Məhkəmə qərarları › İş №2(103)-3392/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3392/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3392/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qalıq borcun kredit reyestri üzrə siyahıdan çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borc məbləğinin silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qalıq borcun kredit reyestri üzrə siyahıdan çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsi işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(006)-926 /2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 28 fevral 2023-cü il tarixli **********114 nömrəli arayışdan görünür ki, iddiaçının 06 iyul 2010-cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2023-cü il tarixə borcu 1247 ABŞ dolları əsas borc, 3127 ABŞ dolları faiz borcu və 1175 ABŞ dolları cərimə olmaqla, cəmi 4374 ABŞ dolları təşkil edir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 06 iyul 2010-cu il tarixli kredit müqaviləsinə əsasən qalıq borcun kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 06 iyul 2010-cu il tarixində 24 ay müddətinə "xxxx" ASC-dən 5500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Kredit götürdükdən bir müddət sonra "xxxx" ASC-nin lisenziyası ləğv olunaraq fəaliyyəti dayandırılmışdır. Ödəniş etmək məsədi ilə dəfələrlə bankı axtarsa da banka ödəniş etmək üçün filialı tapmamışdır. Bu illlər ərzində bir dəfə olsun kredit borcunun olması və ödəniş etməsi barədə məlumatlandırılmamışdır. Kredit almaq tələbi ilə fəaliyyət göstərən banklara müraciət etmiş, oradan bildirmişlər ki, Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borcların siyahısında adına 1246,49 ABŞ dolları məbləğdə əsas, 4302,45 ABŞ dolları məbləğdə borc göstərilir. Bu günədək bank adına götürülmüş kreditin tələb olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, bank ümümi iddia müddəti olan 10 il iddia müddətini də ötürmüşdür. Azərbycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərmanının təsiri dairəsinə düşmüşdür. Fərmana əsasən ona kompensasiya təyin edilmiş, borcu azaldılmış və faiz və cərimə borcu tam olaraq silinmişdir. "xxxx" ASC Prezident Fərmanından sonra belə ona heç bir məlumat verməmişdir. Bu səbəbdən adına olan 06 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini Azərbaycan Respublikasının Mərkəzi Bankından, LPO "xxxx" ASC-dən və Azərbaycan Kredit Bürosu” MMC-dən xahiş etmişdir. Oradan ona bildirmişlər ki, həmin məlumatların silinməsi onların imkanı xaricindədir və məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, bankın kredit şöbəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdehin həmin kredit müqaviləsi üzrə ümumi 4374 ABŞ dolları, o cümlədən 1247 ABŞ dolları əsas borc, 3127 ABŞ dlları faiz borcu və 1175 ABŞ dolları cərimə, aktiv borcu mövcuddur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(006)- 926/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

6. Qətnamənin əsaslarına görə, iddiaçı iddia tələbinin əsası kimi 06 iyul 2010-cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə borcun Azərbycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərmanına əsasən faiz və cərimə borcunun tam olaraq silinməsinə istinad etməklə kredit reyestri üzrə borclular siyahısından çıxarılmasını tələb edir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi 06 iyul 2010-cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə cavabdehə əsas kredit məbləği üzrə 1247 ABŞ dolları, faiz üzrə 3127 ABŞ dolları, cərimə üzrə 1175 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1 ,739-cu maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayətinin dəlillərinə görə, bank ümümi iddia müddəti olan 10 il iddia müddətini ötürmüşdür. İddiaçı Azərbycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərmanının təsir dairəsinə düşmüşdür. Fərmana əsasən iddiaçıya kompensasiya təyin edilmiş və borcu azaldılmış və faiz və cərimə borcu tam olaraq silinmişdir. "xxxx" ASC Prezident Fərmanından sonra belə iddiaçıya heç bir məlumat verməmişdir. Bu səbəbdən iddiaçının adı olan 06 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reystirindən silinməsini Azərbaycan Respublikasının Mərkəzi Bankından, "xxxx" ASC-dən və Azərbaycan Kredit Bürosu” MMC-dən xahiş edilmişdir. Oradan bildirilmişlər ki, həmin məlumatların silinməsi onların imkanı xaricindədir və məhkəməyə müraciət etməyi məqsədəuyğundur. Məhkəmə iddia müddətinin keçməsini və öhdəliklər üzrə icra müddətini keçməsini nəzərə almamış və iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarı: “Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. ... İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. İddiaçı həm iddianın əsaslarında, həm apellyasiya şikayətinin dəlilləri ilə cavabdeh tərəfindən iddia müddətinin ötürüldüyünə istinad etmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsaslanmaqla qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmamaqla, müddətin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Yəni, əgər yaranmış tələb üzrə həqiqətən iddia müddəti keçmişdirsə, bu həmin tələbin özünün xitamına əsas ola bilməz.

19. Hazırkı halda, iddianın yeganə hüquqi əsası kimi bu hal göstərildiyindən, bu əsasla iddia təmin oluna bilməz.

20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(006)- 926/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(006)- 926/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar