Məhkəmə qərarları › İş №2(103)-3401/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3401/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3401/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Kərimbəyli Abbas Yaqub oğlunun iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Əsgərova Həqiqət Fərhad qızının ilkin iddia üzrə cavabdeh Əli Rüstəm Nəriman oğluna qarşı “aliment məbləğinin artırılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Əli Rüstəm Nəriman oğlunun qarşılıqlı iddia üzrə cavabdeh Əsgərova Həqiqət Fərhad oğluna qarşı “aliment məbləğinin azaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Əli Rüstəm Nəriman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əsgərova Həqiqət Fərhad qızı cavabdeh Əli Rüstəm Nəriman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək birgə nikahdan olan xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Əli Rüstəm Nəriman oğlundan hər ay qazancın və (və ya) başqa gəlirlərininüçdə bir hissəsində alimentin onun xeyrinə tutulması, bu məbləğ 2020-ci il «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimentin sabit pul məbləğində 170 manata çatdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlu adlı uşaqları anadan olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlu nikah pozulduqdan sonra iddiaçının yanında qalması, xx xxx 2017ci il tarixdən başlayaraq, Əli Rüstəm Nəriman oğlundan hər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50,00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşağın təminatının təmin edilməsi üçün bugünki günün iqtisadi gösətiriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərinin qalxması, uşağın böyüməsi, onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında iddiaçının bir valideyn kimi iştirak etməsinə baxmayaraq, onun maddi təminatının təmin edilməsində iddiaçı bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşağın maddi təminatının təmin edilməsi iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifə borcudur. Uşağın saxlanılmasında cavabdehdən hər uşaq üçün tutulan 50 manat məbləği azlıq təşkil edir. Daha sonra Əli Rüstəm Nəriman oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1004/2017 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat aliment məbləğinin 50 manat məbləğinə endirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əli Rüstəm Nəriman oğlunun halhazırda rəsmi iş yeri və ya hər hansı bir qazancı mövcud deyil. Bu əsasdan İsmayıllı rayon Məhkəməsi tərəfindən qət edilmiş alimentin ödənilməsi də hazırda mümkün deyil. Odur ki, həmin alimentin məbləği 50 manata endirilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əli Rüstəm Nəriman oğlundan hər uşağa görə hər ay 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin alınaraq Əsgərova Həqiqət Fərhad qızına verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Əli Rüstəm Nəriman oğlu onun ləğv edilməsini və aliment məbləğinin 50 manatadək azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, rəsmi iş yerinin olmamasına baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq aliment məbləğini artırmışdır. Birinci instansiya məhkəməsi tərəflərin maddi imkanını nəzərə almamış, uşaqların saxlanması xərclərini yalnız bir tərəfin üzərinə yükləmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü ilkin iddia üzrə iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə özünün apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, ilkin iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir. Kollegiya iddiaçının izahatını bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İsmayıllı rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ № 802311 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, Əli Məryəm Rüstəm qızı xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, atası Əli Rüstəm Nəriman oğlu, anası Əsgərova Həqiqət Fərhad qızıdır. İş materiallarında olan İsmayıllı rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-cı il tarixdə verilmiş AZ-İİ № 775046 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, Əli Adəm Rüstəm oğlu xx xxxxxx 2009-cu ildə Bakı şəhərində anadan olmuş, atası Əli Rüstəm Nəriman oğlu, anası Əsgərova Həqiqət Fərhad qızıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin olunmuş, Əsgərova Həqiqət Fərhad qızı ilə Əli Rüstəm Nəriman oğlu arasında xx xxxxxx 2005-ci il tarixdə 2132 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlu nikah pozulduqdan sonra iddiaçının yanında qalması, xx xxx 2017-ci il tarixdən başlayaraq, Əli Rüstəm Nəriman oğlundan hər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50,00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 268922 saylı nikahın pozulması haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, Əli Rüstəm Nəriman oğlu ilə Əsgərova Həqiqət Fərhad qızı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 75 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Əsgərova soyadı verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, Əsgərova Həqiqət Fərhad qızı ilə Əli Rüstəm Nəriman oğlu arasında xx xxxxxx 2005-ci il tarixdə 2132 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlu nikah pozulduqdan sonra iddiaçının yanında qalması, xx xxx 2017-ci il tarixdən başlayaraq, Əli Rüstəm Nəriman oğlundan hər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50,00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan olan xx xxxx 2006-cı il təvəllüdlü Əli Məryəm Əli Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü Əli Adəm Əli Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Əli Rüstəm Nəriman oğlundan hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsində alimentin onun xeyrinə tutulması, bu məbləğ 2020-ci il «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimentin sabit pul məbləğində 170 manata çatdırılmasını tələb edir. İş materiallarından olan 13LPXXA0003X0 №-li xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək mmüqaviləsi Bildirişindən görünür ki, Əli Rüstəm Nəriman oğlu ilə «xxxx» MMC arasında mövcud olmuş əmək müqaviləsinə xx.xx.2019- cu il tarixdə xitam verilmişdir. Beləliklə hazırkı iddia tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (azaldılmasından) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə ilkin iddia üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, İsmayıllı Rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində hər uşaq üçün 50 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının qazanc əldə etdiyini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İlkin iddia üzrə cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun, rəsmi iş yerinin olmaması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar cavabdehi iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, cavabdehin fiziki vəziyyəti onun müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına maneə törətmir və o, işləyərək ata kimi üzərinə düşən vəzifəni icra etməklə övladının təminatında iştirak edə bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar