Məhkəmə qərarları › İş №2(103)-340/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-340/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-340/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(011)-1603/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 08 dekabr 2021-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X4 aylıq faiz dərəcəsi 1,25% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit bоrcundan 4828,14 manat ödəniş etmiş və оnun iddiaçıya 25171,86 manat məbləğində kredit bоrcu qalmışdır. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. 02 noyabr 2023-cü il tarixə 451 gün üçün hesablanmış faiz borcu 3905,83 manat təşkil edir.

2. X7 23 avqust 2022-ci il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı Notariat ofisinin 27 may 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 23 avqust 2022-ci il tarixində vəfat etmiş X2 vərəsələridir və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadənaməyə əsasən miras əmlak buraxılış ili 1998-ci il, “Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir və miras əmlak üzərində bərabər paylarla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ tanınmışdır.

5. 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X2 adına icarə hüququ əsasında qeydiyyata alınmışdır.

6. Baş Dövlət Yol Polis İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə 25171,86 manat əsas, 3905,83 manat faiz, 2270,52 manat cərimə borcu olmaqla, cəmi 31348,21 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 184,04 manat məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, X2 İddiaçı QSC ilə 08 dekabr 2021-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X4 aylıq faiz dərəcəsi 1,25% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. O, 08 dekabr 2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4828,14 manat ödəniş etmiş və onun iddiaçıya 25171,86 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 02 noyabr 2023-cü il tarixə 451 gün üçün hesablanmış faiz borcu 3905,83 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 02 noyabr 2023-cü il tarixə 451 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2270,52 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla X2 öldüyü Banka məlum olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı Notariat ofisinin 27 may 2023-cü il tarixli məktubu ilə məlum olur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 23 avqust 2022-ci il tarixində vəfat etmiş X2 vərəsələridir və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan vərəsələr olduğundan onların qanuni nümayəndəsi kimi Cavabdeh3 çıxış edir. Belə olan halda Cavabdeh3 X1 hüquq və vəzifələri də keçmişdir. Həmçinin, bildirilmişdir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(011)- 1603/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə X7 arasında 08 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 25171,86 manat, faiz borcuna görə 3905,83 cərimə borcuna görə 1500 manat, ümumilikdə 30577,69 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,04 manat məbləğində pul vəsaitinin Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, X7 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, X7 müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. X2 ölümündən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakı qəbul etmiş, bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsələri hesab edilmişdir. Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan vərəsələr olduğundan onların qanuni nümayəndəsi kimi Cavabdeh3 çıxış edir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 462, 467, 739, 743, 1145, 1151, 1243, 1306-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlillərinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası DİNnin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı Notariat ofisinin 27 may 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 23 avqust 2022-ci il tarixində vəfat etmiş X2 vərəsələridir və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Baş Dövlət YolPolis İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz C230 Minik” markalı, 99-NE065 dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır və həmin avtomobilə dair cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyandan qalmış əmlakın dəyəri 3000 manatdan da aşağıdır. Məhkəmə həmin avtomobilin dəyərini müəyyən etmədən, yəni, ona çatan miras payının həcmini müəyyən etmədən iddianı təmin etmiş və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarında miras qoyandan qalan əmlakın dəyəri ilə bağlı heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qanunvericilik normaları mübahisəyə düzgün tətbiq edilməmiş, iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 2(103)-5063/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2024-cü il tarixli, 3-16-16-2-9/9408/2024 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)- 340/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır.

17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 16 sentyabr 2025-ci il tarixli, MEB-146-0525 nömrəli hesabata əsasən:

1. Qərardadın birinci sualı üzrə: - 1998-ci il, “Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bazar dəyəri 2600 (iki min altı yüz) manat, likvid dəyəri 2340 (iki min üç yüz qırx) manat təşkil edir.

2. Qərardadın ikinci sualı üzrə: - Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun dəyəri məlumatların natamam olması səbəbindən hesablanması mümkün deyildir. Aylıq icarə haqqının dəyəri isə 1 sota görə 50 manat təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh3 nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmiş, həmçinin, əlavə olaraq izahatında göstərmişdir ki, Mülki Məcəllənin bu mübahisə ilə münasibətləri tənzimləyən normaların məzmununa görə Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşin halları ilə təsdiq olunur ki, miras qoyan 08 iyul 2022-ci il tarixdə öv silahı ilə özünü vuraraq öldürmüş, intihar etmişdir. Onun intihar etməsinin səbəbi nəinki iddiaçıya, digər banklara və fiziki şəxslərə də xeyli borcunun mövcudluğu olmuşdur. 1998-ci il buraxılışlı, “Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa heç bir miras əmlak mövcud deyildir. Miras qoyanın özünün və ailə üzvlərinin yaşadığı ünvan – ünvan 1ində olmamışdır, həmin ev Cavabdeh3 atası X5 mülkiyyətindədir. Hazrda Cavabdeh3 miras əmlakın dəyərindən də artıq – 3000 manat məbləğində hissədə iddianın qəbul edir və bu məbləği ödəməyə razıdır.

20. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi izahatında bildirdi ki, miras aktivi, yəni, avtomobilin dəyəri həcmində iddianın təmin olunmasına etiraz etmir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sücaəddin oğlu ifadəsində göstərdi ki, o, mərhum X2 qonşusu olmuşdur və onunla yaxın münasibətləri olmuşdur. Mərhumun külli miqdarda borcları olmuş və bu səbəbdən də intihar etmişdir. Onun özünü asdığı ev belə özünə deyil, qayınatasına məxsus olmuşdur.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, mərhum X2 qonşusu olmuşdur. Onun hər hansı bir əmlakının olması barədə məlumatı olmamışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixə kimi olan redaksiyada) Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir; Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

24. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 52. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər. Əmlak idarəçisi miras əmlakın israfı və ya gizlədilməsinə görə məsuliyyət barədə, eləcə də vurulmuş zərərə görə maddi məsuliyyət haqqında xəbərdar edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır.

28. Birinci instansiya məhkəməsi iddanın təmin olunması barədə qənaətə gələrkən münsibətlərin tənzimləndiyi vaxtda qüvvədə olan Mülki Məcəllənin 1307-ci maddəsinə istinad etmişdir. Həmin normanın məzmununa əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

29. Mülki Məcəllənin (münasibətlərin tənzimləndiyi dövrdə qüvvədə olan redaksiyasında) 1254-cü maddəsində qeyd edilmişdir ki, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

30. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun “ Miras əmlakın siyahıya alınması və saxlanılmaq üçün verilməsi” adlanan 52-ci maddəsində qeyd olunur ki, notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər. Əmlak idarəçisi miras əmlakın israfı və ya gizlədilməsinə görə məsuliyyət barədə, eləcə də vurulmuş zərərə görə maddi məsuliyyət haqqında xəbərdar edilməlidir.

31. Bu normaların müqayisəli təhlilindən görünür ki, münasibətlərin tənzimləndiyi dövrdə qüvvədə olan qanunvericilikdə notariusa ancaq bir halda mirasın siyahıya alınması imkanı verilmişdir - mirasın qorunması üçün. Yəni, vərəsə digər hallarda, digər əsaslarla mirasın siyahıya alınması üçün notariusa müraciət etdiyi təqdirdə notarius məhz “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsaslanaraq imtina edə bilər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşdırılmış mövqeyə görə bu halda sübutetmə yükü vərəsənin üzərinə düşür, yəni, vərəsə sübut etməlidir ki, miras qoyanın borcları mirasdan çoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi də bu istiqamətdə araşdırma apararaq sübutlara əsasən müəyyən etmişdir ki, miras qoyan X2 1998-ci il buraxılışlı, “Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa heç bir miras əmlak mövcud deyildir, onun intihar etməsinin səbəbi də borclarının yüksək məbləğ təşkil etməsi olmuşdur. Digər sübutlara əsasən də müəyyən olunur ki, mərhumun özünün və ailə üzvlərinin yaşadığı ev belə ona məxsus olmamışdır. Mərhumun qeyd olunan avtomobildən başqa hər hansı bir əmlakının olmaması, yəni, miras qoyanın borcları mirasdan çox olması işin halları ilə təsdiqini tapır.

33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 16 sentyabr 2025-ci il tarixli, MEB-146-0525 nömrəli hesabata əsasən, 1998-ci il, Mercedes Benz C230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bazar dəyəri 2600 (iki min altı yüz) manat, likvid dəyəri 2340 (iki min üç yüz qırx) manat təşkil edir. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun dəyəri məlumatların natamam olması səbəbindən hesablanması mümkün deyildir. Aylıq icarə haqqının dəyəri isə 1 sota görə 50 (əlli) manat təşkil edir.

34. Buna görə də məhkəmə kollegiyası miras qoyanın borcları mirasdan çox olması işin halları ilə təsdiqini tapdığını, miras əmlakın dəyərinin mütəxəssis rəyinə əsasən dəyərinin 2600 manat təşkil etdiyinə baxmayaraq Cavabdeh3 3000 manat məbləğində pul vəsaitini ödəməyə razı olduğunu, həmçinin, iddiaçının nümayəndəsinin də bu məbləği etməyə razılığını nəzərə alaraq nəticəyə gəlir ki, qətnamə ləğv edilməklə iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(011)- 1603/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(011)- 1603/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 3000 manat məbləğində hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,04 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar