Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3411/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(009)-163/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh2 ödədiyi 90000 manat behin 2 qat mislinin, yəni 180000 manat pulun, həmçinin əlavə ödədiyi 60000 manat pulun və dəymiş zərərə görə 16000 manat pulun, cəmi 256000 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzili bəyəndikləri üçün Cavabdeh2 ilə beh müqaviləsi bağlamış, ona 90000 manat pul ödəmişdir. Bir neçə gündən sonra Cavabdeh2 Cavabdeh1nə ödəyəcəyini bildirərək 60000 manat da pul tələb edib onu da almışdır. Cavabdeh2 13 mart 2021-ci ildə Bakı şəhəri Nizami rayonu Böyük Şor qəsəbəsi 23 ünvanında yerləşən 6 saylı cəza çəkmə müəssəsinə çağıraraq həmin tarixdə etibarnaməni aşağıdakı məzmunda heç bir basqı olmadan vermişdir: “1977-ci il təvəllüdlü Cavabdeh2 şəxsiyyət vəsiqəsi seriya AA ******* olan şəxs bu etibarnaməni verir ondan ötəri ki, 9 mart 2021-ci il tarixdə 18 saylı notariat ofisi tərəfindən onun adına verilmiş 7E4639 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək həmin etibarnamədə göstərilmiş MARS-A MTK-ya məxsus olan Bakı şəhərində yerləşən 196 kv.m olan 4 otaqlı mənzili özəlləşdirməyi, Bakı şəhəri İcra hakimiyyətində, Səbail rayonu İcra hakimiyyətindən vergi orqanlarında və digər aidiyyəti orqanlarda onu təmsil etməyi sənədləri toplamağı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarələrinə təqdim edib, çıxarış almağı, sərancam verməyi 1 saylı formada arayış almağı o, cümlədən gələcəkdə əmlakı satmağı, bağışlamağı İpotekaya qoymağı dəyişməyi bu işlə bağlı bank əməliyyatları aparmağı müqavilə bağlamağı, pulu almağı və tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hüququ hərəkətlərin icrasını 1977-ci il təvəllüdlü X1 şəxsiyyət vəsiqəsi AZE № 09769626 olan şəxsə etibar edir.” Verilmiş etibarnamə onu göstərir ki, könüllü olaraq ondan aldığı 150000 manata görə Bakı şəhəri Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən 17 saylı binanın birinci girişində 16cı mərtəbəsində yerləşən 196.1 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzili kürəkəni və əmisi oğlu X1 ona görə etibar etmişdir ki, çünki o özü-özünə verilmiş etibarnamə ilə adına keçirə bilməzdi. Cavabdeh2, Cavabdeh1 MTK-nın direktoru X4 və Maraqlı şəxs əlbir olaraq ona məxsus olan mənzili mənimsəməyə çalışıblar. 02 oktyabr 2019-cu ildə beh olaraq aldığı 90000 manat və daha sonra aldığı 60000 manat iş materialları ilə sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(009)-163/2022 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh2 beh məbləğinin əvəzi kimi 180000 manat, 5000 manat dəymiş ziyan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 300 manatı tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmaayn hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yozlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 02 oktyabr 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 149.8 kv.m sahəsi olan 4 otaqlı mənzil üçün 90000 manat verməsinə dair beh müqaviləsi bağlanmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən tərəflər arasında beh müqaviləsi bağlanılmaqla, İddiaçı Cavabdeh2 90000 manat beh verdiyini cavabdeh öz imzası ilə təsdiq etmiş, bu səbəbdən də cavabdeh müqaviləni icra etmədiyi üçün məsuliyyət daşıyır. Lakin, iddiaçı 60000 manatın tutulması hissəsində məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən beh müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq olunduğundan, həmin hissədə tələb qismən əsaslı hesab edilərək 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin qeyd edir ki, işdə iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 60000 manat pul vəsaitinin verilməsinə dair mötəbər sübut mövcud deyildir. Bu hal işdə olan şahid ifadələri ilə də birmənalı təsdiq olunmur. Bununla yanaşı, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı X3 iddia tələbində Cavabdeh2 qaynanası İddiaçı (hazırki iş üzrə iddiaçı) tərəfindən mənzilin alınması üçün 90000 manat beh verilməsini, sonradan isə özü tərəfindən Cavabdeh2 60000 manat pul verilməsini göstərmişdir. İddiaçı apellyasiya şikayətində 60000 manat pulun alınmasının cavabdehin özü tərəfindən də etiraf olunmasını qeyd etsə də, işdə belə bir etiraf mövcud deyildir. Həmçinin qeyd edilməlidiri ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı ona zərər vurulmasını sübut etmək yükünü daşıyır. İddiaçı yoxlanılan hissədə tələblərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının izahatı da özü-özlüyündə yoxlanılan hissədə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul tələbin” barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(009)-163/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(009)-163/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3411/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3411/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver