Məhkəmə qərarları › İş №2(103)-3391/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3391/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində xəsarət almış, nəticədə 60% əmək qabiliyyətini itirmiş və xx.xx.1988-ci ildən ona əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik müəyyən edilmiş, hər dəfə növbəti müayinə tarixi bir il müəyyən edilmiş, xx.xx.2004-cü ildən isə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh ASC iddiaçının işlədiyi müəssisə özəlləşdikdən sonra xx.xx.2002-ci ildən fəaliyyətə başlamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi zərərə görə aylıq ödəncin yenidən hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində ağır xəsarət almış, nəticədə həkim komissiyasının rəyinə əsasən 60% əmək qabiliyyətini itirmiş və ona 3-cü qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Həmin müəssisədə 1981-ci ildən işləmiş, qəzadan sonra yüngül işə keçirilmiş, 2001-ci ilədək orada işləmişdir. İşlədiyi dövrdə ona 196 manat 20 qəpik məbləğində zərərə görə aylıq ödənc ödənilməli idi, lakin ona 119 manat müəssisə özəlləşənə kimi aylıq ödənc ödənilmişdir, buradan məlum olur ki, ona hər ay 77 manat 20 qəpik ödənilməmişdir. Müəssisə 2002-ci ildə özəlləşdikdən sonra ödəncin ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələbləri Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, 5-ci dərəcəli elektrik çilingəri vəzifəsi ştat cədvəlindən çıxarılmış, zərərə görə aylıq ödənc düzgün hesablanmamış və ödənilməmişdir. 2021-ci ilə qədər aylıq ödənclər natamam hesablanmış, həmçinin natamam ödənilmişdir, hətta cavabdeh tərəfin bəzi tarixlərdə ona ödədiyi məbləğlərin ödənc olduğunu belə müəyyən etmək mümkün deyildir. 2021-ci ildən isə ümumiyyətlə cavabdeh ödənc ödəməkdən imtina etmişdir. O, bu barədə dövlət orqanlarına, o cümlədən X2 Xidmətinə çoxsaylı müraciətlər etmiş, lakin məhkəməyə indiyə kimi müraciət etməmişdir. Ona hər dəfə X2 Xidməti tərəfindən standart cavablar göndərilmiş, maliyyə sənədləri təqdim edilmədən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-43/2024 saylı qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) ödənilməli aylıq ödəncin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunamüvafiq qaydada yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçıdan 50 (əlli) manat, cavabdehdən 50 (əlli) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına əsasən iddiaçıya ödənclər qanunamüvafiq qaydada hesablanıb ödənilmədiyindən cavabdeh təşkilatın rəhbəri X2 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin iddiaçı ilə bağlı 2020-ci ilədək olan zəruri sənədləri təqdim edə bilməməsi səbəbindən ekspert rəyinin alınması və ödənilməyən ödənc məbləğinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) ödənilməli aylıq ödəncin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia irəli sürülməzdən əvvəlki üç il üçün) qanunamüvafiq qaydada yenidən hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Belə ki, mövcud qanunvericiliyə əsasən cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi öhdəliyini daşımaqdadır. Həmçinin, mövcud qanunvericiliyə və məhkəmə təcrübəsinə (o cümlədən bu mövzuda məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-324/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına) əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Eyni zamanda, iddia irəli sürülməzdən əvvəlki üç il üçün sənədlər cavabdeh təşkilatda mövcud olduğundan, həmin dövr üzrə müvafiq ödəncin onun tərəfindən yenidən hesablanıb ödənilməsi iddiaçının pozulmuş hüququnun bərpası ilə yanaşı, praktiki cəhətdən də mümkündür. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi cavabdehə öhdəliyin qoyulması ilə bağlı olduğundan, mübahisənin bu qaydada həlli verilmiş tələb üzrə qətnamə qəbul edilməsi zərurəti ilə bağlı prosessual normaya da uyğundur. Beləliklə, iddia qismən əsaslı olduğundan, göstərilən hissədə qismən təmin edilməlidir

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1118.2, 1119.1, 1126.1-ci, Əmək Məcəlləsinin 15.2, 239-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.1-ci bəndi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamədə dəyişiklik edilməsini və xx.xx.2004-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi müvafiq ödənişlərin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddiaya son 3 il üçün ödənişlərin verilməsi tətbiq olunmuş, lakin əvvəlki illər nəzərə alınmamışdır. Bu isə həm işin faktiki hallarına uyğun olmamaqla, eyni zamanda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. O, 2002-ci ildən bu günə kimi həmin bu ödənişlərin alınması ilə əlaqədar həm cavabdehə, həm də müxtəlif idarə və təşkilatlara müraciət edib. Rəhbərlik 2001-ci ildə məni əmək qabiliyyətini tam itirmiş kimi qələmə verib xəbəri olmadan işdən azad ediblər. Tibbi Sosial Ekspertizanın rəyində qeyd olunan əməyin şərait və xarakteri haqqında qərardan aydın olur ki, o, öz səhhəti üzrə öz həcmində işləyə bilər. Bu əsas verir ki, Qaradağ ASC-nin rəhbərliyi qərəzli mövqe tutaraq onu texnoloq vəzifəsindən, daha doğrusu işdən qeyri-qanuni işdən azad ediblər. Hal-hazırda da ondan qisas almaq məqsədi ilə zərərə görə aylıq ödənişi nə düzgün hesablayırlar, nə də hal-hazırda son 2 ildir ki, ödənişi heç bir səbəb, əsas olmadan tam dayandırıblar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 15.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları

Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”

Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxthadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Bənd 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Bənd 3.5. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Bənd 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində xəsarət almış, nəticədə 60% əmək qabiliyyətini itirmişdir. Beləliklə, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlillik təyin edilmişdir.

21. Əmək Məcəllənin 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

22. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

23. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi öhdəliyi daşıyır.

24. Mövcud qanunvericiliyə (Mülki Məcəllənin 384.0.3-cü maddəsi) və məhkəmə təcrübəsinə (o cümlədən bu mövzuda məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-324/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına) əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Eyni zamanda, iddia irəli sürülməzdən əvvəlki üç il üçün sənədlər cavabdeh təşkilatda mövcud olduğundan, həmin dövr üzrə müvafiq ödəncin onun tərəfindən yenidən hesablanıb ödənilməsi iddiaçının pozulmuş hüququnun bərpası ilə yanaşı, praktiki cəhətdən də mümkündür.

25. Qeyd edilənlərə əsasən Kollegiya mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

26. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar