Məhkəmə qərarları › İş №2(103)-341/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-341/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-341/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Nərman qızına və Cavabdeh5na qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı hesablanmış artıq faiz məbləğinin silinməsi, artıq silinmələrin borcun bir hissəsi ilə əvəzləşdirilməsi, ipoteka predmetinin azad edilməsi, tutmanın yönəldilməməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmişapelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçıcavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Nərman qızına və Cavabdeh5na qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 isə İddiaçı QSC-yə qarşı (Cavabdeh1, X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kredit müqaviləsi üzrə hesablanmış artıq faiz məbləğlərinin silinməsi, artıq silinmələrin borcun bir hissəsi ilə əvəzləşdirilməsi, ipoteka predmetinin azad edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)- 197/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 16614,47 ABŞ dolları məbləğində kredit borcu, 19964,68 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36879,15 ABŞ dolları məbləğində pul, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə 3635,22 ABŞ dolları məbləğində kredit borcu, 4359,77 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8194,99 ABŞ dolları məbləğində pul olmaqla ümumilikdə 45074,14 ABŞ dolları məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi dalan 15-də 10 nömrəli 1 mərtəbəli binada 65 kv.m ümumi, 49 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 10a saylı mənzilə və Cavabdeh5na məxsus olan Az **-TC-*** dövlət qeydiyyat nişanlı İVECO- OTOYOL-M24.9 markalı nəqliyyat vasitəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, xx xxxxx 2010-cu il tarixli 04S000004284 saylı, xx xxxxx 2010-cu il tarixli 04S000004285 saylı, x xxx 2010-cu il tarixli 04S000004282 saylı, xx xxxxxx 2011-ci il tarixli 04S000005614 saylı zaminlik müqavilələri üzrə Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Nərman qızının zaminliklərinə xitam verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. Cavabdeh2 qətnamənin qismən ləğv edilərək ilk iddia tələbinin xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 14911,20 ABŞ dolları və xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə 3585,14 ABŞ dolları məbləğlərinin Cavabdeh2 tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsinin rədd edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şahin Mənmmədovun apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sadalanan kredit razılaşmalarının müddəti bitdikdən sonra hesablanmış 18496,34 ABŞ dolları faiz məbləğlərini (xx.xx.2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 14911,20 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə 3585,14 ABŞ dolları) əsassız olaraq tutmuşdur. Məhkəmə borcun ipotekaya yönəldilməsi hissəsində tamamilə əsassız nəticəyə gəlmişdir. Qətnamə həmin hissədə ipotekanın xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı olmasına əsaslanmışdır. Halbuki, ilkin iddia tələbi üzrə borc xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə deyildir. Borc həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2010-cu il və xx.xx.2012-ci il tarixli kredit müqavilələrindən yaranmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsində həmin müqavilənin xx.xx.2010-cu il tarixli 04L000002865 saylı kredit müqaviləsinin təminatı üçün bağlandığı qeyd edilmişdir. xx.xx.2010-cu il tarixli 04R000005852 saylı və xx.xx.2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşmaları üzrə öhdəliklərin təminatı üçün daşınmaz əmlak ipoteka kimi qeydiyyata alınmamışdır. xx.xx.2010-cu il tarixli 04L000002865 saylı kredit müqaviləsi forma və məzmununa əsasən tərəflər üçün hər hansı öhdəlik yaratmadığına görə ipoteka müqaviləsi də öhdəlik yaratmır. Digər ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutmanın yönəldilməsinə dair bildiriş əmlakın məxsus olduğu hüquqi şəxsə deyil, Cavabdeh2 təqdim edilmişdir. Bildiriş təqdim edildiyi tarixdən 21 gün keçməmiş BDYPİ-də qeydə alınmışdır. Cavabdeh1 qətnamənin qismən ləğv edilərək ilk iddia tələbinin borc tələbindən ibarət tutmanın ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi dalan 15 ev 10 A mənzilinə yönəldilməsi hissəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 19964,68 ABŞ dolları məbləğində faiz borcunun və xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə 4359,77 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 tutularaq İddiaçı X2 ödənilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh2 xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 5053,48 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 774,63 ABŞ dolları müəyyən edilmiş, qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi Mirağa Ağamirov isə apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərməhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-197/2018 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 apelyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçıilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2010-cu il tarixli kredit razılaşmasına əsasən ona aylıq 2,3333 faiz dərəcəsi ilə 30 ay müddətinə 50000 ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən isə ona aylıq 2,3333 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçıilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Nərman qızı və “Günay Petrol” Tam Ortaqlığı arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər borcalanla birgə kreditor qarşısında kredit müqaviləsi üzrə borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Bundan başqa, İddiaçıilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi dalan 15də yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 65 kv.m ümumi, 49 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 10a nömrəli mənzil, Cavabdeh5 ilə bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən “İVEKO OTOYOL-MN 24.9” markalı Az ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC-nin xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışlarına əsasən, Cavabdeh2 xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə banka 16614,47 ABŞ dolları məbləğində əsas borcu, 5053,48 ABŞ dolları məbləğində faiz borcu, 1211 ABŞ dolları cərimə borcu, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə isə 3635,22 ABŞ dolları əsas borcu, 774,63 ABŞ dolları faiz borcu, 6876 ABŞ dolları cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, “kassasiya kollegiyası müqavilə hüququndan irəli gələn öhdəliklərin icrası ilə bağlı apelyasiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə razılaşsa da, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyini nəzərə alıb, ilkin iddianın təmin edilmiş digər hissələrinin də bu tələbdən irəli gəldiyini nəzərə alıb qətnamənin ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməklə yeni apelyasiya baxışına göndərilməsi qənaətinə gəlir.” Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə ekspert tərəfindən ekspertiza aparılmasından imtina olunmuşdur. Təkrar apelyasiya icraatı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 27538 saylı rəyinə əsasən, xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (iddia tələbinin həcminin artırıldığı tarixə) banka olan borcu 16614,47 ABŞ dolları əsas, 19994,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 36609,15 ABŞ dolları məbləğindədir. xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (iddia tələbinin həcminin artırıldığı tarixə) banka olan borcu 3619,36 ABŞ dolları əsas, 4281,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 7901,06 ABŞ dolları məbləğindədir. xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması və əlavə saziş üzrə kreditin qaytarılma müddəti xx xxx 2014-cü il, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması və əlavə saziş üzrə isə kreditin qaytarılma müddəti xx.xx.2014-cü il olduğuna görə məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcunun məbləği həmin dövr üçün hesablanmalıdır. Cavabdeh2 apelyasiya şikayətinin məzmunundan görünür ki, o yalnız faiz borcunu mübahisələndirmiş, ona xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 14911,2 ABŞ dolları, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə isə 3585,14 ABŞ dolları məbləğində artıq faiz hesablanmasını göstərmişdir. Beləliklə, Cavabdeh2 hesab etmişdir ki, xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə onun faiz borcu 19964,68-14911,2=5053,48 ABŞ dolları, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə isə faiz borcu 4359,77- 3585,14=774,63 ABŞ dolları təşkil etməlidir. İddiaçı QSC-nin xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışlarına əsasən, Cavabdeh2 xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə banka 5053,48 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə isə 774,63 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışlarından və həmin kredit müqavilələri üzrə əməliyyat cədvəllərindən görünür ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2013-cü il tarixdən, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə isə xx.xx.2013-cü il tarixdən banka heç bir ödəniş etməmişdir. Cavabdeh2 xx.xx.2010cu il tarixli kredit razılaşması üzrə xx.xx.2014-cü il tarixinə 31773,68 ABŞ dolları məbləğində faiz borcu ödəməli olduğu halda, 26720,20 ABŞ dolları məbləğində ödəniş etmiş, beləliklə həmin razılaşma üzrə onun banka 31773,68-26720,20=5053,48 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə isə Cavabdeh2 xx.xx.2014-cü il tarixinə 1614,88 ABŞ dolları məbləğində faiz borcu ödəməli olduğu halda, 840,25 ABŞ dolları məbləğində ödəniş etmiş, beləliklə həmin razılaşma üzrə onun banka 1614,88- 840,25=774,63 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin məhkəməyə təqdim etdiyi maliyyə arayışları və əməliyyat cədvəlləri faiz borcunun məbləği ilə bağlı Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinin doğru olmasını təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməli, xx.xx.2010-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 5053,48 ABŞ dolları, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği isə 774,63 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həm Cavabdeh2, həm də Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişlər. Apelyatorlar öz şikayətlərini belə əsaslandırmışlar ki, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan mənzil xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipotekaya qoyulmuşdur. Halbuki, bankın iddia tələbində kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin deyil, xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli kredit razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunmuşdur. xx.xx.2010-cu il tarixli 04L000002865 saylı kredit xətti müqaviləsi forma və məzmununa əsasən tərəflər üçün hər hansı öhdəlik yaratmadığına görə ipoteka müqaviləsi də öhdəlik yaratmır. Digər ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutmanın yönəldilməsinə dair bildiriş əmlakın məxsus olduğu hüquqi şəxsə deyil, Cavabdeh2 təqdim edilmişdir. Bildiriş təqdim edildiyi tarixdən 21 gün keçməmiş BDYPİ-də qeydə alınmışdır. Cavabdeh2 apelyasiya şikayətinin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan (1-ci cild i.v.88) Bakı şəhəri 60 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışa əsasən, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi dalan 15-də 10 nömrəli 1 mərtəbəli binada 49 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 10a saylı mənzil özəlləşmiş mənzil olmaqla mənzilin sahibi Cavabdeh1dır. Həmin dövrdə mənzildə Cavabdeh1 başqa, atası Baloğlan Məmmədov, oğlu Elvin Məlikov və gəlini Şirin Hüseynova qeydiyyatda olmuşlar. Mənzil Cavabdeh1 mülkiyyətində olduğuna görə ipoteka müqaviləsi onunla bağlanmış, mənzilin ipotekaya qoyulmasına mənzildə qeydiyyatda olan Baloğlan Məmmədov, Elvin Məlikov və Şirin Hüseynova yazılı razılıq vermişlər. İş materiallarında olan sənədlərdən görünür ki, Məmmədov X3 rayonu Hacallı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsi onun hər hansı mənafeyinə toxunmur. Girov predmeti olan Cavabdeh5na məxsus olan Az **-TC-*** dövlət qeydiyyat nişanlı İVECO-OTOYOL-M24.9 markalı nəqliyyat vasitəsinə qanunsuz olaraq tutma yönəldilməsi barədə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsinə tutma yönəldilməsi barədə bildirişin Cavabdeh5na deyil, Cavabdeh2 göndərilməsi, habelə bildiriş təqdim edildiyi tarixdən 21 gün keçməmiş BDYPİ-də qeydə alınması tutmanın həmin nəqliyyat vasitəsinə yönəldilməməsinə əsas vermir. Belə ki, iş materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan da görünür ki, Cavabdeh5 Cavabdeh2 və Cavabdeh4 tam ortaqlığından ibarət olmaqla ortaqlığın qanuni təmsilçisi Cavabdeh2dur. Ona görə də girov predmetinə tutma yönəldilməsi barədə bildirişin ortaqlığın qanuni təmsilçisinə ünvanlanması bildirişin tam ortaqlığa göndərilməməsi kimi qiymətləndirilə bilməz. İpoteka predmeti olan mənzilin kredit razılaşmaları üzrə deyil, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda da müvafiq qeydin edilməsi ilə bağlı Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçıilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli ipoteka müqaviləsində zəruri şərtlər, konkret halda isə kredit razılaşmaları üzrə məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. göstərilməsə də, ipoteka müqaviləsinin 1.1-ci bəndində ipoteka verən Cavabdeh1 öz mülkiyyətində olan mənzili xx xxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşmalar üzrə borclu Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü etməsi qeyd olunmuşdur. Bundan əlavə, kredit razılaşmalarının əlavəsi olan ödəniş cədvəllərinin hamısında ipoteka qoyan Cavabdeh1, habelə “Günay Petrol” Tam Ortaqlığının qanuni təmsilçisi Cavabdeh2 “ödəniş planı ilə tanış oldum, razıyam” qeydləri etmiş, həmin qeydlər Cavabdeh1 və Cavabdeh2 imzaları, habelə ortaqlığın möhürü ilə təsdiq olunmuşdur. Kredit razılaşmalarının əlavəsi olan ödəniş cədvəllərində zəruri şərtlər (kredit razılaşmaları üzrə məbləğ, müddət, faiz dərəcəsi, valyuta) konkret göstərilmişdir. Kredit razılaşmalarının əlavəsi olan ödəniş cədvəllərində ipoteka qoyanlar tərəfindən müvafiq qeydlərin edilməsi əmlakların kredit razılaşmaları üzrə ipotekaya qoyulmasına sonradan həmin şəxslərin razılığının alınmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası heab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas vermir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-197/2018 saylı qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilməli, Cavabdeh2 banka olan faiz borcu azaldılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)- 197/2018 saylı qətnaməsi faiz borcu və ümumi borc məbləği hissəsində dəyişdirilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 5053,48 ABŞ dolları, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə tutulan faiz borcunun məbləği 774,63 ABŞ dolları müəyyən edilsin. xx xxx 2010-cu il tarixli 04R000005852 saylı kredit razılaşması üzrə 16614,47 ABŞ dolları məbləğində kredit borcu, 5053,48 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21967,95 ABŞ dolları məbləğində pul, xx xxxxx 2012-ci il tarixli 01R000007129 saylı kredit razılaşması üzrə 3635,22 ABŞ dolları məbləğində kredit borcu, 774,63 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 4609,85 ABŞ dolları məbləğində pul olmaqla ümumilikdə 26577,8 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya şikayəti verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu özünə aid edilsin, Cavabdeh2 ödədiyi 15 manat dövlət rüsumunun 7,5 manat hissəsi İddiaçı QSC-dən tutulub Cavabdeh2 ödənilsin, qalan 7,5 manat pul Cavabdeh2aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 100 manat pul Cavabdeh2 və İddiaçı QSC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar