Məhkəmə qərarları › İş №2(103)-3420/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3420/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3420/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3420/2025 (Açar sözlər: mənzildən mülkiyyət hüququna xitam verilməsi, yeni mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, maddi və mənəvi zərərə görə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi Nümayəndə1, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən mülkiyyət hüququna xitam verilməsi, yeni mənzilin təhvil verilməsi və kirayə haqqının cavabdehə ödənilməsi tələbinə dair” iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərə görə pul tələbinə dair” qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-275/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 014/22 nömrəli müraciəti, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

2. Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinın 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər icra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin. Torpaq sahəsinə dair icarə huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərınə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada çaxılacaqdır. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır.

3. xx.xx.2023-cü il tarixli, 1761 nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-6461 nömrəli cizgisinə əsasən Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2023-cü il tarixdən hesablanır və icarəçi hər il 161.740 manat icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.

4. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,0478 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 2 mərtəbəli binada, 21,0 kv.m. ümumi, 16,0 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissəsi Cavabdeh adına, ½ hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 541 nömrəli reyestr kitabının 49856 nömrəli vərəqində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən mülkiyyət hüququna xitam verilməsi, yeni mənzilin təhvil verilməsi və kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olmuş və sonradan dağılmış ünvan 1 ünvanında mövcud olmuş mənzilinin əvəzinə ona 21000 manat dəyərində kompensasiya ödənilməsi ilə onun həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən sərəncamlara əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış 1761 saylı torpaq sahəsinin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ətrafında yerləşən torpaq sahələrinə dair 49 il müddətində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MMC hər il dövlət büdcəsinə 161 740,08 AZN ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2023cü il tarixli 3-35/3- 3-131/2023 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində lahiyələndirilən yaşayış və qeyri-yaşayış binalarının Şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 10,5 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh ilə onun evinin əvəzinə pul kompensasiyası verilməklə bağlı razılıq əldə etmək mümkün olmamışdır. Hazırda cavabdehə məxsus mənzil faktiki olaraq mövcud deyil. Belə ki, sözügedən mənzil ərazidə aparılan söküntü işləri zamanı qəzalı olduğu səbəbindən dağılmışdır. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1- ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır.

7. Sonradan İddiaçı MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ********** saylı qeydiyyat nömrəli çıxarışına əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında mövcud olmuş mənzilinin üzərindəki mülkiyyət hüququna cavabdehə İddiaçı MMC tərəfindən 46650 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra İddiaçı MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh ünvan 1 ünvanında mövcud olmuş ona məxsus mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi; mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin Cavabdeh verilməsi; mənzilin İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı MMC-dən maddi zərərə görə 65000 manat, mənəvi zərərə görə 5000 manatın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir. Həmin ünvana yaxın ərazidə cavabdeh “RR Constructions" MMC tərəfindən tikinti işləri aparılır. Cavabdeh tərəfindən ona razılıq verilməsini, evinin onlara satılması tələb edilsə də, o, mülkiyyətini satmaq fikrinin olmadığını bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən evdən olmamağından istifadə edilərək, evi dağıdılıb sökülmüş, maddi və mənəvi zərər vurulmuşdur. İlkin iddia ərizəsində də "xxxx" MMC tərəfindən məhv edilmişdir. Bundan başqa mülkiyyət hüquqlarının pozulmasını təsdiq edən yetərli qədər sübutlar var. İlkin iddia tələbinə münasibət bildirərək, qeyd etmişdir ki, ilkin iddia tələbi təmin edilə bilməz. İddia ərizəsində əsas kimi göstərilmiş və sübut qismində əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin 265 saylı, 02 dekabr 2022-cü il tarixli sərəncamın 1 ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçilər ilə qarşılıqlı razılıq əsasında bina tikintisi aparılması üçün istifadəsinə verilə bilər. Lakin İddiaçı MMC razılıq olmadan mülkiyyət hüququnu AR konstitusiyası və qanunları heçə sayaraq, fiziki güc tətbiq edərək, hüququnu pozmuşdur. Bundan başqa evi sökülən zaman evdə olan məişət əşyaları, 3 nəsil davamlı olan qızıl-zinət əşyaları və 37500 manat pul vəsaiti də talanmış, maddi zərər vurulmuşdur. Qızıl zinət əşyaları: 3 ədəd evlilik üzüyü, zümrüd qaşlı “həri” üzüyü, traktor qolbaq və dəst boyunbağı ilə, qol saatı qolbağı ilə, şarlı sırğa, ələm klon sep ilə, 6 ədəd sep və 1 qolbaq, 2 ədəd medalyon, 4 zümrüd qaşlı sırğa, uşaq sırğası, qızıl dişlər, qırx qızıl şarikli hil, göy sapfir qaşlı komplekt (sırğa, üzük), yaşıl sapfir qaşlı komplekt (sırğa, üzük), paxlava üzük, Sapfir qaşlı, qol saatı qolbağl ilə, kvadrat klon, mirvari, qaşlı sırğa, brilliyant qaşlı abadok komplekt (sırğa, üzük), ümumi 240 qram çəkidə olan qızıllar olmuşdur.

11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə2 ilkin iddia tələbini qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 mart 2025-ci il tarixli 2(004)-275/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzill üzərində mülkiyyət hüququna xitam verilməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzil Cavabdeh təhvil verilməsi, Cavabdeh yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı MMC-dən tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələboi əsaslı olduğundna, eləcə də cavabdeh tərəfindən ilkin iddia qəbul olunduğundan iddia təmin edilməlidir.

14. Qarşılıqlı iddia tələbinin “İddiaçı MMC-dən maddi zərərə görə 65000 manat, mənəvi zərərə görə 5000 manatın tutularaq, iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı vurulmuş maddi ziyanın məbləği olaraq mənzildə olan qızılların dəyəri və 37500 manat daxil olmaqla, ümumilikdə 65000 (altmış beş min) manat tələb etsə də, məhkəməyə buna dair mötəbər sübutlarını təqdim etməmişdir. Belə ki, sözügedən ünvanda həmin qızıl-zinət əşyalarının və 37500 manat məbləğində pulun olması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir.

15. Məhkəmə qarşılıqlı iddiaçının onun mülkiyyətində olan mənzilin qarşılıqlı razılıq əldə edilmədən sökülməsi nəticəsində stress və sarsıntı keçirməsi əlavə sübuta ehtiyacı olmayan hal hesab etmişdir. Lakin məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən ilkin iddianın cavabdeh tərəfindən qəbulunu, kompensasiya kimi gələcəkdə evlə təmin edilməsini də nəzərə alaraq, 1000 (min) manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 21.1, 152.1, 152.6, 180.1, 180.2, 180.4, 560.1, 560.2, 560.3.5.1, Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4 və Mülki Prosessual Məcəllənin 3.0.20, 4.1, 4.2, 13.7, 14.2, 76, 77.1, 119.1, 191.3, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, ərazidə cavabdeh "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. Cavabdeh tərəfindən ona razılıq verilməsini, evinin onlara satılması tələb edilsə də, o, mülkiyyətini satmaq fikrinin olmadığını bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən evdə olmamağından istifadə edilərək, evi dağıdılıb sökülmüş ona maddi və mənəvi zərər vurulmuşdur. Bundan başqa mülkiyyət hüquqlarının pozulmasını təsdiq edən yetərli qədər sübutlar var. İlkin iddia tələbinə münasibət bildirərək, qeyd edir ki, ilkin iddia tələbi təmin edilə bilməz. Bundan başqa evi sökülən zaman evdə olan məişət əşyaları, 3 nəsil davamlı olan qızıl-zinət əşyaları və 37500 manat pul vəsaiti də talanmış, maddi zərər vurulmuşdur. Qızıl-zinət əşyaları: 3 ədəd evlilik üzüyü, zümrüd qaşh həri üzüyü, traktor qolbaq və dəst boyunbağı ilə, qol saatı qolbağı ilə, şarlı sırğa, ələm klon və sep ilə, 6 ədəd sep və 1 qolbaq, 2 ədəd medalyon, 4 zümrüd qaşh sırğa, uşaq sırğası, qızıl dişlər, qırx qızıl şarikli hil, göy sapfır qaşh komplekt (sırğa, üzük), yaşıl sapfır qaşh komplekt (sırğa, üzük), paxlava üzük, Sapfir qaşlı, qol saatı qolbağı ilə, kvadrat klon, mirvari qaş sırğa, brilliyant qaş abadok komplekt (sırğa, üzük). Ümumi 240 qram çəkidə qızıllar olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 25.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamədən hazırda ilkin iddia üzrə cavabdeh şikayət verərək, onun qismən – qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş edir.

33. Qətnamə qismən – qarşılıqlı iddiaya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

36. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

37. Hazırki halda Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 014/22 nömrəli müraciəti, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2- 2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

38. Sərəncamın icrası ilə əlaqədar tərəflər arasında danışıqlar olmuş, lakin yekun razılaşma baş tutmamışdır. Hazırda cavabdeh iddia edir ki, MMC tərəfindən mənzil onun razılığı olmadan sökülmüş, söküntü zamanı mənzildə əşyalar, qızıl-zinət və pul olmuşdur.

39. Hazırda cavabdeh həmin əşyaların dəyərini, eləcə də ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir.

40. Lakin cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında qızıl-zinət əşyalarının və qeyd edilən məbləğdə pulun olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

41. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də apellyasiya şikayətində həmin əşyaların mənzilin daxilində olduğunu qeyd edir. Lakin bu halın araşdırılması üçün heç bir sübut təqdim etmir.

43. MMC mənzili cavabdehin razılığı olmadan sökülməsi əvəzinə onu yeni, daha yaxşı şəraitli mənzillə təmin edir. Bundan əlavə yeni mənzillə təmin edilənədək cavabdehin kirayə xərclərini çəkməyi öz öhdəsinə götürməyə hazırdır.

44. Qarşılıqlı iddiaçının onun mülkiyyətində olan mənzilin qarşılıqlı razılıq əldə edilmədən sökülməsi nəticəsində stress və sarsıntı keçirməsi işin sübuta ehtiyacı olmayan halıdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin məbləğini müəyyən edərkən ilkin iddianın cavabdeh tərəfindən qəbulunu, kompensasiya kimi gələcəkdə evlə təmin edilməsini də nəzərə alaraq, 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.

46. Qarşılıqlı iddiaçı hazırda həmin məbləği mübahisələndirsə də, mənəvi zərərin hansı meyralara əsasən 5000 manat müəyyən etdiyini əsaslandırmır.

47. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

48. Birinci instansiya məhkəməsinin qətnaməsi digər hissələrdə mübahisələndirilmədiyindən Kollegiya onlara münasibət bildirməyi zəruri hesab etmir.

49. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-275/2025 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı onun surətini rəsmi qaydada aldığı gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar