Məhkəmə qərarları › İş №2(103)-341/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-341/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-341/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alq-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-107/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən, MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan 0,12 hektar torpaq sahəsinin alqı-satqısına dair 2 saylı ASAN Xidmət Mərkəzində bağlanmış 4Ə-21479 seriyalı xx.xx.2015-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh1 verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın, həmçinin Cavabdeh2 adına verilmiş ******* saylı 23.07.15-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 qızından Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsini satın almışdır. Alqı-satqı müqaviləsində göstərildiyi kimi, həmin 0.12 ha torpaq sahəsi X1 qızına DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən verilmiş KOD 00600066 JN-2928 nömrəli xx.xx.2002-ci il tarixli şəhadətnamə əsasında məxsus olmuşdur. Suraxanı rayon İcra Hakimiyyətinin 1650 saylı xx.xx.2000-ci il Sərəcamı ilə xx xxxx 1999-cu il tarixli Sərəncamına dəyişiklik edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi X1 qızına yaşayış evinin tikintisi üçün ayrılmışdır. O da həmin torpaq sahəsini Şəhla Salahova-İbrahimovadan xx.xx.2007-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsi əsasında almışdır. Həmin müqavilə əsasında ona həmin torpaq sahəsinə dair DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə MH seriyalı 077484 saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2017-ci ilin avqust ayının ortalarında torpaq sahəsinə baş çəkərkən ona məlum oldu ki, ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikinti işlıri həyata keçirilir. Torpağı zəbt edən şəxsə xəbərdarlıq edildikdə həmin şəxs ona torpağın onun mülkiyyətində olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdu ki, torpağı zəbt edən Rəna adlı şəxs həmin torpaq sahəsinə 4Ə-2179 saylı xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi əsasında RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış əldə etmişdir. Sorğu əsasında məlum olmuşdu ki, Cavabdeh1 həmin torpaq sahəsini 051936 saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 əldə etmişdir. Cavabdeh2 torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışı olmuşdur. Hesab edir ki, həmin çıxarış da qanunsuz olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-107/2019 saylı xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamə əsassız və işin faktiki hallarına uyğun olmadığıdan ləğv edilməlidir. Belə ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar (ekspertin rəyinə düzgün qiymət verilməmiş) aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyil. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9421/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-107/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədəm saxlanılması qət edilmişdir. İddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-33 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9421/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasia Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı işə apellyasiya qaydasında son olaraq yenidən baxılması xx xxxxx 2020-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclasında digər Cavabdeh2 və 3-cü şəxs ƏMDK yanında Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə digər Cavabdeh2 və 3-cü şəxs ƏMDK yanında Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Elxan Quliyev iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdi ki, cavabdehlərin hüquq müəyyənedici sənədləri yoxdur. Ona görə də iddiaçının iddiası təmin edilməli idi. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia əsassız olaraq rədd edilmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili ekspert rəyini də qəbul etmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vasif Hüseynov apellyasiya şikayətini qəbul etməyərək onun heç bir hüquqi əsası olmadığını, torpaq sahəsinin Cavabdeh1 məxsus olmasının ekspertiza ilə də müəyyən edildiyini bildirdi. Bununla bağlı Cavabdeh1 nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşdığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş **********62 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi (0,12 ha) 37 saylı DNK-nın 4-Ə-1/222 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4429 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci ildə verilmiş **********11 №-li məktubun surətindən görünür ki, arxivdə mövcud olan ilkin sənədlərin surətlərinin alınması məqsədilə İddiaçı şəxsiyyət vəsiqəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu LahiyəTədqiqat Mərkəzinə gəlməsi zəruridir. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2000-ci ildə verilmiş 1650 №-li Sərəncamın surətindən görünür ki, Suraxanı RİB-nın xx.xx.1999-cu il tarixli 1477 saylı sərəncamın 1-ci bəndinə əlavələr edilməsi ilə əlaqədar dəyişiklik aparılmış və aşağıdakı kimi oxunmuşdur: 1. Vət. X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 57/4 №-li evin üst tərəfində 1200 (min iki yüz) kv.m torpaq sahəsi ayrılmış, 2. Sərəncamın qalan bəndləri dəyişiklik aparılmadan saxlanılmış, 3. Sərəncamın surətinin Qaraçuxur qəsəbə Nümayəndəliyinə, 32-ci Polis Bölməsinə göndərilməsi ümumi şöbənin müdiri T.Şıxəliyevaya tapşırılmışdır. xx.xx.2000-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı rayonu İHA-nın Təsərrüfat şöbəsinin müdiri V.Seyidov, Qaraçuxur qəsəbəsindəki İHB-nın nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı İHB-nın xx.xx.2000-ci il tarixli 1650 saylı sərəncamı əsasında Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi 57/4-li evin üst tərəfində 1200 kv.m torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Torpaq sahəsi X3 yaşayış evi tikmək üçün verilmişdir. X1 qızı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 qızı ona məxsus ümumi sahəsi 0,12 hektar olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsini İddiaçı satmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,1455 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0,1455 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 0,1455 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, 1. Cavabdeh1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı M ******* saylı Çıxarışda və A № 018951 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə üst-üstə düşür. 2. Cavabdeh1 iddia etdiyi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı M ******* saylı Çıxarış və A № 018951 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında mülkiyyətində olan torpaq sahəsində yarımçıq tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib, torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş həyətyanı sahə mişar daşı ilə hasara alınmışdır, faktiki ölçüsü 0.1421 hektardır. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılıb sxemlər hazırlanmışdır. Elektron baza məlumatlarına əsasən koordinatları müəyyən edilməklə ölçülmüş əraziyə Cavabdeh1 sahəsi 0.1454 hektar reyestr nömrəsi **********49 an çıxarış və plan-ölçü sənədi verilmişdir. 1. Tərətlər arasındakı mübahisəli torpaq sahəsi Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş Bakı şəhəri, Suraxanı raynu, Qaraçuxur qəsəbəsində yerləşən ümumi sahəsi 0.1455 ha olan torpaq sahəsidir. 2. Tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışda MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadı. 3. MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin RX seriyalı № ******* saylı Çıxarışın (reyestr nömrəsi **********49 olan) planı və ölçüsü (koordinatlar) olduğu RX seriyalı № ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. 4. Bakı şəhəri, Suraxanı raynu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisəli faktik ölçüsü 0.1421 hektar olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirildi (koordinatları göstərilməklə sxem əlavə edilir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 18199 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********97 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0,1455 ha təşkil edən torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışda MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün mütəxəssis tərəfindən həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. MH seriyalı № ******* saylı Çıxarışa əsasən mülkiyyət olan torpaq sahəsinin plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin torpaq sahəsinin RX seriyalı № ******* saylı Çıxarışla (reyestr nömrəsi **********49 olan) mülkiyyətdə olan tarpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisəli faktiki ölçüsü 0,1421 ha olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirilmişdir (koordinatları göstərilməklə sxem əlavə edilir). “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 28 saylı mütəxəssis rəyindən görünür ki, 1. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1650 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X3 ayrılmış və xx.xx.2000-ci il tarixli akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsi 57/4-cü evin üst tərəfində 1200 kv.m torpaq sahəsinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və sonradan AN-1 ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (MH seriyalı ******* №-li çıxarış) mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yeri və kod-koordinatları müəyyənləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə naturada üst-üstə düşür. 2. İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yeri və kod-koordinatları müəyyənləşdirildikdən sonra Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələri naturada üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 3423 №-li ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi 1-ci sual üzrə xxxx MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 28 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 saylı xx xxxxxx 2000-ci il tarixli sərəncamına əsasən X3 ayrılmış və xx xxxxxx 2000-ci il tarixli akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsi 57/4-ci evin üst tərəfində 1200 (min iki yüz) kv.m torpaq sahəsinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və sonradan AN-1 ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (MH seriyalı ******* №-li çıxarış) mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 (min iki yüz) kv.m torpaq sahəsinin yeri və kod koordinatları müəyyənləşdirilərkən, həmin torpaq sahəsinin iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. İşə birinci dəfə apellyasiya instansiyası qaydasında baxılarkən məhkəmə kollegiyası həmin mütəxəssis rəyinə tənqidi yanaşaraq qeyd etmişdi ki, iddiaçıya məxsus MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,12 ha-dan ibarət torpaq sahəsinin dəqiq ölçüsünü, harada yerləşməsini, kod-koordinatlarını, döngə nöqtələrini, torpaq sahəsinin qonşu sərhədlərini özündə əks etdirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilməsi nəzərdə tutulan torpaq sahəsinin plan və ölçüsü mövcud olmadığı halda “xxxx” MMC-nin mütəxəssisinin hansı mənbələrə əsasən araşdırma aparması, torpaq sahələrinin koordinatlarını müəyyən etməsi və qeyd olunan nəticəyə gəlməsi qeyri-müəyyəndir. Bundan başqa Kollegiya ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş məktuba əsasən “xxxx” MMC-yə və Ayaz Şıxəliyevə məlumatların yoxlanması ilə bağlı Xidmətin tabeliyində “xxxx” MMC-nin elektron məlumat bazasına giriş izni verilmədiyinə, ona görə də “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və həmin rəy əsasında verilmiş ekspert rəyini əsaslı rəylər kimi qəbul etməmişdir. Həmçinin kollegiya hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin məhz ona məxsus torpaq sahəsi olduğunu sübut edə bilmədiyi üçün onun hazırki iddia tələblərini irəli sürmək üçün subyektiv hüququ yoxdur, buna görə də iddiası rədd edilməlidir. Qeyd olunan nəticə ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, işə baxan məhkəmələr tərəfindən iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan işə apellyasiya qaydasında yenidən baxılarkən 2(103)-3888/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadla Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 saylı xx xxxxxx 2000-ci il tarixli sərəncamına əsasən X3 ayrılmış və xx xxxxxx 2000-ci il tarixli akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsi 57/4-ci evin üst tərəfində natura ifadəsi ilə pay bölgüsü aparılmış, sonradan AN-1 ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan (MH seriyalı ******* №-li çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 kv.m. torpaq sahəsinin iş materiallarında olan yerquruluşu planı, köməkçi plan-xəritə (i.v. 13-14) və torpağın mülkiyyətə verilməsinə dair JN- 2928H kod 00600066 saylı şəhadətnamədə (i.v. 278-280)torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yeri və kodkoordinatlarının müəyyənləşdirilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı ********* qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla ona məxsus olmuş, sonradan Cavabdeh1 satılmış 0,1455 ha torpaq sahəsinin iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (i.v. 87) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, topaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yerinin və kodkoordinatlarının müəyyənləşdirilməsi, hər iki torpaq sahəsinin yeri və kod-koordinatları müəyyənləşdirildikdən sonra Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin naturada üst-üstə düşübdüşmədiyi, üst-üstə düşdüyü halda hansı hissədə düşdüyünün müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2079 saylı xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi üzrə mülki iş materiallarında bir-birinə zidd rəylərin (mütəxəssis rəyləri) olduğunu və eləcə də mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları ekspertizaya təqdim olunmadığına görə mübahisəli tədqiqatın aparılması mümkün olmadığından mübahisəli torpaq sahələrinin koordinatlarını və torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmin ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə istinad olunaraq qeyd olunmuşdu ki, İddiaçı məxsus olan MH seriyalı ******* №-li çıxarışın plan-ölçü sənədinin (koordinatlarının), iş materiallarında olan yerquruluşu planının, köməkçi plan-xəritənin koordinatları şərti olduğu üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 saylı xx xxxxxx 2000-ci il tarixli sərəncamına əsasən X3 ayrılmış və xx xxxxxx 2000-ci il tarixli akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsi 57/4-ci evin üst tərəfində natura ifadəsi ilə pay bölgüsü aparılmış, sonradan AN-1 ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan (MH seriyalı ******* №-li çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 kv.m. torpaq sahəsinin iş materiallarında olan yerquruluşu planı, köməkçi plan-xəritə (i.v. 13-14) və torpağın mülkiyyətə verilməsinə dair JN-2928H kod 00600066 saylı şəhadətnamədə (i.v. 278-280) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, topaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında və şəhadətnamələrdə göstərilən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin rəydə qeyd olunmuşdu ki, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı ********* qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla ona məxsus olmuş, sonradan Cavabdeh1 satılmış 0,1455 ha torpaq sahəsinin iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (i.v. 87) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, topaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yeri və kodkoordinatlarını yuxarıda qeyd edildiyi kimi müəyyən etmək mümkün olmamışdır, lakin Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********9 nömrəsi, sahəsi 0.1455 ha olan plan-ölçü sənədinin koordinatları ilə mübahisələndirilən torpaq sahəsinin naturada ölçülmüş koordnatları üst-üstə düşür. Eyni zamanda rəydə göstərilmişdi ki, Nazim Abbasova məxsus olan MH seriyalı ******* nömrəli çıxarışın plan ölçü sənədinin (koordinatlatının) olmaması səbəbindən Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nöməli çıxarış və Nazim Abbasova verilmiş MH seriyal ******* nömrəli çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin naturada üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Apellyasiya baxışı zamanı ekspert rəyini tərtib etmiş ekspert X9 izahatında baza məlumatlarının Mərkəzdə olmadığını, həmin məlumatların DƏDRX-də mövcud olduğunu, bu səbəbdən də mübahisəli torpaq sahəsi ilə bağlı araşdırmanın həmin Xidmət tərəfindən aparıldığı və müvafiq mütəxəssis rəyinin verildiyini, həmin mütəxəssis rəyinə uyğun da tərəfindən ekspert rəyinin verildiyini bildirdi. Qeyd olunan mütəxəssis rəyinə əsasən iddiaçının torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi olması halı iş materialları və ekspert rəyləri ilə öz təsdiqini tapmır. Belə olan halda iddiaçının Cavabdeh1 məxsus 0,1455 ha qeyd edilmiş torpaq sahəsinə dair alqısatqısı müqaviləsini və bunun əsasında verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüququnun olması istisna edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutlar təqdim etməli idi. Lakin, mübahisəli torpaq sahəsinin iddiaçının təqdim etdiyi sənədlər əsasında ona məxsus olmasını müəyyən etmək ekspert rəyi ilə də mümkün olmadı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən xx.xx.2004-cü il tarixdə Cavabdeh2lə bağlanmış alqı-satqı müqaviləsi araşdırılmadın rədd olunmalıdır. Bundan başqa kollegiya qeyd edir ki, hətta mübahisəli torpaq sahəsinin məhz iddiaçıya məxsus torpaq sahəsi olduğu müəyyən olunsa belə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbləri təmin edilə bilməz. Belə ki, daşınmaz əmlakla bağlı vicdanlı əldə etmə məsələləri Mülki Məcəllənin 140-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılan vaxt mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olması daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatla və onun əsasında verilmiş çıxarışla təsdiq olunmuşdur. Cavabdeh1 isə həmin reyestrdəki qeydiyyatın qeyri-dəqiq olmasını bilə də bilməzdi. Çünki o, yalnız həmin qeydiyyat və reyestrdən çıxarış əsasında mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək iqtidarında olmuş, həmin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın həqiqiliyinə inanmışdır. Bu baxımdan, həmçinin mübahisəli torpaq sahəsi əvəzli olaraq Cavabdeh1 tərəfindən əldə olunduğuna görə kollegiya hesab edir ki, o, vicdanlı əldə edəndir. Ona görə də iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə əsas vermir. Qeyd olunmalıdır ki, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-107/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının və mütəxəssis rəyi ilə bağlı qiymətləndirmənin dəyəri, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-107/2019 saylı xx xxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizası tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul iddiaçı X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Adı: X4, Kodu: 210005 VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, Hesab № AZ34CTRE********************) keçirilsin. Mütəxəssis rəyi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 69.87 manat pul iddiaçı X6 tutularaq Kadarst və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi” MMC-nin hesabına (Benefisiarın Bankı: “xxxx” ASC-nin Xətai filialı, Filialın kodu: 800071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Muhbir hesab: AZ7NABZ013501**********1944, Benefisiarın adı: adarst və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi, Benefisiarın hesabı: AZ23AİİB********************) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar