Məhkəmə qərarları › İş №2(103)-3403/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3403/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3403/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-635/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.000 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-635/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 16.000 (on altı min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxaran zaman əsas kimi onun cinayət işinin istintaqı zamanı öz ifadəsində iddiaçıdan 16000 ABŞ dolları pul vəsaitini almağını etiraf etdiyini qeyd etmişdir.Lakin məhkəməyə təqdim olunmuş izahatdakı imza ona məxsus deyildir. Çünki, o, heç bir orqanda iddiaçıya borcu olması barədə izahat verməmiş və elə bir sənədi təsdiqləməmişdir. Ümumiyyətlə həmin saxta izahatda da belə onun 16000 ABŞ dolları borcu olması qeyd olunmamışdır. Cinayət işi başlamasının rədd olunması barədə qərardan da şikayət vermişlər. Bu halı məhkəmə prosesi zamanı da qeyd etmələrinə baxmayaraq məhkəmə tərəfindən kifayət qədər araşdırılmamış, bu səbəbdən də belə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, cavabdeh ümumiyyətlə azərbaycan dilində yaza bilmir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı da mübahisələndirmişlər. Ona görə məhkəmədən həmin qərara baxıb yekun qərar qəbul edilənədək hazırki işə baxılmasının təxirə salınmasını xahiş edir. Onlar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadın onlara normal verilməsini gözləyirdilər ki, şikayət verə bilsinlər. İşdə apellyasiya və birinci instansiya məhkəməsi arasında gedib-gəlirdi, onlar da şikayət verə bilmirdilər. Həmin qərardan şikayət verib işin yenidən araşdırılmasını xahiş edir. Çünki, onların elə bilr etirafları olmayıb. Təmsil etdiyi şəxs azərbaycan dilində sərbəst danışıb başa düşə bilmir. Qərardan şikayətləri məhkəməyə təqdim olunub, lakin məhkəmə iclası təyin edilməyib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, məhkəmədə bu iş 11 iclasa baxılıb. Məhkəmədən qarşı tərəfin cərimə edilməsini də xahiş etmişdi. Mülki işin təyin edildiyi vaxta 3 gün qalmış yenə məhkəmə nəzarəti qaydasında müraciət edirlər. Bunların hamısı işi süni uzatmaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nəsimi RPİ tərəfindən cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, Emindən əvvəl 10.000 ABŞ dolları, daha sonra 6.000 ABŞ dolları pul almışdır. Lakin müəyyən səbəblərdən Emindən aldığı ümumilikdə 16.000 ABŞ dollarını və faizi qaytara bilməmişdir. Cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıdan 16.000 ABŞ dolları pul vəsaitini aldığını özü etiraf etmişdir. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16.000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır, mübahisələndirilməyən hissədə isə qətnaməyə toxunulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin edilən hissə üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və cavabdehin izahatından görünür ki, o, 16000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmin izahatdakı imzanın cavabdehə məxsus olmadığını, çünki, heç bir orqanda iddiaçıya borcu olması barədə izahat vermədiyini və elə bir sənədi təsdiqləmədiyini, ümumiyyətlə həmin saxta izahatda da belə onun 16000 ABŞ dolları borcu olması qeyd olunmadığını bildirsə də, bu dəlillər iddianın əsaslılığına təsir etmir. Çünki, bu araşdırma cinayət məhkəmə icraatı qaydasında aparılmış və həmin imzanın cavabdehə məxsus olub- olmadığı, iddiaçıya borclu olması barədə izahat verməməsi hazırki mülki mühakimə icraatının predmeti olmadığından bu qaydada yoxlanıla bilməz. Eyni zamanda qeyd olunan araşdırma materialı üzrə qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi qərarı da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, yuxarı prokuror yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmin qərarı məhkəmə qaydasında mübahisələndirdiyini, yəni qərardan şikayət verdiyini hələ xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş apellyasiya şikayətində göstərsə də(şikayətdə bu halı nəinki qətnamə çıxarılan tarixdə, hətta məhkəmə prosesləri gedən vaxt qeyd etdiyini göstərir) bu günə qədər həmin şikayətin nəticəsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu hallar ona dəlalət edir ki, cavabdeh tərəf hüquqdan pis niyyətlə sui-istifadə edərək iddiaçıdan aldığı, tələb olunan pul vəsaitini nəyin bahasına olursa-olsun qaytarmamaqla ona ziyan vurmaq istəyir. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, bu cür rəftar iddiaçının mənafeyinə açıqaşkar ziddir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 635/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar