Məhkəmə qərarları › İş №2(103)-3390/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3390/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3390/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İstehsalat Birliyinin Cavabdeh (qarşılıqlı iddiaçı) qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3390/2025 (Açar sözlər: dəymiş maddi zərərin və debitor borcun ödənilməsi, istehlakçı hüquqlarının müdafiəsi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-349/2025 nömrəli 06 mart 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu stifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixində AMX-4793/20 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

2. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00181 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2024-cü ilin mart ayına 3168 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc və 550,44 manat qazdan istifadəyə görə hesablanmış debitor borc hesablanmışdır.

3. xx.xx.2024-cü il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan istixanada qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə edir. Akta əsasən sayğacdan kənar qaz xəttindən istifadəyə görə 3168 manat itirilmiş qazın dəyəri hesablanmışdır.

4. Saldoya əsasən cavabdehə 550,44 manat qazdan istifadəyə görə debitor borc hesablanmışdır.

5. 29.03.2024-cü il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00181 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 14400 m3 qaz itkisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və depitor borcunun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 3168 (üç min bir yüz altmış səkkiz) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 550,44 (beş yüz əlli manat 44 qəpik) manat və 57,19 (əlli yeddi manat 19 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3775,63 (üç min yeddi yüz yetmiş beş manat 63 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh İddiaçınə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini tamamilə rədd edilməsi və qarşılıqlı iddia tələbi üzrə mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi bağına abonent kodu **********00181 olan qaz sayğacına əsassız olaraq “Azəriqaz" İstehsalat Birliyi tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 3168 manat dəymiş ziyan borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia tələbi belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2020-ci il tarixində AMX-4793/20 nömrəli «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00181 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 3168 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Bildiririk ki, cavabdehin ödənilməmiş 2023-cü ilin aprel/oktyabr ayları üzrə 550,44 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin aprel ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 550,44 (beş yüz əlli manat 44 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3718,44 (üç min yeddi yüz on səkkiz manat 44 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ilkin iddia ərizəsi üzrə iddiaçının iddia ərizəsinin surətini almışdır. Həmin iddia ərizəsinə baxarkən iddiaçının iddia tələbinin tamamilə yalandan ibarət olduğunun şahidi olmuşdur. ünvan 1 ünvanındakı fərdi bağında əkinçilik işləri görürmüşdür. Təxminən 1 sot torpaq sahəsində tərəvəz əkmək üçün şərait qurmuşdur. Bu səbəbdən də 2019-cu il tarixində həmin ünvana “sayğac quraşdırılması üçün Azəriqaz" İstehsalat Birliyinə müraciət etmişdir. İddiaçı ünvan 1 ünvanındakı fərdi bağıma abonent kodu **********00181 olan qaz sayğacı quraşdırılmışdır. Lakin yeri balaca olduğu üçün təsərrüfat işlərini davam etdirməmişdir. Təxminən 2023-ci ildə həmin bağ sahəsində təsərüffat işlərini məhdudlaşdırmışdır. Təxminən 1 il əvvəl xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasənda ona “Azəriqaz" İstehsalat Birliyi tərəfindən göndərilən bildirişdə 7508 manat dəymiş ziyan borcu yazıldığını görmüş, dərhal həmin borcun əsassız yazılması səbəbindən Xətai Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasənda ona yazılmış 7508 manat dəymiş ziyan borcun silinməsini tələb etmişdir. Məhkəmə işi araşdırmış və iddia tələbini onun xeyrinə təmin etmiş və həmin borc silinmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı yenə də əsassız akt yazmaqda davam edir və həmin əsassız akt əsasında ondan küllü miqdarda pul tələb edir. Nəzərə alsaq ki, bağda artıq bir ildir təsərrüfat işləri görülmür. Sadəcə dağılmış parnik qırıntıları vardır. Həm sağlamlığı, həmdə maddi vəziyyəti təsərrüfatla məşğul olmağa imkan vermir. O, həmin bağda təsərrüfat işləri görmür. Orada ev yoxdur. Heç bir xəttə qanunsuz müdaxilə etməmişdir. Bu ilin əvvəlində İddiaçı əməkdaşlarına ona yazılan aktların əsassız olmasını, qaz xəttinin yoxlanılmasını və borcun silinməsini tələb etmişdir. Lakin “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları heç bir xətti yoxlamamışlar, parnik xarabalığını əsas gətirərək ona güya ki qaz xəttinə qanunsuz qoşulmağı barədə aktlar tərtib etmişdirlər. xx.xx.2023 tarixli ******* saylı akt barədə məlumat alan kimi məhkəməyə müraciət edib həmin akt əsasında yazılmış borcu silinməsinə nail olmuşdur. Lakin “Azəriqaz" İstehsalat Birliyi yenidən əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək əsassız olaraq ondan küllü miqdarda pul tələb edir. Həmçinin bildirir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində 2023-cü ilin aprel/oktyabr ayları üzrə 550,44 manat debitor borcun ödənilməsini tələb etmişdir. Maddi vəziyyəti ilə əlaqədar həmin borcu vaxtında ödəyə bilməmişdir. Lakin xx.xx.2024- cü il tarixində həmin 550 manat debutor borcu tam olaraq ödəmişdir. Qaz sayğacına, nədəki, qaz xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, barəsində tərtib olunan xx.xx.2024-cü il tarixli ******* saylı akt tamamilə əsassızdır və həmin akt əsasında 3168 manat dəymiş ziyan borcu silinməlidir. Həmçinin məhkəməyə bildirmək istəyir ki, həmin bağda heç bir ev olmadığı halda, İddiaçı tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədə” 6 avadanlığın olduğu və həmin avadanlıqların ilboyu qaz işlətməsi nəticəsində dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Halbuki, həmin bağda 4 göz qaz, iran sobası, dəmir soba ümumiyyətlə olmamışdır. Qeyd olunan hesablamalar tamamilə həqiqəti əks etdirmir. Həmin bağ sahəsində heç bir təsərrüfatın olmadığını və “parnikin” yararsız halda olduğunu İddiaçı əməkdaşları da görmüşlər. Həmçinin birlirir ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı tərəfindən çəkdiyi fotoşəkillərdəki hasar onun bağından kənardır. Onun bağının ətrafından keçən qaz xəttində heç bir qanunsuz müdaxilə yoxdur. Artıq bir neçə ildir həmin bağa demək olar ki, getmir. Hazırda “Azəriqaz“ İstehsalat Birliyinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı akt tam olaraq əsassızdır, həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-349/2025 nömrəli 06 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən təbii X4nın pozulmasına görə X2 (abonent kodu **********00181 olan sayğac) hesablanmış 3168 manat məbləğində borcun silinməsi qət edilmişdir.

11. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehin məhz 3168 manat məbləğdə zərərin yaranmasına dair əsaslı sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf etməməsi məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz akt üzrə qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır.

12. Məhkəmə debitor borca aid hissədə müəyyən etmişdir ki, Cavabdeh sözügedən debitor borcundan xx.xx.2024-cü il tarixdə 550 manat və xx.xx.2025-ci il tarixdə isə 1,0 manat İddiaçınə ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən debitor borcu Cavabdeh tərəfindən İddiaçınə ödənildiyindən, iddia bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4na, Mülki Prosessual Məcəllənin 77.1, 119, 216- 220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı Birlik apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi Ekspertizaya göndərməmişdir. Hesab edirik ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindənekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Lakin onun həqiqətən də, təbii qazdan istifadəyə görə borcu vardır. Lakin akt əsasında hesablanmış borcu qəbul etmir. Belə ki, tərtib olunmuş akt əssasızdır. Belə ki, o heç vaxt sayğacdan kənar qaz xətdindən istifadə etməmişdir. Akta əlavə olunmuş fotoşəkillər onun ünvanına məxsus deyil. Lakin cavabdehin bu ifadəsi tədqiq edilməmiş və kənar xətdən istifadənin doğrudan da, cavabdehə aid olub-olmaması araşdırılmamışdır. Bununla bağlı hər-hansı yerli baxış və ya ekspertiza keçirilməmişdir. Bilindiyi kimi məhkəmə həqiqəti müəyyən etməli və bu istiqamətdə təşəbbüskarlğını həyata keçirməlidir. Lakin məhkəmə bu addımı atmamaqla prosessual normaları pozmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə cavabdehin (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

20. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

21. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”

24. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

25. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

26. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

27. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

28. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

29. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

30. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

40. Baxılan iş üzrə isə iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

41. Kollegiya həmçinin qeyd edir ki, “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq kimi səlahiyyətli olmasına baxmayaraq, cavabdehin əməkdaşları bunu etməmişdir.

42. İddiaçının istinad etdiyi akt isə bir tərəfli qaydada onun əməkdaşları tərəfindən tərtib edilmiş, akt tərtib edilərkən istehlakçının iştirakının təmin edilməsi müəyyən olunmur. Apellyasiya şikayətində istehlakçının aktı imzalamaqdan imtina etdiyi qeyd ediləsə də, bu hal aktdan müəyyən olunmur. Belə ki, bu halı sübut etmək üçün hər hansı hal şahidi cəlb edilməmişdir.

43. Debitor borca aid hissədə isə işin hallarından da göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən həmin borc tam olaraq abonent tərəfindən ödənilmişdir.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

45. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-349/2025 nömrəli 06 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar