Məhkəmə qərarları › İş №2(103)-3396/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3396/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3396/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024 cü il tarixli, e-2(005)-401/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 19 oktyabr 2010-cu il tarixində tərəflər-Cavabdeh1 ilə İddiaçı ASC arasında AK-175 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən LPO İddiaçı ASC borclu Cavabdeh1 44 391.21 manat məbləğində kredit verməyi, borclu isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 19 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, “Zamin” "xxxx" ASC 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclu Cavabdeh1 öhdəliklərini yerinə yetirmək üçün kreditor İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış borcu məhkəmə qaydasında cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 69310.40 (altmış doqquz min üç yüz on manat 40 qəpik) AZN bundan 38 596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) AZN əsas, 30713.80 (otuz min yeddi yüz on üç manat 80 qəpik) AZN faiz borcunun və iş üzrə ödənilmiş 297.93 (iki yüz doxsan yeddi manat 93 qəpik) AZN dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 44391.21 (qırx dörd min üç yüz doxsan bir manat 21 qəpik) AZN məbləğində kredit vermişdir. Kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin-mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə bank ilə "xxxx" ASC arasında 19 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “zamin bu Müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********899 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********938 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 21 avqust 2023-cü il tarixinə cavabdehlərin banka hesablanmış 38596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) AZN əsas, 30713.80 (otuz min yeddi yüz on üç manat 80 qəpik) AZN faiz, cəmi 69310.40 (altmış doqquz min üç yüz on manat 40 qəpik) AZN borcu yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cəmi 71266.01 (yetmiş bir min iki yüz altmış altı manat 1 qəpik) manat bundan 38596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) manat əsas, 32669.41 (otuz iki min altı yüz altmış doqquz manat 41 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 303.8 (üç yüz üç manat, 80 qəpik) AZN dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e- 2(005) 401/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 38596,60 manat əsas borc, 30713,80 manat faiz borcu olmaqla, cəmi 69310,4 (altmış doqquz min üç yüz on manat, qırx qəpik) manat məbləğində pulun və 297,93 manat dövlət rüsumunun iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 5,87 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 239 ay müddətinə, illik 12 faiz olmaqla, 44391.21 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci ildə olmuş, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü ildə **********899 saylı yazılı xəbərdarlıq ünvanlanmışdır. Bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, pozuntuya yol vermişdir. Bununla bağlı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC yə ünvanlanmış 08 avqust 2023-cü il tarixli, **********938 saylı xəbərdarlıq məktubu ilə 19 oktyabr 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməsi tələb olunmuşdur. Məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8334 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 40580,24 manat, faiz borcu üzrə 35572,76 manat məbləğində, xx.xx.2023-cü il tarixinə isə 40580,24 manat əsas borc, 35572,76 manat faiz borcu müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə yaranmış 38596.60 manat pul məbləği cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin faiz borcuna aid hissəsində isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərdən 41329.09 manat gecikmiş borc məbləğinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 27 iyul 2023-cü il tarixinə cavabdehin bank qarşısında ümumilikdə 69001,56 manat icra edilməmiş borcunun olduğu bildirilmişdir. Qeyd olunur ki, iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək faiz borca görə 32669.41 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun surətinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən həmin müddət üçün gecikmiş (məktubun ünvanlandığı tarixədək) borc məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 30713,80 manat pul məbləği tutulması məqsədəmüvafiqdir. Digər tərəfdən hazırki iş materiallarından görünür ki, borclu müqavilə ilə müəyyənləşdirilmiş annuitet ödənişlərini dəfələrlə gecikdirməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bununla da iddiaçının şərtləri pozulmuş kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Bu zaman iddiaçı tərəfindən öhdəliyin tam icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilsə də, məhkəmə qeyd etmişdir ki, bu hal gələcəkdə müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq məqsədilə iddiaçının müqavilənin ləğv edilmiş hesab edilməsini məhkəmə qaydasında tələb etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli və müqavilə ləğv edilmiş hesab olunmalıdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbini təmin olunmuş hissədə ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi 239 (iki yüz otuz doqquz) ay müddətinə imzalanmışdır. Müqavilənin müddəti xx.xx.2030-cu il tarixində bitəcək. Belə ki, bank tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət olunmuşdur. İş üzrə yekun məhkəmə aktı isə düz 6 (altı) ay sonra xx.xx.2024-cü il tarixində qəbul olunmuşdur. Tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən faiz hər günə hesablanır və faiz məbləği isə məhkəmə qətnaməsi qəbul olunan günədək hər gün dəyişir. Ona görə də bank tərəfindən məhkəmə hazırlıq iclasında iddia tələblərinin dəqiqləşdirilməsi zərurəti yaranır. Məhkəməyə müraciət olunan tarixdən qətnamə qəbul olunan tarixədək uzun müddət keçir. Bəzən bu müddət cavabdehlərin əsassız vəsatətləri əsasında daha uzun müddət çəkə bilir. Bu da banka xeyli miqdarda maddi ziyanın dəyməsinə səbəb olur. Borclu kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmədiyindən, tərəflər arasında mövcud olan müqavilə öhdəlikləri başa çatmamışdır. Yalnız mübahisə üzrə yekun məhkəmə aktının çıxarılması ilə tərəflər arasında olan müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi qiymətləndirilə bilər və qərar çıxanadək bank tələbi artıra bilər. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə müqavilə bağlandıqdan sonrakı dövrdə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də sonradan bunu edə bilməmişdir. Belə ki, dünyada baş vermiş iqtisadi proseslər, neftin qiymətinin kəskin azalması və bu kimi digər hallar ölkənin iqtisadiyyatından da yan keçməmişdir. Ölkə vətəndaşı olaraq bu hallar onun gəlirlərinin kəskin azalmasına səbəb olmuşdur. Ona görə də iddiaçıya baş vermiş iqtisadi prosseslər səbəbindən ödəmə qabiliyyətinin azaldığını bildirmiş və aralarında bağlanmış müqavilənin şərtlərinə yenidən baxmasını xahiş etmişdir. Əvvəllər onun təklifləri İddiaçı ASC-nin əməkdaşları tərəfindən müsbət qarşılansa da, sonradan bank ləğv olunması aralarında yarana biləcək razılaşmanı mümkünsüz etdi. Ona görə də müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasında müəyyən yubanma olmuşdur. İddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə yenidən baxılsa onun müqavilə öhdəliklərinin icrası mümkün olacaq ki, bu da tərəflər üçün faydalı olacaqdır. Digər tərəfdən iddiaçı aralarında bağlanmış müqavilə öhdəliklərinin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, kredit müqaviləsinə əsasən ona 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 44391.21 (qırx dörd min üç yüz doxsan bir manat 21 qəpik) AZN məbləğində kredit ayrılmışdır. Qeyd edildiyi kimi kredit aylıq 12% ilə verilsə də, iddiaçı özününün üstün mövqeyindən istifadə edərək əsassız olaraq əlavə borc hesablamışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3396/2024 saylı 05 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-9/4991/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə borc məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli və qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 19 oktyabr 2010-cu il tarixində tərəflər-Cavabdeh1 ilə İddiaçı ASC arasında AK 175 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən LPO İddiaçı ASC borclu Cavabdeh1 44391.21 manat məbləğində kredit verməyi, borclu isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 19 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, “Zamin” "xxxx" ASC 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclu Cavabdeh1 öhdəliklərini yerinə yetirmək üçün kreditor İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 19 oktyabr 2010 cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə 41.329,09 manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə 41351,11 manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hazırda isə iddiaçı, eləcə də Cavabdeh1 faiz borcu məbləğinin düzgün hesablanmamasını bildirirlər. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8334 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (maliyyə arayışı tarixi) əsas borc üzrə 40580,24 manat faiz borcu üzrə 34788,20 manat xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) əsas borc üzrə 40580,24 manat faiz borcu üzrə 35572,76 manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan ekspert rəyində borcun məbləğinin cavabdehə göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə hesablama aparılmadığından eləcə də, müəyən edilmiş borc məbləğinə dair şübhələr mövcud olduğundan, ümumlikdə isə borcun məbləğinin müəyyən edilməsi üçün əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixində borcun hesablanması işin obyektiv həlli baxımından zəruri olduğundan apellyasiya baxışı zamanı əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Həmçinin cavabdehin apellyasiya instansiyası məhkəməsinə ödənişlər aparmasına dair qəbzlərin təqdim edilməsini də nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4991 saylı, 14 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış və xəzinə mədaxil qəbzləri məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli, AK-175 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredir borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (xəbərdarlıq göndərilən tarixə) əsas borc üzrə 38776,72 manat, faiz borcu üzrə 30128,61 manat, xx.xx.2024-cü il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borc üzrə 38776,72 manat, faiz borcu üzrə isə 32713,73 manat. Həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materialları ilə birlikdə təqdim olunan bütün xəzinə mədaxil qəbzləri hesablamalar aparılarkən nəzərə alınmışdır. Göründüyü kimi apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq cavabdehin xx.xx.2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borc üzrə 38776,72 manat və faiz borcu üzrə 30128,61 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər-hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4991 saylı, 14 noyabr 2024cü il tarixli rəyinə istinad edilməlidir. Həmin rəydə cavabdehin əsas borcu 38776,72 manat müəyyən edilsə də, məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab edir ki, iddiaçı tələbində əsas borcun 38.596,60 manat tutulmasını tələb etdiyindən əsas borca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur. Lakin iddiaçı xx.xx.2023-cü il tarixə yəni kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxta qədər faiz borcunu tələb edə bilərdi ki, həmin tarixə faiz borcu 30128,61 manat müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı ekspert rəyində borcun məbləğinin cavabdehə göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə hesablama aparılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu 30128,61 manat müəyyən edilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Çünki cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda həmin dəlillər ekspert rəyi ilə təkzib edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər, bu baxımdan hazırda iddiaçının kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan yaranmış borcun məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, faiz borcu 30128,61 manat müəyyən edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024 cü il tarixli, e- 2(005)-401/2024 nömrəli qətnaməsi – faiz borcu hissəsində dəyişdirilsin. İddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 30128,61 (otuz min yüz iyirmi səkkiz manat, altımış bir qəpik) manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: X7 Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar