Məhkəmə qərarları › İş №2(103)-3420/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3420/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3420/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “lizinq müqaviləsinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 55379,90 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Shacman” markalı, H023163 dövlət qeydiyyat nişanlı yük avtomobilinin ondan alınaraq iddiaçıya qaytarılması, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2012-ci il tarixli lizinq müqaviləsinə, Cavabdeh2 ilə bağlanmış 09 aprel 2012-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh3 ilə bağlanmış 09 aprel 2012-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-280/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən müştərək qaydada tutulan 10000 ABŞ dolları cərimə borcu hissəsində dəyişdirərək cərimə məbləğinin 3000 ABŞ dolları müəyyən edilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanunla müəyyən edilmiş qaydada və müddətdə icraya yönəldilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Hazırda Cavabdeh2 Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili ondan ibarət olmuşdur ki, onun hazırkı məhkəmə mübahisəsindən məlumatı olmamış, bu səbəbdən iddia tələbinə etirazlarını məhkəməyə təqdim edə bilməmişdir, belə ki, onun heç bir lizinq müqaviləsindən məlumatı olmamışdır, heç kimə zamin də durmamışdır. Bu səbəbdən, qətnamənin ona aid təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili K.Aşirov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Cavabdeh2 iddiaçı ilə bağlanmış 09 aprel 2012-ci il tarixli zaminlik müqaviləsindən xəbəri olmamış və həmin müqaviləni o imzalamamışdır, bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edərək zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişlər, ekspertiza keçirilmiş, rəyə əsasən də imzanın Cavabdeh2 tərəfindən icra edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin Cavabdeh2 aid təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işin materiallarında olan "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2012-ci il tarixli 12/396 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə 81404 (səksən bir min dörd yüz dörd) ABŞ dolları məbləğində "SHACMAN” markalı H023163 dövlət qeydiyyat nişanlı yük avtomobili lizinqə verilmişdir (şassi: LZGCR2R65BX079111, mühərrik: 1111S009960). Lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. "xxxx" MMC Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış müvafiq surətdə 09 aprel 2012-ci il tarixli 12/396-1 və 12/396-2 saylı zaminlik müqavilələrinin surətindən görünür Cavabdeh1 09 aprel 2012-ci il tarixli 12/396 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcm və şərtlərlə «Lizinq verən» qarşısında məsuliyyət daşıyırlar. Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il, 4/853 saylı ekspert rəyinə əsasən, 12/396-1 saylı, 09 aprel 2012-ci il tarixli “Zaminlik müqaviləsinin” “zamin” qrafalarında olan imzalar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-280/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən müştərək qaydada tutulan 10000 ABŞ dolları cərimə borcu hissəsində dəyişdirərək cərimə məbləğinin 3000 ABŞ dolları müəyyən edilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadında gəlinən nəticəyə əsasən məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-280/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən ona aid hissədə mübahisələndirilmiş və qətnamə apellyasiya məhkəməsi tərəfindən həmin hissədə yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh2 aid hissəsində əvvəllər mübahisələndirilməmiş və apellyasiya qaydasında həmin hissədə yoxlanılmamışdır. Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh2 aid hissəsində mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmadığından Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq Məhkəmə Kollegiyası rayon məhkəməsinin qətnaməsini iddia tələbinin Cavabdeh2 aid hissəsində tam yoxlayır. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı ilə bağlanmış 09 aprel 2012-ci il tarixli zaminlik müqaviləsindən xəbəri olmamış və həmin müqaviləni o imzalamamışdır, bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edərək zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında mülki iş materiallarında olan 12/396-1 saylı, 09 aprel 2012-ci il tarixli zaminlik müqaviləsindəki “zamin” qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra edilib-edilmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il, 4/853 saylı ekspert rəyinə əsasən, 12/396-1 saylı, 09 aprel 2012-ci il tarixli “Zaminlik müqaviləsinin” “zamin” qrafalarında olan imzalar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin cavabdehə aid hissədə təmin edilməməli, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin cavabdehə aid hissədə təmin edilməməli, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4949/2016 saylı, 10 oktyabr 2016cı il tarixli qətnaməsi qismən, Cavabdeh2 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələdirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 124 (yüz iyirmi dörd) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına iddiaçı "xxxx" MMC-dən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar