Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3421/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsgər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul, müqavilə öhdəliyinə əməl olunmaması, müqavilənin etibarlılığı, etibarsız əqd üzrə alınanların geri qaytarılması,, sübutetmə, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixdə imzaladıqları, komputer üsulu ilə hazırlanmış və “alqı-satqı” adlandırılan qəbzdə göstərmişlər ki, “ünvan 1 ünvanında yerləşən 120 m2 evimizi İddiaçı 59 000 manata satırıq. Evin sənədlərində əksiklik olduğu üçün və bizim ailə problemi olduğu üçün İddiaçı öncədən əlimizdə yazılı kağız verərək 59 000 manat aldıq. Sənədləşməni 25 dekabr 2020-ci ilə qədər həll etməyi və evi İddiaçı verməyi söz verdik. Bu sənədləşməni heç bir təsir altında olmayaraq imzalayırıq”.
2. Əli və Cavabdeh3lar Cavabdeh2 övladlarıdırlar, onların hər üçü Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 24, mənzil 7 ünvanında pasport qeydiyyatındadırlar.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 59 000 (əlli doqquz min) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlərlə arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı barədə razılaşmaya görə, cavabdehlər ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evi ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59 000 manat pul almış, evin sənədlərində olan problemi 25 dekabr 2020-ci il tarixinə kimi həll edib evi ona təhvil verməyi öhdələrinə götürmüşlər. Lakin bu günə kimi onlar nə pulu qaytarır, nə də evi təhvil verirlər. Dəfələrlə onlardan pulu və ya evi tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək öhdəliklərini icra etmirlər. Belə olan halda pozulmuş hüquqlarının bərpası və pulun cavabdehlərdən məcburi qaydada alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər özləri də iddia tələbində haqlı olduğunu etiraf etmək məcburiyyətindədirlər. Belə ki, alqı-satqı niyyəti ilə bağlanmış yazılı razılaşmada olan imzalar cavabdehlərə məxsusdur və qəbzin məzmununda yazılmış sözlər də onların iradə ifadəsidir.
5. Cavabdehlərin məlum olan ünvanların göndərilmiş bildirişlər onlara çatdırılmadan geri qaytarılmış və işə cavabdehlərin iştirakları olmadan baxılmışdır.
6. Birinci instansiya məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamış, bununla belə Mülki Məcəllənin 385.1-ci, 390.1-ci, 390.5-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 445.2-ci, 739.1-ci, 739.2-ci, 740.1ci, 740.2-ci maddələrinin dispozisiyalarını qətnamədə əks etdirərək vurğulamışdır ki, cavabdehlər iddiaçıya ünvan 2 ünvanında yerləşən 120 kv.m-lik evi satıb evin sənədlərinin düzəldilməsi üçün ondan xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 59 000 manat almış, bununla bağlı aralarında alqı-satqı müqaviləsi imzalanmış, həmin məbləğin xx.xx.2020-ci il tarixədək qaytarılmasını vəd etsələr də, bu günədək iddiaçıya qaytarmamışlar.
8. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işə cavabdehlərin iştirakı olmadan baxdığı, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, iddiaçı ilə cavabdehlər arasında ümumiyyətlə ev-alqı satqısına dair razılaşma olmadığı, iddiaçının istinad etdiyi sənədin Cavabdeh2 oğlu Cavabdeh3 tanışı olan Anar Nuriyev adlı şəxslə iddiaçı arasında olan hansısa pul münasibətinin təminatı kimi tərtib edildiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “...İddiaçı cavabdehlərə heç bir pul vəsaiti verməyib. Onlar evlərini satmaq belə niyyətində olmayıblar. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Anar Nuriyev adlı şəxs Cavabdeh2 oğlu - digər Cavabdeh3 tanışı olub. Dediklərinə görə birgə biznes fəaliyyəti ilə məşğul olublar. Cavabdeh3 guya Anar Nuriyevə pul borcu olub. X1 Nuriyevlə digər oğlu Cavabdeh1 yaşadığı Badamdar qəsəbəsindəki evə gedərək, guya evin sənədlərinin düzəldilməsi üçün sənədə imza etdiyini demiş, əlüstü Cavabdeh1 qardaşına inanaraq, məzmununa baxmadan, oxumadan sənədə imza atmış, sonradan onlar iş üzrə digər Cavabdeh2 yaşadığı 20-ci sahə adlandırılan ərazidəki evinə edərək, maşın kapotunun üstündə ona da imza etdirmişlər. Ən əsası odur ki, “alqı-satqı" müqaviləsinin tərəfi olan şəxs İddiaçı həmin vaxt orada olmamış, Amil və Anar Nəbiyev adlı şəxs orada olmuşlar. Anar Nəbiyev yüksək vəzifədə işlədiyindən adının hallanmaması üçün İddiaçı adını “alqı-satq müqaviləsi"nin tərəfi kimi qeyd etdirmişdir. “Mənzilin alqı-satqı”sının göstərilən niyyətlə həyata keçirilməməsini iddiaçı və cavabdehlər təsdiq edirlər. Onlar dindirilərsə açıq-aydın görünəcək ki, iddiaçının evini əslində satmaq niyyəti olmayıb, məqsəd, iş üzrə cavabdehlərdən biri Amil ilə Anar Nuriyev arasında olan hansısa pulun təminatı kimi “evin-alqı satqı müqaviləsi"nin bağlanması olmuşdur. Yəni, müqaviləni imzalayan tərəflər arasında olan münasibətlər mənzilin alqı-satqısı ilə bağlı deyil, Cavabdeh2 oğlu ilə Anar Nuriyev arasında olan borc münasibətlərini pərdələmək üçün oİmuşdur. Göründüyü kimi, ilkin olaraq tərəflər arasında alqı-satqı münasibətlərinin olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalı idi. Qeyd edilən pulun iddiaçı tərəfindən cavabdehlərə verilməsi, yəni bir tərəfin mülkiyyətindən digər tərəfin mülkiyyətinə keçməsi legitim formada sübut olunmalı idi və bu hal sübutlarla təsdiq olunmalıdır. Cavabdehlər isə ona qarşı iddia edilən 59 000 manat məbləğində pulun onlara verilməsini və onlar tərəfindən alınmasını qəbul etmirlər. “Müqavilə" görünüş olaraq bağlanmışdır ki, iddiaçı ilə cavabdehlər arasında belə bir borc münasibəti həyata keçməmişdir. Həmin “müqavilə" cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Tərəflər arasında pulun verilməsini və qəbul olunmasını qarşı tərəf yazılı sənəd kimi tərtib olunmuş “alqı-satqı müqavilə"sini göstərir, bundan başqa buna dair qanuni və mötəbər sübutlar yoxdur. İddiaçı tərəfindən gətirilən dəlillər şifahi olmaqla, formal mülahizələrə əsaslanır. Bu “sübutlar" isə pulun verilməsini və cavabdehlər tərəfindən alınmasını təsdiq edə bilməz və cavabdehin iddiaçıya qarşı mülki-hüquqi nəticəyə yönəlmiş hədəfinin olmadığını ifadə edir. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir. Həmin vaxt mənzilin satılmasına lüzum olmayıb. Mənzilin satılması üçün heç bir zərurət olmayıb ki, cavabdeh mənzilini satmaq məcburiyyətində qalsın. Göründüyü kimi, yəni Cavabdeh3 ilə Anar Nuriyev arasında müəyyən pul münasibətləri səbəbindən, Cavabdeh3 Anar Nuriyevin göstərişi və təkidi ilə atası və qardaşının evlərinə getmiş və qeyd edilən mənzilin guya “alqı-satqı"sına dair formal müqavilə" imzalanmışdır. Həmin vaxt müqavilənin məzmununu cavabdehlər bildirir ki, heç tanış olmadan, oxumadan imza etmişlər. Məhkəmənin nəzərinə çatdırıram ki, həmin “müqavilə" (sənəd) heç bir hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır. Həmin mənzilin satılması istəyi, fikri ümumiyyətlə, heç vaxt cavabdehlərdə olmamışdır, yəni müqavilənin bağlanması cavabdehlərin həqiqi iradəsinin ifadəsi deyildir. Müqaviləni iddiaçının oğlu ona yuxarıda göstərilən səbəblərdən imzalatdırıb və digər cavabdehlərlər də onun sözü ilə sənədə imza atmışlar. Müqavilə əslində Amil ilə Anar Nuriyevin arasında olan pulun qaytarılmasının təminatı kimi görünüş olaraq bağlanmışdır ki, cavabdehlərlə iddiaçı arasında belə bir alqı-satqı münasibəti həyata keçirilməmişdir. Mübahisəli mənzilə dair satış məlumatı heç bir yerdə qoyulmamış və iddiçının bu mənzilin satılması barədə məlumatı olmamışdır. Heç iddiaçı cavabdehlərlə heç bir vaxt mənzil barəsində danışıb sövdələşməmişdir. Onunla heç vaxt rastlaşmamışdır. Bütün işləri cavabdeh Amil ilə Anar Nuriyev razılaşdırıb, digər cavabdehlərdə sadəcə həmin sənədlərə imza atmışlar”.
Apellyasiya şikayətinə etiraz
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, cavabdehlərin icra şöbəsində ondan pul aldıqlarını etiraf etdikləri bildirilməklə, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, digər Cavabdeh1 da şikayəti müdafiə etdiyini bildirmiş, Cavabdeh3 və iddiaçı isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
12. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
13. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
14. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
15. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
20. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
21. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
22. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
23. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
29. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
30. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır ( 31 may 2016-cı il tarixli 269- VQD nömrəli Qanunla (xx.xx.2016-cı il tarixdə dərc olunmuşdur) edilən dəyişiklikdən sonrakı redaksiyada).
31. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
32. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
35. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesi barədə məlumatlandırılmamış olmalarıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin müvafiq pozuntuya yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.
45. İş materiallarından görünür ki, cavabdehlərin rəsmi qeydiyyat ünvanları olan ünvan 3rilmiş məhkəmə bildirişləri onların həmin ünvanda yaşamadıqları barədə qeyd yazılmaqla geri qaytarılmış, bu səbəblə məhkəmə tərəfindən Cavabdeh2 istifadəsində olan 077 582 97 07 mobil telefon nömrəsinə SMS-bildiriş göndərilmişdir – hansı ki, həmin nömrənin onun istifadəsində olduğu apellyasiya şikayətində də göstərilmişdir.
46. Qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən bildirişi almayan, habelə mobil telefon nömrəsinə göndərilmiş SMS bildirişə hər hansı reaksiya verməyən şəxs(lər)in məhkəmə iclasında iştirak etməməsinin məsuliyyəti isə məhkəməyə aid edilə bilməz və buna görə kollegiya hesab edir ki, apellyasiya şikayətinin sözügedən dəlili əsaslı deyildir.
47. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
48. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
49. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
50. Kollegiya bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.
51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
53. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evi ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59 000 manat pul almış, lakin nə evi ona təhvil vermiş, nə də pulunu qaytarmışlar.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
55. İşin hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın alqısatqısına dair hər hansı müqavilə bağlanmamışdır.
56. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi, “alqı-satqı” adlandırılan qəbzi ilkin alqı-satqı müqaviləsi, yaxud borcun etirafı kimi qiymətləndirmək də mümkün deyildir - belə ki, daşınmaz əmlakın ilkin alqı-satqısına dair müqavilə əsas müqavilənin formasına uyğun bağlanmalıdır (§ 22); borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) də yalnız, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verildiyi zaman qüvvədə olur (§ 31).
57. Tərəflər arasında borc münasibətinin yaranmadığı mübahisəsidir – çünkü iddiaçı cavabdehlərə borc verməmişdir.
58. Beləliklə kollegiya hesab edir ki, tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmamışdır və iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəlarına istinad oluna bilməz.
59. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər, lakin bu halda da sübutetmə yükü, yəni cavabdeh(lər)in onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
60. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı həmin halı sübuta yetirmək üçün cavabdehlərin imzaladıqları yazılı qəbzə istinad etmişdir və bu xüsusat, əksi sübut olunmayana qədər cavabdehlərin iddiaçıdan qəbzdə göstərilən məbləğdə pulu aldığına dair prezumsiya yaradır.
61. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
62. Başqa sözlə, məhz cavabdehlər sübuta yetirməlidirlər ki, imzaladıqları həmin qəbzdə göstərilənlər həqiqəti əks etdirmir və onlar iddiaçıdan hər hansı pul vəsaiti almayaraq onun hesabına əsassız varlanmamışlar.
63. Sübutetmə dedikdə isə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
64. Cavabdehlər qeyd olunan prezumpsiyanı təkzib edə biləcək heç bir mötəbər sübut təqdim etmədiklərindən kollegiya hesab edir ki, iddianın təmin edilməməli olması qənaətinə gəlinməsi üçün əsas yoxdur.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 (nümayəndəsinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4593/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59 000 (əlli doqquz min) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov