Məhkəmə qərarları › İş №2(103)-3420/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3420/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3420/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi, “Kredit müqaviləsi” üzrə borcunun olmaması barədə “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” məlumatın verilməsi, 2.686,63 manat məbləğində pulun “Mərkəzləşdirilmiş Kredit Reyestrindən” silinməsi və buna dair ona arayışın verilməsi və onun kredit tarixçəsinin korlanmasının təkzib edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən iddiaçıya 5.000 manat məbləğində kredit verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-3807/2011 nömrəli qətnaməsi ilə hazırki iş üzrə cavabdeh Bankın iddiasının təmin edilməsi, hazırki iş üzrə iddiaçıdan 3.542,59 manat məbləğində borcun tutularaq Banka ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(103)- 5751/2011 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Buna baxmayaraq hazırda “Mərkəzləşdirilmiş Kredit Reyestrində” hazırki iş üzrə iddiaçının adına hələ də guya 2.686,63 manat borcun olduğu göstərilir və həmin borc silinməmişdir. İddiaçı bununla bağlı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına, "xxxx" MMC-yə və Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, onun məhkəməyə müraciəti etməli olduğu bildirilmişdir. “Mərkəzləşdirilmiş Kredit Reyestrində” iddiaçının adına borcun görsənməsi onun hüquqlarının pozulmasına səbəb olur, banklardan kredit ayrılmamasına zəmin yaradır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı pulu cavabdeh Bankdan götürmüş, lakin tam şəkildə geri ödənişini təmin etməmiş, buna görə də Banka borcu yaranmışdır. Belə olan halda, iddiaçı ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” etibarlı olması, yəni hüquqi nəticə yaratması faktı təsdiq olunur. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

7. Əsasları iddianın əsasları ilə eynilik təşkil apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, “Kredit müqaviləsi” iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçının cavabdeh Banka borcu yoxdur. İş üzrə ekspertiza tərəfindən verilmiş rəydə göstərilir ki, “Kredit müqaviləsi” və “Kassa məxaric orderində” olan imzaların montaj edilərək hazırlanması barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün deyil. Buna baxmayaraq Rayon Məhkəməsi iddianı rədd etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

8. İş üzrə iddiaçı, cavabdeh Fondun nümayəndəsi və üçüncü şəxslərin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, cavabdeh Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı “Kredit müqaviləsindən” və müqaviləyə 1 saylı Əlavədən görünür ki, iddiaçı, istehlak tələbatlarının ödənilməsi məqsədi ilə illik 24 faiz dərəcəsi ilə 24 ay müddətində hissə-hissə, aybaay ödəmək şərti ilə Bankdan 5.000 manat məbləğində kredit almağı, Bank isə həmin məbləği iddiaçıya verməyi öhdələrinə götürmüşlər.

12. İddiaçının adına rəsmiləşdirilmiş xx.xx.2008-ci il tarixli “Kassa məxaric orderindən” görünür ki, iddiaçı, 5.000 manat məbləğində pulu Bankdan almışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5751/2011 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-3807/2011 nömrəli qətnaməsi ilə hazırki iş üzrə cavabdeh Bankın iddiasının təmin edilməsi, hazırki iş üzrə iddiaçıdan 3.542,59 manat məbləğində borcun tutularaq Banka ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsini və bankın iddiasının baxılmamış saxlanılmasını qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadı onunla əsaslandırılmışdır ki, Bank, iddia tələbinin əsaslı olmasını təsdiq edən sənədlərin əsalini məhkəmələrə təqdim etməmişdir.

15. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırki iş üzrə iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1995-ci il tarixli, 236 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB-nin müflis elan edilməsi və banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Qanunvericiliyə əsasən, kredit tarixçəsi subyektinin yanlış hesab etdiyi məlumatın yoxlanılması və həmin məlumatda müvafiq düzəlişlərin edilməsi barədə kredit bürosuna və məlumat təchizatçısına müraciət etmək hüququ vardır. Göstərilən məsələlər ilə əlaqədar Fonda və "xxxx" MMC-yə müraciət edilməsi tövsiyyə edilmişdir.

16. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən xx.xx.2011-ci il tarixli qərardadı ilə Fondun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.

17. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, BOKT və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda Büronun məlumat bazasına təqdim edilmiş məlumatlarda hər hansı yanlışlıq aşkar edilmədiyi qeyd olunmuşdur. Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onlar üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və məhkəməyə müraciət etmək tövsiyə olunur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 4/1152 nömrəli rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 41-42-ci vərəqlərində QSC “Bank Standard” KB “Sahil” filialı ilə iddiaçı arasında bağlanmış olan xx.xx.2008-ci il tarixli KMFŞ seriyalı ********** nömrəli “Kredit müqaviləsinin” fotosurətinin 1-ci vərəqin sonundakı imza və 2-ci vərəqində “borc alan İddiaçı” qrafasından aşağıda yerləşən imza və QSC “Bank Standard” KB-nə aid olan xx.xx.2008-ci il tarixli “Kassa məxaric orderinin” fotosurətində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – iddiaçı tərəfindən icra olunmuşdur.

19. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 5/1586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2008-ci il tarixli ********** nömrəli “Kredit müqaviləsinin” surətində, xx.xx.2008-ci il tarixli “Kassa məxaric orderinin” surətində olan iddiaçının imzalarının montaj edilərək hazırlanması barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmadı.

20. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən iddiaçıya istehlak tələbatlarının ödənilməsi üçün illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca icra edilmədiyindən, Bank tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi ilə əlaqədar qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə Bank tərəfindən sübut qismində verilmiş sənədlərin əsilləri məhkəmələrə təqdim edilmədiyindən, həmin tələb baxılmamış saxlanılmışdır. İddiaçının adına “Mərkəzləşdirilmiş Kredit Reyestrində” əks olunan borcun silinməsinə dair onun Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC-yə olan müraciətləri nəticəsiz qalmış, buna görə də o, məhkəməyə müraciət etmişdir.

21. Hazırda iddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia edərək, Banka heç bir borcunun olmamasına baxmayaraq, mübahisələndirdiyi “Kredit müqaviləsi” ilə əlaqədar “Mərkəzləşdirilmiş Kredit Reyestrində” onun adına borc yazılmasının hüquqlarını pozduğunu bildirərək hazırki iddia tələbini irəli sürmüşdür.

22. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddələr 337.1 - 337.4).

23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Məhkəmə qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondu mübahisələndirilən “Kredit müqaviləsi” üzrə tərəf olmadığından və hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs sayılmadığından iddia ona münasibətdə əsassızdır.

25. Digər tərəfdən, ekspert rəyi ilə “Kredit müqaviləsi” və “Kassa məxaric orderində” olan imzaların iddiaçı tərəfindən icra edildiyi müəyyən edilmişdir. Belə olan halda, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. İddia “müqavilənin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan, Rayon Məhkəməsi həmin tələbdən irəli gələn digər tələbləri də əsassız hesab edərək rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. f) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçının özünə aid edilməlidir.

29. Məhkəmə həmçinin bildirir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

30. Cavabdehlər və üçüncü şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, həmin şəxslər qətnamədən kassasiya şikayəti verə bilməz.

31. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar