Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3414/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Xaliq oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Xaliq oğlundan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 259.65 manat əsas, 627.26 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.08 manat borc, ümumilikdə 929.99 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 5234/2020 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı LPO İddiaçı ASC tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində nəzərdə tutulan icraata xitam verilmə halı bu iş üzrə düzgün tətbiq edilməmişdir. Bir qayda olaraq, mübahisəli hüquq münasibəti o zaman hüquq varisliyinə yol vermir ki, həmin münasibət ölmüş fiziki şəxsin bilavasitə şəxsiyyəti ilə bağlı olsun. Buna misal olaraq, aliment öhdəliklərini, birgə yaşayışın mümkün olmaması halında mənzildən çıxarılmanı, sağlamlığa vurulan ziyana görə zərərin əvəzinin ödənilməsi haqqında iddianı və s misal göstərmək olar. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət prosessual hüquq varisliyindən gedir. Prosessual hüquq varisliyi dedikdə MPM-nin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Bundan başqa maddənin məzmunundan da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi tələb olunur. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdikdə iş üzrə icraata xitam verilə bilməz. İddiaçı bank ilə Cavabdeh Xaliq oğlu arasındakı hüquq münasibəti də kredit və ya borc tələbi ilə bağlı hüquq münasibəti olduğuna görə iş üzrə icraata xitam verilməsi düzgün deyildir. Daha sonra məhkəmə bu halda işi icraata qəbul edib icraatı dayandırmaq əvəzinə sənədləri geri qaytarmaqla bankın mövqeyinə zərər vurmuşdur. Belə ki, MPM-nin 254.1.1-ci maddəsinə əsasən hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə icraatı dayandırmalıdır. İddiaçı bank ilə cavabdeh arasında olan hüquq münasibəti həm qanuna, həm də Konstitusiya Məhkəməsinin Qərarına görə, hüquq varisliyinə yol verir və icraat hər bir halda dayandırılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh Xaliq oğlu 2016-cı ildə ölmüşdür. Yəni, iddiaçı dörd il bundan əvvəl ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Belə bir vəziyyətdə iddia ərizəsinin icraata qəbul edilməsi ölmüş şəxsin cavabdeh kimi prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir ki, bu hal yolverilməzdir. Aydındır ki, ölmüş şəxsin heç bir prosessual statusu yoxdur və iddia tələbi üzrə cavabdeh qismində tanına bilməz. Kollegiya eləcə də şikayətdə hüquq varisliyi ilə bağlı qeyd edilənlərə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsində nəzərdə tutulan işdə tərəf olan şəxs öldükdə (barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə) iş üzrə icraatın dayandırılması halı, həm də MPM-in 261.0.7-ci maddəsində nəzərdə tutulan iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra (barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə) iş üzrə icraata xitam verilməsi halı iş icraata qəbul edildikdən sonra tərəf öldüyü zaman tətbiq edilir. Yəni şikayətdə qeyd ediləndən fərqli olaraq qanunvericiliyin bu tələbləri o halda tətbiq edilə bilər ki, şəxs iddia ərizəsi icraata qəbul edildikdən sonra ölmüş olsun. Hazırkı işdə isə cavabdeh kimi göstərilən şəxs 2016-cı ildən ölmüşdür. Belə olan halda kollegiya hesab edir ki, bu maddələrin işə tətbiqi mümkün deyil. Odur ki, cavabdeh kimi göstərilmiş Cavabdeh Xaliq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş olduğundan iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə təqdim edilmişdir Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3414/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3414/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver