Məhkəmə qərarları › İş №2(103)-3392/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3392/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3392/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 850.30 ABŞ dolları əsas, 869.50 ABŞ dolları faiz borcu, 126,60 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış məbləğ və 1226.96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3073,36 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binədəqi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh1 Süleyman qızından 850.30 ABŞ dolları əsas borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə ƏSF-nin rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin, cavabdehə restrukturizasiya aparılması məqsədilə təklif göndərilmişdir və Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Lakin cavabdeh hal-hazıradək göndərilmiş təkliflərə baxmayaraq, kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturzasiya məbləğini qəbul etmir. Həmçinin, qeyd olunmalıdır ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmişdır. Digər tərəfdən, həmin müqavilədə Fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmaqla restruktirasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin fərmanın heç bir maddələrində fərmanın təsirinə düşən müqavilərinin məhkəmələr tərəfindən restrukturizasıya olunmayan kredit müqavilərinin faiz, cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ borclarının silinməsi səlahiyyətləri verilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 390 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 28 faiz olmaq şərtilə 1950 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ilə Cavabdeh2, İddiaçı ASC-nin tələb hüququna təminat vermişdir. İddiaçı ASC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamışdır. LPO İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixə tələbdə qeyd olunan məbləğlərdə borc hesablanmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. xx.xx.2019-xx.xx.2020-ci illər üzrə hesabdan çıxarışa əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh1 952.13 ABŞ dolları əsas borcu qalmışdır. Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, adı çəkilən Fərmana əsasən Cavabdeh1 1095,27 manat kompensasiya hesablanmış və restrukturizasiya olunması təklif olunan kredit məbləği 1445,51 manat təşkil edir. Hazırda iddiaçı, qətnaməni birinci instansiya məhkəməsi tərəfindən müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cərimə borcunun və illik 5 % olmaqla hesablanmış faiz məbləğinin silinməsi hissəsində mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən, bununla bağlı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, rayon məhkəməsinin bu hissədə gəldiyi qənaət əsaslıdır. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin Fərmanda isə onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Adı çəkilən Fərmanın 6-cı bəndinə əsasən, Banklara tövsiyə edilsin ki, 1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.9-cu bəndə görə isə, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərədə tutulur. Belə olan halda, Kollegiya, qeyd olunanları və istinad olunan Fərmanın tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5406/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar