Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-34/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000-ci ildən Bakı şəhəri, T.Şahbazi küçəsi ev 241 ünvanında yerləşən 27 saylı mənzilin mülkiyyətçisi olduğunu, sağlamlığındakı məhdudiyyətə baxmayaraq böyük çətinliklə mənzilini təmir etdirdiyini, təmirdən əvvəl və sonra da binanın 30 saylı mənzilindən onun mənzilinə su axıdıldığını, qonşuluğa görə hər dəfə susduğunu, lakin 05.09.2018-ci il tarixdə təkrar baş vermiş su axıntısı nəticəsində mənzilində daha ciddi fəsadlar baş verdiyini, müraciəti əsasında 40 saylı MKİS-nin əməkdaşlarının yaşadığı mənzilə baxış keçirdiklərini, həqiqətən də su axıntısının olmasını və ona maddi zərərin dəyməsini müəyyən etdiklərini, dəymiş maddi zərərin ödənilməsi ilə bağlı mənzilin mülkiyyətçisi Cavabdeh müraciət etməsinə baxmayaraq onun bundan imtina etdiyini bildirmiş, mənzilinə su axıdılması nəticəsində dəymiş 10 000 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 584 (beş yüz səksən dörd) manatın və ödənilmiş dövlət rüsumunun 1,50 (bir manat əlli qəpik) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və düzgün ünvanda iştirakı ilə ekspertiza keçirilməklə qanuni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, ekspertiza tədqiqatının səhv ünvanda həyata keçirildiyi, rəydə guya onun mənzilinə baxış keçirildiyinin qeyd olunmasına baxmayaraq ekspertin mənzilinə ümumiyyətlə gəlmədiyi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı da apellyasiya şikayəti vermiş, şikayətində ekspertin yalnız mənzilinə dəymiş ziyanla bağlı tədqiqat apardığını, lakin mənzildə olan əşyalara dəymiş ziyanı nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və cavabdeh (əvvəlki iclasda nümayəndəsi) apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi əlavə olaraq, iddiaçının mənzilinə su sızmasının həmin mənzilin daxilində yerləşdirilmiş su çənindən su axması səbəbindən baş verdiyini irəli sürmüşdür.. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin, cavabdehin şikayəti rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv edilməklə iddia həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən ünvan 2 ünvandakı 30 saylı mənzil isə cavabdehə məxsusdur; iddiaçı cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmiş, cavabdeh isə iddianın əsassız olduğunu, iddiaçının mənzilinə onun mənzilindən deyil, iddiaçının öz mənzilindəki çəndən su axdığını irəli sürmüşdür. İş materiallarında olan, Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən tərtib edilmiş 17.09.2018-ci il tarixli akta əsasən, Bakı şəhəri, T.Şahbazi küçəsi ev 241 ünvanında yerləşən 27 saylı mənzilə baxış keçirilmiş, həmin mənzilə 30 saylı mənzildən su axıdıldığı və mənzillə, həmçinin əşyalara ziyan dəydiyi müəyyən olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin 32122 saylı 29 mart 2019-cu il tarixli rəyinə əsasən ünvan 3 ünvandakı 30 saylı mənzildən suyun sızdığı, 27 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 584 manat tələb edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəyini əsas götürərək və Mülki Məcəllənin 1096-cı, 1097-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı müəyyən edilmiş, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə də bu fakt təsdiq olunaraq, sadəcə bunun texniki səbəbi aydınlaşdırıla bilinməmişdir. Kollegiya əlavə ekspert rəyinin tədqiqat hissəsində qeyd olunanlara da diqqət çəkərək qeyd edir ki, 27 və 30 saylı mənzillərə baxış keçirərək müvafiq ölçmə işləri aparan ekspert, su sızmanın müxtəlif səbəblərdən, o cümlədən sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. səbəblərdən ola biləcəyini vurğulamış, bununla belə 27 saylı mənzilin tavanında və divarlarındakı su sızma izlərini nəzərə alaraq su sızmanın 30 saylı mənzildən qaynaqlanmış olduğu ehtimalı üzərində dayanmışdır. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. İddiaçının mənzilinə su sızmasının həmin mənzilin daxilində yerləşdirilmiş su çənindən su axması səbəbindən baş verdiyi barədə cavabdehin irəli sürdüyü arqument də apellyasiya baxışı zamanı öz təsdiqini tapmamış, bu arqumentin yoxlanılması üçün təyin olunan ekspertizanın 15.09.2021-ci il tarixli rəyində, həmin çənin sanitar qovşağın üzərində yerləşdiyi, digər yaşayış otaqları ilə əlaqəsinin olmadığı, mənzildəki qüsurların su çənindən su axması səbəbilə yaranmasının birbaşa mümkün olmadığı göstərilmişdir. Məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onun məhkəmə prosesi barədə məlumat aldığı, nümayəndəsinin məhkəməyə ərizə ünvanlayaraq prosesin təxirə salınmasını xahiş etdiyi aydın olur; məlumatlı olduğu məhkəmə prosesinə cavabdehin özünün getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. İddiaçının şikayətini isə kollegiya qismən əsaslı hesab edir; belə ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi hüquqi qiymət verməmiş, su axma nəticəsində onun mənzilindəki əşyalara dəymiş ziyanla bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə ekspertizanın rəyi ilə, iddiaçının mənziliində olan, su axma səbəbilə istifadəyə yararsız vəziyyətə düşmüş yataq dəstinin və bir güzgülü kiçik ölçülü termonun təmir-bərpa xərcinin təxminən 400 manat təşkil etdiyi müəyyən edilmişdir və kollegiyanın qənaətinə görə həmin pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək hesab edir ki, birinci və apellyasiya instansiyalarının təyin etdikləri ekspertiza xərcləri tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş rüsumlar isə tərəflərin özlərinə aid edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-526/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnamə iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, T.Şahbazi küçəsi ev 241 ünvanında yerləşən 27 saylı mənzilə su axıdılması səbəbilə istifadəyə yararsız vəziyyətə düşmüş yataq dəstinin və bir güzgülü kiçik ölçülü termonun təmir-bərpa xərci qismində 400 (dörd yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertizaların dəyəri qismində cəmi 300 (üç yüz) manatın 200 (iki yüz) manatı Cavabdeh, 100 (yüz) manatı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən iddiaçı tərəfindən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-34/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-34/2022
27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver