri özü şübhə yaradır. Hətta bu səbəblə hazırda deyəsən cavabdeh özü bununla bağlı azadlıqdan məhrum edilmişdir. İddiaçının dediyi miqdarda kredit məbləğinə tərəfimdən zamin durulmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Cavabdehlərdən Cavabdeh1 ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması barədə ərizənin işi yubatmaq məqsədi daşıdığını qeyd edərək və MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. Apellyasiya şikayətinin əsas dəlillərindən biri Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin olunmaması və zaminlik müqaviləsindəki imzanın ona məxsus olmaması barədədir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, hətta xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında şəxsən iştirak etmiş, zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş, işə baxan məhkəmə bunu nəzərə alaraq iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 4/1553-5/1379 saylı ekspert rəyi ilə imzaların Cavabdeh1 aid olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixə təyin olunmuş sonuncu məhkəmə iclası barədə onun yaşadığı ünvana göndərilən məktubun rəsmi qaydada təqdim olunması mümkün olmasa da, istifadəsində olan telefona bu barədə məhkəmə bildirişi göndərilmiş və həmin bildiriş ona rəsmi qaydada çatdırılmışdır.
19. Göründüyü kimi, apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi barədəki dəlilləri iş materialları ilə təkzib olunmaqla əsassızdır və ona görə də rədd olunmalıdır. Eləcə də zaminlik müqaviləsindəki imzanın cavabdehə məxsus olmaması barədəki dəlillər də iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə təkzib olunduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəydə olan məlumatları şübhə altına alan əsaslar müəyyən edilməmişdir.
20. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Ona görə də iddiaçının Cavabdeh2 iddiaçı qarşısında öhdəliyi üzrə zamin durmuş Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi həmin şəxs zaminlik müqaviləsini imzalamış, müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur.
22. Apellyasiya şikayətinin borcalan tərəfindən kredit borcunun ödənilməsi ilə bağlı dəlilləri də qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya baxışı zamanı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğini dəqiqləşdirmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehə pretenziyanın göndərildiyi xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borc 14 516,63 manat və faiz borcu 3850,85 manat təşkil etmişdir. İşdən göründüyü kimi, bu məbləğ birinci instansiya məhkəməsinin hazırkı iş üzrə çıxardığı qətnamə ilə tutulan məbləğdən çoxdur. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, məhkəmə iddiaçı tərəfindən irəli sürülən tələb həddində işə baxır və həmin tələbdən kənara çıxa bilməz. İddiaçının hazırkı işdə müqavilə üzrə tələbi isə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 manat kredit borcunun tutulması barədədir.
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, adı çəkilən ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcdan 3471,62 manat ödəniş edilmişdir.
24. Məhkəmə kollegiyası izah edir ki, həmin məbləğ hazırkı iş üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ödənildiyindən və apellyasiya instansiyası məhkəməsinin vəzifəsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyini və əsaslılığını yoxlamaqdan ibarət olduğundan bu hal qətnamənin dəyişdirilməsinə səbəb olmur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 3471,62 manat ödəniş edilməsi hazırkı iş üzrə qətnamə qüvvəyə minib icraya yönəldikdən sonra müvafiq icra şöbəsi tərəfindən nəzərə alınmaqla cəmi borcdan çıxılacaqdır.
26. Ona görə də şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.