Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3408/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019 il tariхli, 100821-181152/10 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, Cavabdeh bank tərəfindən nə qədər borcunun olması haqqında məlumat verilmədiyini və iddia tələbini qəbul etmədiyini bildirmişdir.
3. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-yə hər ay 28,19 manat (sonuncu ay 28,10 manat) ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019 il tariхli, 100821-181152/10 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 279,34 manat əsas, 2,23 manat faiz, cəmi 281,57 manat borcu yaranmışdır.
5. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 23 manat məbləğində ödəniş edilmişdir.
6. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizədən görünür ki, Cavabdeh 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və qrafikı uyğun ödəniş aparmadığına görə borcun tam məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 279,34 manat əsas, 2,23 manat faiz, cəmi 281,57 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bundan sonra "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019 il tariхli, 100821-181152/10 nömrəli Güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
11. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)- 3773/2024 saylı qərardadı ilə mülki işə sadələşdirilmiş qaydada deyil, iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın təmin edilməsi, Cavabdeh 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat (iki yüz əlli doqquz manat səksən səkkiz qəpik) borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284- 1, 284.5.2, 743.1, 746-5.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin “qət etdi” adlanan nəticə hissəsində yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qətnamənin “qət etdi” adlanan nəticə hissəsində “”Kapital Bank” ASC” ifadəsinin “"xxxx" ASC” kimi oxunması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və ilkin olaraq ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə dəqiqləşdirmə edərkən cavabdehə xəbərdarlıq edilməsi barədə məktubun surətini əlavə etməyib. Məhkəmənin qətnamənin qət etdi hissəsində borcu Kapital banka ödəyəcəyimi qeyd etməsi tamamilə əsassızdır. Çünki iddiaçı Ekspress bankdır. Bildirir ki, xəbəri olmadan iddia ərizəsi ilə məhkəməyə müraciət olunub və dövlət rüsumunu onun ödəməsi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Lakin göründüyü kimi şərtlər tam olaraq dəyişib və pulu qaytarmağına şərait yaratmayıb, hesabları qarşı tərəf silmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC gəlməmə səbəbi barədə hər hansı məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
22. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019 il tariхli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir. Lakin cavabdeh üzərinə düşən vəzifələri lazımi qaydada icra etmədiyinə görə 256,57 manat əsas borc 3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcu yaranmışdır.
35. Kollegiya qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Cavabdeh müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalıdır. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə edərək pul öhdəliyini yerinə yetirməmişdir.
36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətdə istinad etdiyi hallar işin müəyyən edilmiş halları ilə təkzib edilir.
37. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin "qət etdi" hissəsində borcun Kapital banka ödənməsinin əsassız olduğunu bildirib. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin “qət etdi” adlanan nəticə hissəsində yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qətnamənin “qət etdi” adlanan nəticə hissəsində “”Kapital Bank” ASC” ifadəsinin “"xxxx" ASC kimi oxunması qərara alınmışdır.
38. Həmçinin cavabdeh şikayətdə bildirir ki, xəbəri olmadan iddia ərizəsi ilə məhkəməyə müraciət olunub və dövlət rüsumunu onun ödəməsi qanunsuzdur. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də hazırki iş üzrə iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.