Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiasına dair mülki iş (Açar sözlər: «zərərin əvəzinin ödənilməsi tələbi üzrə sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-347/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ilə abonent Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanıb.
2. İddiaçı tərəfindən abonent Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 6.890,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.518,56 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 12.450,24 manat olmaqla cəmi 21.859,20 manat zərər hesablanıb.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-14940/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3336/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilib, 1767,10 manat məbləğində hesablanmış cari borc və təbii qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 2683,20 manat, cəmi 4450,30 manat borcun tutulmasına dair iddia rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vurduğu 21.859,20 manat zərərin və 155,58 manat ödənilmiş dövlət rüsumuna görə xərcin əvəzinin, ümumilikdə 22.014,78 manat tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 2147-08-16 nömrəli Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02040 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-347/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, məhkəmə borc hesablanmış ünvana yerli baxış keçirmiş, həmin ünvanda yararsız bir istixananın və yaşayış üçün əlverişli olmayan yarımtikilinin olduğu müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, qeyd olunan ünvanda yaşayış yoxdur. Qazın təminatı kəsilmişdir və qaz xəttləri xeyli aralıdadır. Belə ki, İddiaçı İB cavabdehin kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də, bu hal məhkəmədə sübut olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********02040 saylı abunə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 56.592 kub.metr qaz itkisi hesablanmışdır. Qaz işlədiciləri olaraq dəmir soba, iran sobası, L şəkilli soba göstərilmişdir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus Xəzər rayonu,Zirə qəsəbəsi,Təzə sahə ünvanında qaz itkisinə görə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Aktda Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyi göstərilmişdir. Lakin İddiaçı İB tərəfindən müvafiq qanunsuz qoşulma halı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı və tərtib olunmuş aktı müvafiq icra hakimiyyəti orqanına yaxud cinayət təqibi orqanına təqdim etməli idi. Lakin İddiaçı İB tərəfindən göstərilən hərəkətlər edilməmişdir. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, qeyd olunan ünvanda yaşayış yoxdur. Orada olan istixana yararsız vəziyyətdədir, boruları deşilmiş və çürümüşdür. Qaz xətti isə xeyli aralıda yerləşir. Həmçinin, qaz işlədiciləri olaraq göstərilmiş dəmir soba, iran sobası, L şəkilli sobanın istixanaya aidiyyəti yoxdur. Belə olan halda, İddiaçı iddiası əsassızdır və təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunması xahiş edərək göstərib ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X4nın pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra, həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına iddiaşı tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Qətnamədən məlum olduğu kimi, məhkəmə təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Qətnamədən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə, paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Göründüyü kimi, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın tam təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
14. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»:
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2(25 iyun 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (25 iyun 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya əlamətləri ilə uzlaşmadığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır.
23. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərkibi 2(103)-3391/20255 saylı, 10 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus Xəzər rayonu,Zirə qəsəbəsi,Təzə sahə ünvanındakı evə (abonent kodu **********02040) gələn qaz borusunun, qaz-sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanusuz qoşulmaya xarakterik digər izlər və.s) mövcuddurmu, mövcuddursa, bu izlər hansı fiziki təsirin (müdaxilənin) nəticəsində yarandığının; -Cavabdeh məxsus Xəzər rayonu,Zirə qəsəbəsi,Təzə sahə adlanan ərazidəki (abonent kodu **********02040) ünvansız evdə yaxud evə aid parnikdə sayğacdan kənar təbii qazdan istifadə olmuşdurmu, olmuşdursa konkret hansı formada, hansı dövrlərdə və müddətlərdə olduğunun; -Qeyd olunan ünvana dair tərtib edilmiş hər bir akt sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edirsə 25 iyun 2023-cü ilədək analogiya üzrə, həmin tarixdən sonra "X4"nın 6.5-ci, 6.5-1-ci və 6.5- 2-ci bəndlərinə əsaslanaraq yaşayış evində olan qaz işlədicilərinin sayı(əgər olubsa), istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq hesablanan borcun məbləği yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığının; - Abonent həmin yaxud digər ünvanda 2020-ci ilin yanvar ayından 2024-cü ilin yanvar ayına qədər qazdan istifadəyə görə nə qədər ödəniş edildiyinin; -Qazpaylayıcı tərəfindən sayğacdan kənar qazdan istifadə faktları aşkar edilmişdirsə bununla əlaqədar “Qaz təchizatı haqqında” Qanununun 13.8-1-ci maddəsinin, həmçinin Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-ci bəndinin tələblərinə əməl edilməməsinin (sonuncu akt üzrə) (Energetika Nazirliyi və hüquq mühafizə orqanlarına məlumat verməməsinin) səbəblərinin nə ilə bağlı olduğunun müəyyən edilməsi üçün kompleks məhkəmətrasoloji ekspertizasının keçirilməsi təyin olunmuş və ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması, eyni zamanda bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X1 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.
27. Düzdür, cavabdeh tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri 25 iyun 2023-cü ilədək qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "X4na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir.
28. Bu baxımdan, cavabdehin sayğacdan kənar qazdan istifadə edib-etməməsi, etdiyi halda 25 iyun 2023-cü ilədək analogiya üzrə, həmin tarixdən sonra "X4"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq cavabdehin iddia olunan ünvanında (başqa abonent ünvanı va) olan qaz işlədicilərinin sayı əgər olubsa, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarı hesablanmalıdır.
29. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-2843/2025 saylı, 25 iyul 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma iddiası 2018-2022-ci illəri əhatə etdiyindən, həmin dövrdə kənar xəttin olmasını müəyyən etmək mümkün deyil 2-4 suallar üzrə: 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "X4 na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan "Azəriqaz" İB-nin hesabatının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyil. Lakin analogiya üzrə hazırda qüvvədə olan qaydaların tələblərinə istinad etsə, cavabdehin qazdan qanunsuz istifadə halı sübuta yetirilərsə qazpaylayıcısına dəymiş zərərin məbləği aşağıdakı qaydada hesablana bilər Təqdim olunan sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3 1 ədəd iran sobası soba, maksimal qaz sərfiyyatı 1.4 m3 4 ədəd L şəkilli soba, maksimal qaz sərfiyyatı 6 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "Qazdan istifadə Qaydalan"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("X4"-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 + 1.5 m3 + 1.5 m3 + 24 m3) x 12 saat x 30 gün = 10656 3 m Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x 12 saat x 30 gün = 972 m3 itirilmiş qazın həcmi: 2018-ci ildə tərtib edilmiş 2 akt üzrə: 3 qış ayı x 10656 m3 + yay ayı x 972 m3= 34884 m3 2022-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 10656 m3 +4 yay ayı x 972 m3= 25200 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq iddiaçıya dəymiş ziyanın məbləği: 2018-ci il üzrə: 1700 x 0,10 + 2696 x 0,20 =6806,80 manat 2022-ci il üzrə - 1200 x 0.12+1300 x 0.20 + 22700 x 0.25 =6079 manat olmaqla cəmi 12885,80 manat təşkil edə bilər. 2018-2024-cü illər ərzində abonent tərəfindən dəymiş ziyana görə ödəniş edilməmişdir. Abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 12885,80 manat ola bilər. Qeyd etmək lazımdır ki, 2023-cü ildə tərtib edilmiş akt qanunvericiliyin qüvvədə olduğu müddətdə tərtib edildiyindən və qanunvericiliyin tələblərinə əməl olunmadığından həmin akt əsasında hesablanmış itirilmiş qazın dəyəri istehlakçıdan tələb oluna bilməz.
30. Məhkəmə trasoloji ekspertizasının 3-16-16/2-3/1155/2025 saylı, 18 noyabr 2025-ci il tarixli rəyində isə qeyd edildi ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən yaşayış olmayan ünvanda qaz sayğacı və əlavə qaz xəttinin çəkilməsi aşkar edilmədi. Rəydə həmçinin qeyd olunub ki, baxış zamanı qaz xətti qeyd edilən ünvandan təxminən 200-250 metr kənarda aşkar edildi.
31. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli 3 akt, eyni tarixli dəymiş ziyanın bərpasına dair 3 tələbnamə və qaz təchizatının dayandırılması barədə 3 akt, birdə bir neçə vərəqdə ümumiyyətlə ünvanı, yeri, hansı şəxsə aid olduğu bilinməyən ərazidə çəkilmiş şəkillər işdə mövcud olmuşdur. Qeyd olunan aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçı əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair akt tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Düzdü son vaxtlar iddialara sayğacdan kənar xəttin dayandırılması barədə eyni tarixli aktlar da tərtib edib əlavə edirlrlər. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi yaxud hansısa formada dayandırılması prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. Üstəlik apellyasiya şikayətinin məzmununa diqqət yetirdikdə də bəlli olur ki, bu cür şikayət analoji işlərdə olduğu kimi şablon xarakter daşıyır. Çünki şikayətin məzmununda ümumi ifadələrdən deyil, konkret olaraq cavabdehin qazdan qanunsuz istifadə edərək talamasına dair ciddi arqumentlər göstərilməlidir, ancaq göstərilmir, sanki, formal da olsa şikayət xatirinə “öz vəzifələrini yerinə yetirdi” görüntüsü yaradılır. Əlbətdə ki, bu cür vəziyyət və davranış da iddianın və şikayətin əsassız olduğunu daha da labüd etmiş olur.
32. Bundan əlavə, İddiaçı tərtib etdiyi təbii X4nın pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar cavabdehin qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız İddiaçı maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlara görə cavabdeh qeyri-qanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən cəmi 21.859,20(iyirmi bir min, səkkiz yüz əlli doqquz manat, iyirmi qəpik) manat zərər vurulduğunu görürdüsə, ən azından sonuncu akt üzrə bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 13.8-1ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki istehlakçının, ümumiyyətlə hansısa şəxsin qaz paylacıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Əksinə cavabdehin nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-14940/2019 nömrəli qətnaməsində də İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3336/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilərək 1767,10 manat məbləğində hesablanmış cari borc və təbii qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 2683,20 manat, cəmi 4450,30 manat borcun tutulmasına dair iddia rədd edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf iddiaçının bu qətnamədən sonra da qərəzli olaraq yenidən akt tərtib edərək ondan əsassız pul tələb etdiyini, çünki 2018-ci ildən istixananın fəaliyyət göstərmədiyini, 2019-cu ildən sayğac olmadığını bildirdi. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerində baxış zamanı da öz təsdiqini tapıb. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza rəyi ilə də sözügedən ünvana qaz sayğacı və əlavə qaz xəttinin çəkilməsinin aşkar edilmədiyi, qaz xəttinin qeyd edilən ünvandan təxminən 200-250 metr kənarda aşkar edildiyi təsdiqlənib. Göründüyü kimi, məhkəmə hansı “sübutlara” əsaslanıb iddianı təmin etməli idi ki, iddiaçı da bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı tərəf bunun mümkün cavabını özü üçün hazırlamalı idi, ancaq hazırlamayıb yaxud cavab olmadığı üçün hazırlaya bilməyib.
33. Göstərilənlərdən əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Energetika Nazirliyinin Enerji məsələlərinin Tənzimlənməsi Agentliyinin rəyi iddianın və şikayətin əsaslı olduğuna dəlalət edə bilməz. Çünki Energetika Nazirliyinin Enerji Məsələləri üzrə Tənzimləmə Agentliyinin rəyində yaxud analoji işlərdəki rəylərdə istehlakçının qaz paylayıcıya zərər vurubvurmamasının yoxlanıldığı qeyd olunmur. Başqa sözlə, bu cür rəylərdə sayğacdan kənar qoşulma halı təsdiq olunacağı təqdirdə(halında) zərər vuranın istifadə etdiyi qaz cihazlarının növü, sayı və istifadə dövrü nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin məbləğinin müəyyən edilə biləcəyi göstərilir. Demək ki, rəydə cavabdehin qazdan qanunsuz istifadə etdiyi müəyyən edilməyib. Cavabdehin həqiqətən də qanunsuz hərəkəti olmuşdursa bu halı sübut etmək yükü qaz paylayıcının üzərinə düşür. Çünki qaz paylayıcı istehlakçının ona belə bir zərər vurması barədə aktlar tərtib edib zərər hesablamışdır. İstehlakçının da İddiaçınə zərər vurmadığını sübut etmək kimi bir vəzifəsi olmamışdır. Çünki neqativ, yəni təkzib etmə sübut edilmir.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, İddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-347/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutulmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-347/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.