Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3399/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «dəymiş ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində, istifadədə olan 0.0645 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 41.5 kv.m ümumi, 27.3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 25914 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsindəki 35 nömrəli evin, 24 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Məhərrəmov küçəsindəki 35 saylı binanın 18-ci mənzilində yaşayan İddiaçı müraciəti əsasında onun mənzilində olmaqla 23 saylı MKİS-in rəisi Y.Əliquliyev, mühəndis Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman həmin binada 24-cü mənzildə yaranmış nasazlıq səbəbindən 21-ci mənzilə mütəmadi olaraq axan su 18-ci mənzilin tavan və divarını isladaraq sarı ləkələr əmələ gəlmişdir. 24-cü mənzilin sahibi Cavabdeh xəbərdarlıq olunmuşdur ki, ona məxsus mənzilin hamam otağının trapını söküb təmir etsin.
4. Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı binanın 21-ci mənzilinin sahibi xx.xx.2014-cü ildən RX-0358355 saylı Çıxarışa əsasən X1r, qeydiyyatı yoxdur. Mənzildə 2 (iki) nəfər mənzilin keçmiş sahibinin həyat yoldaşı X2 və oğlu X7 qeydiyyatdadırlar. A.Məhərrəmov küçəsi, 35 saylı binanın 24 saylı mənzilin sahibi xx.xx.2018-ci ildən RX-1390963 saylı Çıxarışa əsasən Cavabdehdır və o, 2018-ci ildən daimi qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş ziyana görə 4979(dörd min doqquz yüz yetmiş doqquz) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçıya məxsus mənzilə zərər dəymişdir. "xxxx" MMC-yə edilmiş müraciət əsasında tərtib edilmiş rəyə əsasən dəymiş zərərin məbləği 4979 manat müəyyən edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbinin təmin edilməməsi; iİddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi; iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35-in 1-ci mərtəbəsində yerləşən 18 saylı mənzilə su sızması nəticəsində maddi ziyan dəymişdir. Lakin həmin ziyan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35-in 3- cü mərtəbəsində yerləşən 24 saylı mənzildən suyun axıdılması nəticəsində deyil, cavabdehə məxsus mənzilin üstündə yerləşən mənzillərin su, kanalizasiya boru xətlərində, sanitar texniki avadanlıqlarda yaranmış nasazlıq və ya həmin mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən vurulmuş ola bilər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ziyan dəysə də, onun cavabdehin təqsiri ucbatından dəyməsi müvafiq qaydada sübuta yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı (nümayəndəsi və vəkili Vəkil Babalı oğlu) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmırdı.
23. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddianı rədd edilməsi qənaətinə gələrkən, xx.xx.2022-ci il tarixli, 10/6248 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas götürmüşdür. Qeyd olunan rəy əsassız olmamışdır. Çünki, rəydə cavabdehin istifadəsində olan 24 saylı mənzilin konstruktiv elementləri(divar, tavan, döşəmə və.s) üzərində də, su sızmaya xarakterik izlər mövcud olduğundan, cavabdehin mənzilinə suyun sızmasının səbəbi 24 saylı mənzilin üstündə yerləşən mənzillərin su, kanalizasiya boru xətlərində, sanitar texniki avadanlıqlarda yaranmış nasazlıq və ya həmin mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi ola bilməsi göstərilmişdir. Demək, bu rəylə də su sızmanın cavabdehin mənzilindən axıdılması müəyyən olunmamış, məhkəmə də cavabdehi bu hüquq pozuntusunu törətməkdə təqsirli bilməmişdir.
24. Qeyd olunan ekspert rəyi ilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5374,2 manat, yəni iddiaçının tələb etdiyindən də artıq müəyyən edilmişdir. Ancaq, axıntının səbəbi cavabdehin mənzilində qeydə alınmadığı müəyyən edilmiş, yəni konkret olaraq cavabdehin iddiaçıya maddi ziyan vurmasının təsdiq edilmədiyini birinci instansiya məhkəməsi nəzərə almışdır.
25. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq olunmadığı hissəsində məhkəmənin razılaşması üçün əsaslar olmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.