Məhkəmə qərarları › İş №2(103)-3399/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3399/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3399/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9.800 manat pulun və iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, dostu olan cavabdeh ilə aralarında olan razılığa əsasən 2018-ci ilin yaz aylarında ünvan 1 ünvanı ilə üzbəüz yerləşən “Meduza” kafesini aylıq icarə haqqı 700 manat olmaqla əlyazma müqaviləsi əsasında işlətməyə başlamışlar. Müqavilə cavabdehin adına bağlanmışdır. Həmin kafeni icarəyə götürərkən zəruri olan inventarları, əşyaları və digər avadanlıqların alınması üçün xeyli miqdarda pul tələb olunurdu. Bu məqsədlə Bankdan kredit götürmək məcburiyyətində qalmışlar. Razılaşmalarına əsasən, tələb olunan bütün xərcləri bərabər qoymalı və qazancı da bərabər bölməli idilər. Razılaşmalarına uyğun olaraq iddiaçı, öz adına kredit almaq üçün 2018-ci ilin aprel ayının əvvəlində “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və 09.04.2018-ci il tarixdə iddiaçı ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinə” əsasən Bankdan 3.820 manat məbləğində borc götürmüşdür. Cavabdeh rəsmi olaraq işləmədiyindən öz adına kredit ala bilməmişdir. Bu səbəbdən, iddiaçı, tanışı olan (iş üzrə tərəf olmayan) Toğrul Əliyevə müraciət etmiş və Cavabdeh 11.05.2018-ci il tarixdə Bankla “Kredit müqaviləsi” bağlayaraq cavabdeh üçün 4.200 manat məbləğində borc götürmüş, həmin pulu cavabdehə vermişdir. Bu minvalla Bankdan cəmi 8.000 manatdan bir qədər çox məbləğdə pul borc götürülsə də, faizlər ilə birlikdə borcun məbləği 12.000 manat təşkil edir. Kafeni 3 ay işlətdikdən sonra əldə edilən qazancın yetərli olmaması səbəbindən qərara gəlmişlər ki, cavabdeh kafeni işlətməyə davam etsin və Banka olan hər iki kreditləri aylıq ödəsin. Cavabdeh bir neçə ay bir kredit üzrə ödəniş etsə də sonradan ödəniş etməkdən yayınmışdır. Cavabdehin atası Bahadur Əliyev kredit borcundan xəbər tutduqdan sonra iddiaçı və iddiaçının atası ilə görüşmüş, onlar ilə mübahisə etmiş, dalaşmış, iddiaçının atasına xəsarət yetirmişdir. Cavabdeh krediti ödəmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq Cavabdeh adına olan kredit borcunu da ödəmişdir. Bundan başqa, cavabdeh, Bankdan götürülmüş pul hesabına kafeyə üçün alınmış əşyaları sataraq satışdan əldə olunmuş pul vəsaitini mənimsəmişdir. Bununla da, cavabdehin iddiaçıya 9.800 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin ziyanın ödənilməsi məqsədi ilə 9.800 manatın ona ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı, apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, iddiaçının Bankdan götürdüyü kreditin onların razılaşmasına heç bir aidiyyatı yoxdur. İddiaçı, kafeyə və avadanlıqların alınması üçün xərc çəkməmişdir. Məhkəmə, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının mövqeyi ondan ibarətdir ki, cavabdeh onunla aralarına olan razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun payına düşən xərcləri ödəməmiş, bununla da ona ziyan vurmuşdur. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, Bakdan götürülmüş kreditlərin onunla iddiaçının razılığına aidiyyatı yoxdur və iddiaçı, kafeyə və avadanlıqların alınması üçün xərc çəkməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin onun qarşısında üzərinə hər hansı bir öhdəlik götürməsini təsdiq edə biləcək sübutlara malik deyil (iddiaçı, bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir). Öhdəliyin götürülməsi sübuta yetmədiyi halda isə onun icrasının tələb edilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar