Məhkəmə qərarları › İş №2(103)-3393/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3393/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3393/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğv prosesindəki İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesindəki İddiaçı ASC (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 28 faizlə 24 ay müddətində 7700 ABŞ Dolları kredit verildiyini, kredit öhdəliyinin təminatı olaraq digər cavabdehlərlə zaminlik müqaviləsi bağlandığını, borcalanın müqavilənin şərtlərini pozduğunu və 4648,46 ABŞ dolları əsas, 280,93 ABŞ dolları faiz, 6240,57 ABŞ dolları cərimə borcu olmaqla cəmi 11 169,96 ABŞ dolları borcunun yarandığını irəli sürmüş, buna görə də cavabdehdən həmin borc məbləğinin, habelə 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi, habelə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 24 ay müddətinə illik 28 faiz ödəməsi şərtilə 7700 manat kredit verilmiş, Cavabdeh3 və Cavabdeh2 onun kredit öhdəliklərinə eyni tarixli zaminlik müqaviləsi əsasında zamin durmuş, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 banka 4648,46 ABŞ dolları əsas, 280,93 ABŞ dolları faiz, 6240,57 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 11 169,96 ABŞ dolları borcunun olduğu hesablanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu silnmiş və onun banka borcu qalmamışdır. Apellyasiya baxışı zamanı da müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən ona 5042,95 manat kompensasiya hesablanmış, bu məbləğin 167,19 manat hissəsi güzəştə, 873,17 manat hissəsi borcun ödənilməsinə yönəldilmiş, 4169,78 manat isə Cavabdeh1 verilmiş, X2 sistemindəki məlumata görə onun İddiaçı ASC-nə borcu qalmamışdır. Qeyd olunmalıdır ki, adı çəkilən Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı xx xxxx 2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq olunmuş, Qaydaların 5.2.1-ci bəndində Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlərin və dəbbə pullarının tam şəkildə; 5.2.2-ci bəndində əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borclarının kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pullarının isə tam məbləğdə; 5.2.3-cü bəndində əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pullarının kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla silindiyi nəzərdə tutulmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh1 4169,78 manat kompensasiyanın ödənilmiş olması, onun banka olan borcunun adı çəkilən Qaydalara uyğun olaraq silindiyi mənasına gəlir; əks halda müvafiq kompensasiya məbləği qalıq borcun ödənilməsinə yönəldilərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5159/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar