Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3414/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2053/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat məbləğində borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 2053/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş xx xxxxxx 2011-ci tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh həmin tarixdə İddiaçı 27000 ABŞ dolları məbləğində borc pul almış və borcu xx.xx.2012-ci il tarixinədək qaytarmağı öhdəliyinə götürmüşdür. xx xxxx 2016-cı il tarixli əlyazma qəbzə əsasən Cavabdeh İddiaçı 17000 manat məbləğində borcu vardır və həmin borcu bir il müddətinə qaytarmağı öhdəsinə götürür. İddiaçı bildirir ki, cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 27000 ABŞ dolları məbləğində borcu hissə-hissə qaytarmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş edilmiş, həmin vaxt, yəni xx.xx.2016-cı il tarixdə 17000 manat borcunun olması və həmin borcu 1 il ərzində qaytarılmasına dair öhdəlik götürmüş, bu barədə yazılı qəbz vermişdir. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, işi ilə bağlı ona bazar qiymətindən ucuz mənzillər təklif olunurdu və bu barədə həmin vaxt həmkarı olmuş iddiaçıya bildirmişdir. Qarşılıqlı razılaşma əsasında aralarında xx.xx.2011-ci il tarixdə notariat kontorunda kredit müqaviləsi bağlanmış və ona 27000 ABŞ dolları kredit verilmişdir. Bir neçə aydan sonra o, iddiaçıya Qaraçuxur adlanan ərazidə əlverişli qiymətə mənzil təklif olunduğunu bildirmiş, iddiaçı qohumları ilə birlikdə mənzilə baxdıqdan sonra bəyənmiş və o, mənzilin alqı-satqı müqaviləsini və tam ödəmə haqqında maliyyə arayışını ona vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında xx xxxxxx 2011-ci tarixli kredit müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 27000 ABŞ dolları məbləğində borc verməsi işin mübahisəsiz hallarıdır. Cavabdehin iddiaçıya 17000 manat məbləğində borcu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması isə yazılı şəkildə tərtib olunaraq imzalanmış qəbzlə təsdiq olunur. Ona görə də, o, həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, o, borc məbləği əvəzində iddiaçıya mənzil verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerini yetirə bilməmişdir. Cavabdehin məlumatlandırılmaması ilə bağlı qeyd olunur ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2053/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3414/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3414/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver