Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3401/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(009)-808/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə kiçik iddialara dair sədələşdirilmiş icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Ağayev Bəşir İsmayıl oğlu ilə "xxxx" ASC arasında xx.xx.2016-ci il tarixdə imzalanmış Kredit müqaviləsindən görünür ki, həmin sazişə uyğun olaraq illik 29 % ödəniş olmaqla bank tərəfindən 60 ay müddətinə 2978 manat məbləğində Ağayev Bəşir İsmayıl oğluna kredit ayrılmışdır. 2.Ağayev Bəşir İsmayıl oğlunun xx.xx.2016-cı il tarixli razılıq ərizəsində qeyd edilmişdir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn tələb hüququnun "xxxx" ASC-yə keçməsinə etiraz etmir. 3."xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 01 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair müqavilənin surətindən görünür ki, 15.000 manat məbləğədək borc öhdəliyini tələb hüququ "xxxx" ASC-yə keçmişdir. 4.AZ-İ № 985197 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Bəşir İsmayıl oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 5.9 saylı Notariat Ofisinin xx.xx.2023-cü tarixli məktubunda qeyd edilmişdir ki, Ağayev Bəşir İsmayıl oğlunun miras əmlakına dair vərəsəsi Cavabdehdur. 6.xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Ağayev Bəşir İsmayıl oğlunun xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1434,38 manat əsas borcu, 55,39 manat faiz borcu vardır. 7."xxxx" ASC tərəfindən Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 1434,38 manat məbləğində borcun ödənilməsi xahiş olunur. a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1489,77 manat məbləğində pulun və 34,90 manat məbləğində ödənilmiş dövlət rüsum və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə Ağayev Bəşir İsmayıl oğlu arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Ağayev Bəşir ismayıl oğluna 60 ay müddətinə illik 29 % dərəcəsi ilə 2978 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Ağayev Bəşir İsmayıl oğluna qarşı tələb hüququ şəxsin razılığı əsasında "xxxx" ASC-yə güzəşt edilmişdir. Cavabdeh kreditinin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir. Ağayev Bəşir İsmayıl oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh onun qanun üzrə vərəsəsidir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(009)-808/2024 saylı qətnaməsi ilə (sədrlik edən-İlkin Rüstəmli) iddia qismən təmin edilərək, 1434,38 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmə tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Ağayev Bəşir İsmayıl oğlu isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. 12.İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Ağayev Bəşir ismayıl oğlu Kredit Sazişi üzrə yaranmış borcunu qanunla nəzərdə tutulmuş qaydada qaytarmamış, bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. 13.Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehin hazırki iddia tələbinə cavab verməsi, yəni ki, B.Ağayevin hüquqi varisi olduğuna münasibətdə qeyd etmişdir ki, B.Ağayev vəfat etdikdən sonra cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında artıq hüquqi varis statusu qazanmışdır. 14.Məhkəmə eyni zamanda cavabdehdən tutulmalı olan borc məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1434,38 manat əsas borcun və 55,39 manat faiz borcunun tutulmasını xahiş edir. Lakin iş materiallarında olan "xxxx" ASC tərəfindən Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 1434,38 manat məbləğində borcun ödənilməsi xahiş olunur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehə ünvanlanmış pretenziya məktubunda qeyd edilmiş məbləğ kimi 1434,38 manat pul cavabdehdən tutulmalı, iddia qalan hissədə (faiz hissəsində) rədd edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 385.1, 421.2, 442, 445.1, 449.4, 739.1, 1133.1, 1151.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə isinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16.Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2(009)-808/2024 saylı qətnamənin faiz borcunun təmin edilməməsi və dövlət rüsumunun 14,90 manat hissəsinin təmin edilməməsi hissəsində ləğv edərək, iddia tələbini tam təmin edən yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 17.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, pretenziya məktubunda faiz borcunun qeyd edilməməsi iddia tələbinin faiz borcu hissəsində rədd edilməsi üçün əsas deyildir, belə ki, pretenziya məktubu tələb hüququnu təsdiq edən sənəd deyildir. Belə ki, pretenziya məktubunda qeyd edilməli olan halların siyahısı hər hansı normativ hüquqi aktda təsbit edilməmişdir. Mübahisənin məhkəməyə qədər həllinin məqsədi cavabdehə öhdəliyin icrası istiqamətində təklif göndərmək, öhdəlik icra edilməyəcəyi halda məhkəməyə müraciət olunacağını bildirməkdir. Pretenziya məktubunda nəinki faiz borcu, ümumiyyətlə borcun məbləği qeyd edilməyə bilər. Burada məqsəd cavabdehə öhdəliyinin mövcud olmasını bildirməkdir. Cavabdeh pretenziya məktubu aldıqdan sonra öhdəliyin icrası istiqamətində hər hansı tədbir görməmişdir. Faiz borcu istər qeyd edilsin, istər edilməsin. Öhdəliyin tam şəkildə nədən ibarət olması, kreditorun tələbi iddia ərizəsində detallı şəkildə əks olunur. Digər məsələ isə ondan ibarətdir ki, əgər pretenziyaya riayət olunması ilə bağlı iddiaçı tərəfindən yol verilmiş nöqsan mövcuddursa, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə bir hal möcvud deyildir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində, 6-2-22/2- 31575/2023 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Məktubun məqsədi cavabdehə öhdəliyini icra etməyi təklif etməkdir. Cavabdeh öhdəliyin icrasında maraqlıdırsa, banka yaxınlaşaraq detallı olaraq borc məbləğini aydınlaşdırmaq imkanına malikdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən tələb edilmiş faiz borcunun təmin edilməməsi o deməkdir ki, məhkəmə faiz borcunun mövcud olmaması halını müəyyən etmişdir. Belə bir halın sübut olunması qətnamədə əks olunamışdır. Faiz borcu rədd edilərkən ilk öncə bu hal sübut edilməli, daha sonra isə tələbin rəddinin əsaslandığı maddi hüquq norması əks olunmalı idi. Qətnamədə qeyd edilənlər mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 20.Maddə 194.1.Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 21.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 24.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 27.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.Maddə 1133.1.Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. 30.Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 31.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olmaqla, iddiaçı iddianın tam olaraq təmin olunmasını xahiş etdiyindən, qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsnin qətnaməsi ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. 39.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Ağayev Bəşir İsmayıl oğluna vermiş, sonuncu tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda cavabdeh olan Cavabdeh Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi olmaqla, mərhumun öhdəliyinə görə məsuliyyət daşıyır. 40.Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1434,38 manat əsas borcun və 55,39 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarında olan "xxxx" ASC tərəfindən Ağayev Bəşir İsmayıl oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 1434,38 manat məbləğində borcun ödənilməsi xahiş olunur. Bu səbəbdən cavabdehə ünvanlanmış pretenziya məktubunda qeyd edilmiş məbləğ kimi 1434,38 manat pul cavabdehdən tutulmalı, iddia qalan hissədə (faiz hissəsində) rədd edilməlidir. 41.Kollegiya bununla bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. 42.Belə ki, iş materiallarında olan maliyyə arayışı mövcuddur. Həmin arayışda qeyd olunmuşdur ki, Ağayev Bəşir İsmayıl oğlunun vəfat etdiyi vaxta kimi faiz borcu 55,39 manat təşkil edir. 43.Göründüyü kimi, məhkəmə bu hisssədə iş materiallarını tam olaraq araşdırmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlməmişdir. 44.Buna görə də, qətnamə ləğv olunmalı, iddia tam olaraq təmin edilməlidir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 394-1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(009)-808/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 1434,38 (min dörd yüz otuz dörd manat otuz səkkiz qəpik) manat əsas borc, 55,39 (əlli beş manat otuz doqquz qəpik) manat faiz borcu, 34,90 (otuz dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 1525,07 (min beş yüz iyirmi beş manat yeddi qəpik) manat Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov