Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3394/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “57173,53 AZN pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MMC-nin nümayəndəsi X5, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “57173,53 AZN pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Paşayev Ceyhun Mehman oğlu İddiaçı mərhum əridir. X7 isə onların övladıdır.
2. Paşayev Ceyhun Mehman oğlu ilə Cavabdeh1 MMC arasında 07 yanvar 2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır.
3. Paşayev Ceyhun Mehman oğlu ilə Cavabdeh1 MMC arasında 07 yanvar 2020-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 8–ci bəndində isə əmək haqqının xx.xx.2021-ci il tarixindən 350 manat təşkil edilməsi göstərilmişdir.
4. Cavabdeh1 MMC-nin işəmuzd qaydada tikinti sahəsində fəhlə vəzifəsində çalışan işçilərinin tarif maaşının müəyyən edilməsi barədəCavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli 01/21i saylı əmrindən görünür ki, Cəmiyyətin tikinti sahəsində fəhlə vəzifəsində çalışan işçilərinin işəmuzd əməkhaqqı verilməsi qaydası müəyyən edilərək, işəmuzd əmək haqqına əsasən işləyən işçilərin gündəlik hasilat normasının vahidinin dəyəri 13,50 AZN müəyyən edilmiş, buna uyğun olaraq onların aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 350 AZN müəyyənləşdirilmişdir.
5. Cavabdeh2 Sığorta Şirkəti ASC ilə Cavabdeh1 MMC arasında 11 fevral 2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Sığorta çəbləği 57173,53 manat müəyyən edilmişdir.
6. 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixində verilmiş AZ-İİ 220122 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayev Ceyhun Mehman oğlu xx.xx.2021-ci il tarixində elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür.
7. 01.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı hesabına 12031,88 manat ödəniş edilmişdir.
8. 02.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən X2 hesabına 16525,60 manat ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində qanunla təyin olunan təzminatın cavabdeh şəxslərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
10. Məhkəmə baxışı dövründə iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bədbəxt hadisə nəticəsində Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə əlaqədar Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli, 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 25 avqust 2021-ci il tarixdə “Archico" MMC-də karotçu işləyən əri, Paşayev Ceyhun Mehman oğlu 25 avqust 2021 -ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Qeyd edir ki, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü 1 uşağı var və ailənin gəlir mənbəyi yalnız ərinin qazancı idi. Yoldaşını işə götürən Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021-ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş, lakin həmin müqavilə üzrə ona 28.556 (iyirmi səkkiz min beş yüz əlli altı) AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. Ona siğorta tərəfindən yoldaşının ölümü ilə əlaqədar olaraq 28.500 manat pul ödənilib. Lakin az ödənilib. Çünki mərhum yoldaşının 35 yaşı olub. Aylıq rəsmi gəliri 700 (yeddi yüz) manat olub. Bundan sonra 30 il işləsə idi orta əmək haqqı olan məbləği ala biləcəkdi. Mərhum yoldaşı Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. Bu səbəbdən də "xxxx" sığorta tərəfindən ona ödənilən siğorta ödənişinin yenidən hesablanması və ödəniş qaydasının düzgün icra olunması barədə ərizə ilə müraciət etsə də, cavabdeh şirkət tərəfindən heç bir cavab ala bilməmişdir.
12. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum ərinin 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunduğu halda həmin müqavilə üzrə ona 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirilməsinin qanunsuzluğunu mübahisələndirməsini nəzərə alaraq iş üzrə xüsusi bilik tələb edildiyindən məhkəmənin qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssis rəyinə əsaslanan 18 sentyabr 2023-cü il tarixli 9/3426 nömrəli ekspert rəyinin məzmunu ilə müəyyən edilmişdir ki, zərər çəkənə ödəniləcək məbləğ 28557,48 manat təşkil edir. şin materiallarından görünür ki, Paşayev Ceyhun Mehman oğlunun orta aylıq əmək haqqı 350 manat olmaqla bir illik əmək haqqı fondunun məbləği 4200 manat təşkil etmişdir. İddiaçı tərəf cavabdeh sığorta şirkətinə sığortalı Paşayev Ceyhun Mehman oğlunun illik əmək fondu məbləğini az təqdim etməklə düzgün olmayan məlumat verdiyindən sığorta müqaviləsi üzrə faydalanan şəxslər olan iddiaçılara sığorta ödənişinin az hesablanaraq ödənilməsini göstərsələr də, cavabdeh “Archico" MMC-i mərhumun əmək müqaviləsində konkret əmək haqqı göstərilməsinə baxmayaraq özünün xx.xx.2021-ci il tarixli 01/21i saylı əmrinə əsasən mərhuma əmək haqqını işəmuzd qaydasında ödənilməsini, lakin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə edilən ödənişlər əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqından həyata keçirilməsini göstərmişlər. Digər Cavabdeh2 Sığorta Şirkəti ASC-i də eyni zamanda onlara müqavilə üzrə Paşayev Ceyhun Mehman oğlunun əmək haqqı məlumatlarına dair əmək müqaviləsinin təqdim edilməsini və sığorta ödənişlərinin də əmək müqaviləsi üzrə həyata keçirilmiş məlumat əsasında düzgün ödənilməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, illik əmək haqqı fondunun hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”nda göstərilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-i Cavabdeh2 Sığorta Şirkəti ASC-yə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlayarkən mərhum Paşayev Ceyhun Mehman oğlunun illik əmək haqqı fondu barədə məlumatları sığorta şirkətinə əmək müqaviləsinə uyğun vermiş və nəticədə sonuncunun bədbəxt hadisə nəticəsində ölümünə görə sığorta ödənişi almaq hüququna malik olan faydalanan şəxslərə – iddiaçıya və övladına Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən yuxarıda qeyd edilən məbləğdə sığorta ödənişi verilmişdir. İddiaçı tərəf qeyd edilən halın sığorta müqaviləsinin sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlanılması kimi qiymətləndirilməli olmasına dair dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, sığortalı tərəfindən sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə müqavilə bağlamasının hüquqi nəticələri isə Mülki Məcəllənin 897.3-cü və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində qeyd edilmişdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, əvvəla icbari sığorta müqaviləsinin qanunsuzluğu mübahisələndirilməmiş, qüvvəsindədir. İkincisi də, təqdim edilmiş bank sənədlərində mərhumun 2020-ci il üçün kartına nə qədər əmək haqqı köçürülməsi müəyyən edilməmişdir. Sığorta ödənişi hesablanarkən faktiki olaraq onun illik əmək haqqı fondu 4200 manat hesabı ilə nəzərə alınmışdır. Bu cavabdehlər arasında bağlanmış 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsinə əlavə edilmiş müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəlin məzmunu ilə də təsdiqini tapır. Daha sonra məhkəmə qeyd etmişdir ki, cavabdehlər arasında bağlanmış 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsinin şərtləri baxımından Cavabdeh1 MMC-nin Cavabdeh2 Sığorta Şirkəti ASC–yə sığorta olunmuş işçinin əmək müqaviləsi üzrə əmək haqqı məlumatı verilməsi kimi öhdəliyi olduğundan sonuncu da Paşayev Ceyhun Mehman oğlunun sığorta hadisəsinə münasibətdə sığorta ödənişi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2010-cu il 29 oktyabr tarixli 192 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması» Qaydasına uyğun olaraq həmin qaydalarda təsbit edilmiş düstürla düzgün olaraq hesablayıb ödəmişdir. Məhkəmə həmçinin iddiaçının cavabdehlərdən 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə tələbi ilə bağlı həmçinin qeyd edir ki, iddiaçı göstərilən məbləğin ona tam ödənilməsi barədə iddia qaldırarkən buna qədər ona 28.556 manat ödənilməsini nəzərə almamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 897.3, 904.1, 926.1, 926.3, 1096, 1097.1, 1099-ci maddələri, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 3.1, 5.1, 7.3, 11.1, 17.1, 17.2, 17.3, 17.4, 17.5, 17.7-ci maddələri, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması” Qaydasının 2.1, 2.2, 2.3, 2.4-cü maddəsi, “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”nın 2.1-ci maddəsi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 216-220, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 104/2024 saylı qətnaməsini ləğv edib, apellyasiya şikayətini təmin edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, 25 avqust 2021-ci il tarixdə “Archico" MMCdə karotçu işləyən əri, Paşayev Ceyhun Mehman oğlu 25 avqust 2021 -ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü 1 uşağı var və ailənin gəlir mənbəyi yalnız Ceyhun Paşayevin qazancı olmuşdur. Ceyhun Paşayevi işə götürən Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021-ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş, lakin həmin müqavilə üzrə ona 28.556 (iyirmi səkkiz min beş yüz əlli altı) AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı və onun azyaşlı övladına siğorta tərəfindən yoldaşının ölümü ilə əlaqədar olaraq 28.500 manat pul ödənilib. Lakin az ödənilib. Çünki mərhum yoldaşının 35 yaşı olub. Aylıq rəsmi gəliri 700 manat olub. Bundan sonra 30 il işləsə idi orta əmək haqqı olan məbləği ala biləcəkdi. Mərhum yoldaşı Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. Bu səbəbdən də "xxxx" sığorta tərəfindən ona ödənilən siğorta ödənişinin yenidən hesablanması və ödəniş qaydasının düzgün icra olunması barədə ərizə ilə müraciət etsə də, cavabdeh şirkət tərəfindən heç bir cavab ala bilməmişdir. İş üzrə məhkəmədə müəyyən edilmiş hallardan görünür ki, onun həyat yoldaşı Ceyhun Paşayevin istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta məbləği 57173,53 AZN olmuş, lakin ona 16 525 AZN və azyaşlı övladına 12 031 AZN sığorta pulu vermişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta məbləğinin ümumilikdə 28 500 (hər ikimizə) olmasının səbəbi onun həyat yoldaşının sığortasının hesablanması zamanı onun maaşının az göstərilməsi səbəb olmuşdur. Belə ki, mərhum həyat yoldaşının maaşı 700-800 AZN olmasına baxmayaraq 350 manat göstərilməklə Atəşgah Sığortaya işəgötürən ARCİCO MMC tərəfindən yanlış məlumatlar verilmişdir. Sığorta pulu da hesablanarkən məhz 350 AZN maaşa nisbətdə sığorta pulu hesablanmış və bu hal da ona ödənilməli olan sığorta pulunun azalmasına səbəb olmuşdur. İşdə olan sübutlardan görünür ki, xx.xx.2021-ci il tarixində onun mərhum həyat yoldaşı Ceyhun Paşayev kondisioner mühərrikinin quraşdırılması zamanı elektrik cərəyanının vurması nəticəsində ölmüşdür. Bu isə onu göstərir ki, işəgötürən işlərin təhlükəsiz aparılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməmiş və bu təqsirli hərəkəti nəticəsində bir ailə başsız qalmışdır. İşdən görünür ki, işəgötürən qanunla müəyyən edilmiş qaydada onun həyat yoldaşını düzgün sığorta müqaviləsini bağlalamış, işəgötürən sığorta şirkətini aldadaraq belə məlumat vermişdir ki, guya onun həyat yoldaşı 350 AZN maaş alır, halbuki, onun maaşı 700-800 AZN məbləğində olmuşdur. Bu isə qanunun pozulmasıdır və işəgötürən buna görə məsuliyyət daşıyır. Onun həyat yoldaşının orta aylıq əmək haqqı müəyyən edilərkən məhkəmə müəyyən etməyib ki, necə ola bilər ki, Bank hesablarından çıxarışlara əsasən onun həyat yoldaşı 700-800 AZN maaş alsın lakin onun orta aylıq əmək haqqı 350 AZN olsun, bu ağlabatan deyil, hesab edir ki, məhkəmə bu halı ətraflı araşdırmalı, bunun işəgötürənin təqsiri ucbatından olmasını müəyyən edərək kompensassiya məbləğinin tam həcmdə ondan tutulması barədə qətnamə qəbul etməli idi. Müəyyən edilmişdir ki, Cavabdeh1 MMC Cavabdeh2 Sığorta Şirkəti ASC-yə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlayarkən mərhum Paşayev Ceyhun Mehman oğlunun illik əmək haqqı fondu barədə məlumatları sığorta şirkətinə düzgün verməmiş və nəticədə sonuncunun bədbəxt hadisə nəticəsində ölümünə görə sığorta ödənişi almaq hüququna malik olan faydalanan şəxslərə – iddiaçıya və övladına Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən yuxarıda qeyd edilən məbləğdə sığorta ödənişi verilmişdir. Bu da sığorta ödənişinin 57173 AZN olmasına baxmayaraq 28 556 AZN verilməsi ilə nəticələnmişdir. Cavabdehlərdən Atəşgah Sığorta şirkətinin etirazından və nümayəndəsinin izahatından aydın şəkildə görünür ki, sığorta şirkəti də işəgötürənin əmək haqqının az göstərilməsindən narazıdır və bu onların da hüquqlarının pozulmasıdır. Bundan əlavə “Atəşgah Sığorta” şirkətinin mövqeyindən belə nəticə çıxır ki, onlar işəgötürən tərəfindən nə hansı əmək haqqı təqdim olunubsa onlar da müvafiq hesablama düsturu ilə sığortanı hesablayıblar. Əslində isə mərhum Ceyhun Paşayevin əmək haqqı köçürülən Bank çıxarışlarından aydın görünür ki, onun əmək haqqı 700-800 AZN olduğu kimi göstərilsəydi onda 57 173 AZN sığorta pulunu tam həcmdə ala bilərdi. Başqa sözlə sığorta pulunun tam həcmdə ala bilməməyinin səbəbi kimi əmək haqqının işəgötürən tərəfindən az göstərilməsi ilə əlaqələndirən Sığorta şirkəti onların hüquqlarının pozulmasını təsdiq etmişdir. İşə baxanda görünür ki, iddiaçı olaraq o Bank sənədləri, mərhum əri Ceyhum Paşayevin maaaşı köçən hesabdan çıxarışlarla sübut edir ki, onun maaşı 350 deyil, 700-800 AZN olmuşdur, cavabdeh olan ArchiCO MMC isə heç bir dəlil təqdim etmir ki, hansı səbəbdən bu qədər maaş onun kartına köçdüyü halda sığorta şirkətinə ərinin gəlirləri barədə yalan məlumat verir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan cavabdeh ArchiCO MMC ilə sığorta şirkəti arasında bağlanmış 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsinin şərtləri baxımından Cavabdeh1 MMC-nin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə sığorta olunmuş işəgötürən ArchiCO MMC-nin öz işçisi olmuş Ceyhun Paşayevin əmək haqqı barədə məlumatın verilməsi kimi öhdəliyi olduğundan hesab edir ki, işəgötürən olan cavabdeh ArchiCO MMC qanunvericiliyin tələblərini pozmuş, bu işdə mərhum Ceyhun Paşayevin isə heç bir nöqsanı olmamışdır. Məhz bunun nəticəsində də mərhum Paşayev Ceyhun Mehman oğlunun sığorta hadisəsinə münasibətdə sığorta ödənişi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2010-cu il 29 oktyabr tarixli 192 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması» Qaydasına uyğun olaraq həmin qaydalarda təsbit edilmiş düstürla hesablanarkən sığorta ödənişi üçün 57173 AZN deyil 28 500 AZN hesablanaraq ödənmişdir. Məhkəmə isə bu iş üzrə mühüm əhəmiyyət kəsb edən hala düzgün qiymət verməmiş, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına səbəb olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Paşayev Ceyhun Mehman oğluna münasibətdə Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli, 11 fevral 2021-ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş və Paşayev Ceyhun Mehman oğlu 25 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölməsi nəticəsində iddiaçıya və uşağına ümumilikdə 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının mərhum ərinin 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunduğu halda həmin müqavilə üzrə ona 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirilməsinin qanunsuzluğunu mübahisələndirməsini nəzərə alaraq iş üzrə xüsusi bilik tələb edildiyindən məhkəmənin qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssis rəyinə əsaslanan 18 sentyabr 2023-cü il tarixli 9/3426 nömrəli ekspert rəyinin məzmunu ilə müəyyən edilmişdir ki, zərər çəkənə ödəniləcək məbləğ 28557,48 manat təşkil edir. Cavabdeh işəgötürən ArciCO MMC nin izahatında qeyd etdiyi və məhkəmə tərəfindən qətnamədə əsaslı hesab edilən hal ondan ibarət olmuşdur ki, Paşayev Ceyhun Mehman oğlunun orta aylıq əmək haqqı 350 manat olmaqla bir illik əmək haqqı fondunun məbləği 4200 manat təşkil etmişdir. Lakin məhkəmə iş materiallarında olan mərhum Ceyhun Paşayevin maaş kartından çıxarışla müəyyən edilir ki, 2020-ci ilin avqust ayından xx.xx.2021-ci il tarixədək vergi və digər icbari tutmalar da daxil olmaqla əmək haqqı 2020-ci ilin avqust ayı üçün 720, sentyabr ayı üçün 787,5, oktyabr ayı üçün 775, noyabr ayı üçün 675, dekabr ayı üçün 695, 2021-ci ilin yanvar ayı üçün 712,5, fevral ayı üçün 675, mart ayı üçün 675, aprel ayı üçün 725, may ayı üçün 830, iyun ayı üçün 850 manat, iyul ayı üçün 800 manat olmuşdur. "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Paşayev Ceyhun Mehman oğlunun adına olan plastik karta 2021-ci ilin yanvar-avqust aylarında müvafiq olaraq 636.03, 644,56, 611,38, 611.38, 655,63, 748,55, 766,25, 722.0 manat vəsait köçürülmüşdür. Belə olan halda mərhum Ceyhun Paşayevin bir illik əmək haqqı 4200 AZN deyil 8919 AZN olmuşdur. Bu da o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin elə məhkəməni özünün müəyyən etdiyi işin hallarına uyğun gəlmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, qarşı tərəfin ödədiyi 46.000 manatın daxilinə sığorta ödənişi olan 28.000 manat da daxildir. Şirkət olaraq yas xərcləri də ödəyiblər. 5000 manat kompensasiya verilməsi məhkəmə qərarı əasında müəyyən edilib. Şirkət tərəfindən verilən son bir il ərzində yoldaşının aldığı əmək haqqının siyahısı var. Hesabatların buna uyğun keçirilməsini istəyir. 350 manat əməkhaqqı ilə hesablanıb, amma şirkət tərəfindən verilmiş son 1 il ərzində əməkhaqqı siyahısında heç 350 manat əməkhaqqı hesablanmayıb. Əməkhaqqı 600-800 manat arası dəyişib. Bank tərəfindən təsdiqlənə bilər. Qarşı tərəf 350 manat əməkhaqqı olduğunu sübut etsə o iddiadan imtina edər.
19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, işin mübahisəsiz halı odur ki, iddiaçının həyat yoldaşı Cavabdeh1 MMC-də işləyib və istehsalatda baş verən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sığorta müqaviləsi var və sığorta ödənişi ödənilməlidir. Sığorta ödənişinin 16.525 manat xanıma, 12.031 manat da oğluna ayrılaraq ödənilib, ümumi 28.556 manat pul ödənilməsi ilə razı deyil. Hesab edir ki, müqavilə əsasən 57173.53 manat sığorta ödənişi ödənilməlidir. İşəgötürənin təqsiri ucbatından şəxs dünyasın dəyişib. Məhkəmə araşdırılması zamanı işəgötürənin yeganə təqsirinin təhlükəsizlik qaydalarını pozması halı deyil. Hesablamanın bu cür aparılmasında da işəgötürənin təqsiri var. Hətta, işçinin əməkhaqqı gizlədilib. 700-800 manat əməkhaqqı olduğu halda 350 manat göstərib. Cavabdehlərin izahatlarından sığorta ödənişinin bu səbəbdən 57173.53 manat deyil, daha az hesablandığı bəlli oldu. Sığorta şirkəti işçinin əməkhaqqının nə qədər olduğunu araşdırmalı idi. Məhkəmə sorğular verdi. Tam sübut edildi ki, şəxsin əməkhaqqı 700-800 manat civarındadır, amma 350 manat göstərib. Sığorta şirkətinin nümayəndəsi, əməkhaqqı yüksək olduğu halda sığorta ödənişinin miqdarının daha artıq ola biləcəyini və şirkətə yalan məlumat verildiyinə görə şirkət sığorta ödənişini bu qədər ödədiyini bildirib. İllik əməkhaqqı fondu işçinin əməkhaqqından hesablanır. Sığorta ödənişini 350 manatdan düstur vasitəsi ilə hesablayanda uşağa 12.031 manat, 16.525 manat xanıma hesablanıb.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bidirir ki, apellyasiya şikayəti ilə razı deyil. İşəgötürənlə işçi arasında olan əməkhaqqı işəmuzd olmuşdur. Mərhum şəxs şirkətin işçisi olub, ailəsinə sığortadan əlavə 46.500 manat maddi yardım edilib. Sonra mənəvi zərərlə bağlı məhkəməyə müraciət edilib, 5000 manat kompensasiya verilməsi məhkəmə qətnaməsi ilə qət edilib.Onlar bunu mübahisələndirməyiblər. Şirkət olaraq həm mənəvi tərəfdən borcunu yerinə yetirdiyini, həm də qanunvericiliyə əsasən ödənişin ödənildiyini hesab edir. Bu məsələ ilə bağlı mənəvi zərər də ödənilib. Apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin qüvvədə saxlanılmasını tələb edir. Sığorta şirkətinə əməkhaqqı səviyyəsində sığorta ödənişləri köçürülməsini sığorta şirkəti bilir. Çünki, sığorta ödənişi illik əməkhaqqı fondu ilə hesablanır. İşçi gündəlik artıq işlədiyi təqdirdə 350 manatdan artıq ödəyir, amma işləmədiyi halda belə 350 manatı ödəyir. Vergini, digər sosial ödənişləri 350 manatla hesablamayıblar, amma qanunvericiliyə əsasən əməkhaqqı işəmuzd verilib.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bidirir ki, sığorta şirkəti 350 əməkhaqqını informasiya sistemindən görür. Sığorta şirkəti əmək müqaviləsində olan əməkhaqqının miqdarını görür, əlavə ödənişləri görmür. İllik əməkhaqqının hesablanması, sığorta məbləğinin müəyyən edilməsi Nazirlər Kabinetinin 196 nömrəli qərarına əsasən müəyyən edilir. Hal-hazırda informasiya sistemin elektron formada həyata keçirilir. Sığorta ödənişi Nazirlər Kabinetinin müəyyən etdiyi düstura əsasən hesablanıb və ödənilib. Sığorta şirkəti tərəfindən sığorta ödənişinin düzgün hesablanması ekspert və mütəxəssis rəyinə əsasən təsdiq edilib. Hesab edir ki, sığorta ödənişini düzgün ödəyiblər. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində faydalanan şəxslərin anlayış verilib. Faydalanan şəxslər sayca çox olmalıdır. Himayədar artdıqca sığorta ödənişinin miqdarı artır. Uşaqların yaşı aşağı olarsa,da miqdar artır. Himayəsində şəxs olduda sığorta ödənişi artır, amma tam sığorta məbləğinin ödənilməsi təcrübədə olmayıb. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanuna, Nazirlər Kabinetinin 196 nömrəli qərarına ekspertlər istinad ediblər. Əməkhaqqı 700-800 manat göstərildiyi halda sığorta məbləği yüksək olacaqdı. İşəmuzd ödənişlər ödəniləndə gəlirin hesablanması hazırda aktual məsələdir. İmformasiya sistemində əməkhaqqının aylıq avtomatik dəyişməsi Azərbaycanda yoxdur.Hər ay informasiya sistemində ödənişləri dəyişmək işəgötürən üçün də çətindir. Onlara birbaşa məlumat verilmir, sistemə əlavə edilən məlumatı görürlər.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasinin Qanunu: Maddə 3.1. Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: Maddə 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); Maddə 3.1.3. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); Maddə 3.1.4. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; Maddə 3.1.5. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; Maddə 3.1.6. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; Maddə 3.1.7. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Maddə 3.2. Bu Qanun Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.
Maddə 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə; 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.
Maddə 7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Maddə 11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə Mərkəzi Bankın verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər. Maddə 17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Maddə 17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 17.3. Aylıq sığorta ödənişi məbləğinin hesablanması zamanı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın orta aylıq əmək haqqı barədə arayışı sığortalıdan əldə etmək mümkün olmadıqda aylıq sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın müvafiq sahəsində müvafiq dövr üçün müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanır. Maddə 17.4. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Maddə 17.5. Əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. İddiaçı əri Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə əlaqədar Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış 11 fevral 2021-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş 57173,53 manat məbləğində pulun ödənilməsini tələb edir.
30. İşin mübahisəsiz halıdır ki, qeyd edilən sığorta müqviləsinə əsasən İddiaçı hesabına 12031,88 manat, övladı X2 hesabına 16525,60 manat, cəmi 28557.48 manat ödəniş edilmişdir.
31. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, mərhum həyat yoldaşının maaşı 700- 800 AZN olmasına baxmayaraq 350 manat göstərilməklə Atəşgah Sığortaya işəgötürən tərəfindən yanlış məlumatlar verilmişdir. Sığorta pulu da hesablanarkən məhz 350 AZN maaşa nisbətdə sığorta pulu hesablanmış və bu hal da ona ödənilməli olan sığorta pulunun azalmasına səbəb olmuşdur.
32. Göründüyü kimi iddiaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş 57173,53 manat məbləğində pulun tam olaraq ödənilməsini tələb edir. Yəni iddiaçı 57173,53 manat məbləği mübahisələndirmir. Sadəcə hesab edir ki, mərhum ərinin əmək haqqısı az göstərildiyi üçün tam olaraq yekun məbləğ olan 57173,53 manat ona ödənilməmişdir.
33. Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış 11 fevral 2021-ci il tarixli müqaviləyə 01 saylı Əlavədən görünür ki, Paşayev Ceyhun Mehman oğluna münasibətdə orta aylıq əmək haqqı 350 manat olmaqla bir illik əmək haqqı fondunun məbləği 4200 manat qeyd edilmiş, sığorta ödənişi 57173,53 manat nəzərdə tutulmuşdur.
34. İllik əmək haqqı fondunun hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “ Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”nda göstərilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə görə Sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir.
35. Göründüyü kimi bir illik əmək haqqı fondunun məbləği 4200 manat göstərilməklə yekunda müqavilədə sığorta məbləği 57173,53 manat qeyd edilmişdir. Həmin yekun məbləğin iddiaçıya tam olaraq ödənilməməsinə əsas isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasında nəzərə alınmalı olan - faydalanan şəxsin sayı; sığorta olunanın himayəsində olmuş şəxslərin sayı; sığorta olunanın illik əmək haqqı fondu; bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalına uyğun hesablamanın aparılmasıdır.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 9/3426 nömrəli ekspert rəyindən də görünür ki, sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin böyük mütəxəssisi X1 tərtib etdiyi Mütəxəssis rəyindən göründüyü kimi zərər çəkənə ödəniləcək məbləğ 28557,48 manat məbləğində olması müəyyən edilir.
37. Göründüyü kimi, Cavabdeh2 Sığorta Şirkəti Cavabdeh1 MMC tərəfindən ona təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasında göstərilmiş düstura uyğun olaraq sığorta ödənişinin məbləğini hesablamışdır.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev