Məhkəmə qərarları › İş №2(103)-3400/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3400/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3400/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Həmin apellyasiya şikayətinə əsasən işə Məhkəmə tərəfindən apellyasiya qaydasında baxılan zaman iddiaçı Bankın ləğvedicisi olan Fond da Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə bunu nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən Fondun verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (MPM) 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxararaq Rayon Məhkəməsinə göndərmişdir. Bundan sonra Rayon Məhkəməsi mülki işə Fond tərəfindən də verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün işi Məhkəməyə qaytarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işin materiallarından görünür ki, qətnamə, iş üzrə tərəflərə, o cümlədən iddiaçı Bankın ləğvedicisi olan Fonda poçt orqanı vasitəsilə göndərilmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi 1 aylıq müddəti gözləyərək hesab etmişdir ki, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir və qətnaməni icraya yönəldərək həmin tarixdə qətnaməyə əsasən tərtib edilmiş icra vərəqəsini icra edilməsi üçün Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı Bankın ləğvedicisi olan Fondun apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixdə qətnamənin qanuni qüvvəyə mindiyini əsas götürərək qətnaməni icraya yönəltmişdir. Bundan təxminən 11 ay müddət keçdikdən sonra, Bank qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş iddiaçı tərəf Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin ötürülməsinə qiymət verməmiş, həmin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi müzakirə edilməmiş qaldığı üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar