Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3422/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(005)-203/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışa görə İddiaçı xx.xx.2022-ci il tarixdə travma almış, xx.xx.2023-cü il tarixdə sol baldır-aşıq oynağından əməliyyat olunmuşdur.
2. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5 xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı “sol pəncənin aşıqaltı köhnəlmiş çıxığı” diaqnozu qoyulmuş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüşdür.
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinə əsasən İddiaçı müayinə və müalicəsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verilmişdir.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1 nömrəli göndəriş məktubuna əsasən İddiaçı göstərilən tibbi xidmətlərin dəyəri 1400 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış çekinə görə İddiaçı tərəfindən 1400 manat ödəniş edilmişdir.
5. Nərimanov rayon prokurorluğunun 01 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh1 MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Cavabdeh2 əməlində CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir.
6. İnzibati tənbeh vermə haqqında 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli qərara görə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Cavabdeh2 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-842/2023 nömrəli qərarına əsasən Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-903/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, qərar verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-841/2023 nömrəli qərarına əsasən Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-902/2023 nömrəli qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır.
9. Mayomed Klinikasının xx.xx.2023-cü il tarixli çıxarışına əsasən İddiaçı fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə onun tərəfindən 150 manat ödənilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışa əsasən İddiaçı 2009-cu ildən üçüncü qrup əlildir.
11. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin ünvan ünvanlanan 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı barəsində 2023-cü ilin noyabr-dekabr aylarında stasionar və ambulator müalicə alması ilə bağlı hər hansı bir tibbi sənəd, həmçinin Səhiyyə Nazirliyinin forma 66 proqramında hər hansı bir qeyd aşkar edilməmişdir.
12. "xxxx" MMC tərəfindən ünvan ünvanlanan 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 2023-cü il tarixdə klinikaya müraciət etmiş, pasient “sol baldır-aşıq oynağının daxili fiksasiya ilə artrodezi” diaqnozu ilə cərrahi əməliyyat olunmuş, ümumilikdə klinikaya 1400 AZN ödəniş olunmuşdur.
13. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən ünvan ünvanlanan 29 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin və direktoru Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə vurmuş olduqları 11.100 manat məbləğində maddi zərərin, bu günə kimi əldən çıxmış fayda olan 7.000 manat əmək haqqının, əmək qabiliyyəti bərpa olunan müddətədək aylıq 1000 manat əmək haqqı və 50.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(005)-841/2023 nömrəli qərarı ilə Cavabdeh1 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərardan narazı qalan MMC tərəfindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-902/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-842/2023 nömrəli qərarı ilə Cavabdeh1 MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-903/2023 nömrəli Qərarı ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda bildirilir ki, MMC-nin direktoru Cavabdeh2 barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi cənab Vüsal Qurbanov tərəfindən qəbul edilmiş Qərarla 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Prokurorluqda iş üzrə aparılmış araşdırma nəticəsində, onun ilə bağlı baş vermiş hadisə (əmək müqaviləsi bağlamadan onu işə cəlb etməsi, əməyin mühafizəsi qaydalarını pozması və nəticədə, onun uzun müddətli əmək qabiliyyətini itirməyi ilə nəticələri xəsarət almağı) tam şəkildə sübuta yetirilmişdir. Hazırda 3-cü qrup əlildir, epilepsiya xəstəsidir, hadisə nəticəsində aldığı sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı və baldır-aşıq oynağının qırığı zədələrinə görə əmək qabiliyyətini itirmə faizi artmışdır ki, bir-neçə aydan sonra 2-ci qrup əlillik alacağı gözlənilir. Həmçinin hadisə nəticəsində epilepsiya xəstəliyi ilə əlaqədar səhhətində olan narahatlıqlarda artım hiss etmişdir. Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qərarları baş vermiş hadisə nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın həcmini müəyyən edib, ona ödənilməsini təmin etməməklə, İXM-in müvafiq maddələrinin tələblərini pozmuşdur. Baş vermiş hadisə nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün tələb olunan xərcləri bu günə kimi özü (ailə üzvləri, aldığı cüzi əlillik pensiyası) ödəmişdir. Baş vermiş hadisə nəticəsində dəymiş maddi və mənəvi ziyan aşağıdakılardan ibarətdir: 1. Maddi ziyan cəmi - 11.100 (on bir min yüz) manat, açıqlaması aşağıdakı kimidir: 1.1. XİAOMİ NOT 5 PRO mobil telefonu (prosesdə təqdim olunacaq) hadisə zamanı yararsız hala düşmüşdür - 500 (beş yüz) manat (aldığı qiymət); 1.2. PREMİUM CLİNİC adlı özəl klinikada cərrahi əməliyyat - 1400 (bir min dörd yüz) manat (qəbzin surəti əlavə olunur); 1.3. Bu günə qədər olan müalicə və digər xərcləri (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağlabatan məbləğ - 2000 (iki min) manat; 1.4. Hüquqi xidmət- 200 (iki yüz) manat (qəbzin surəti əlavə olunur); 1.5. Bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 (bir min) manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 (yeddi yüz) manat olacaqdır, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacaqdır, xx.xx.2022 - 2 6.12.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) - 7000 (yeddi min) manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla); 2. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat; 3. Mənəvi ziyan - 50000 (əlli min) manat.
16. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, MayoMed fizioterapiya-reabilitasiya mərkəzində fizioterapiya qəbul etdiyini bildirmiş, iddia ərizəsində qeyd olunmuş iddia tələbinin həcminin qəbzdə göstərilən 150 (bir yüz əlli) manat məbləğində artırılmasını xahiş etmişdir.
17. "xxxx" MMC-nin ƏEM/N 90-1031/23 saylı, 23 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞnin xx.xx.2023-cü il tarixli arayışında qoyulmuş diaqnoz üzrə İddiaçı əməliyyatdan sonrakı müddətdə müalicəsi üçün çəkdiyi xərclər aşağıdakı cədvələ uyğun olaraq 1550 manat təşkil edir; - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il - xx.xx.2023cü il 150 AZN.
18. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 21 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasına daxil olmuş, onun müayinəsi zamanı ona sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı, baldır-aşıq oynağının çıxığını yerinə salıb və gips longet tətbiq edilib. Bildirilir ki, “sol baldır-aşıq oynağının daxili fiksasiyası ilə artodezi” cərrahi əməliyyatı icbari tibbi sığortanın əhatə dairəsinə düşmür.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 mart 2024-cü il tarixli 2(005)-203/2024 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 1550 manat maddi ziyan və mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 2550 (iki min beş yüz əlli) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-dən 45,5 manat dövlət rüsumunun tutulması və Dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh cəmiyyət arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, iddiaçı ilə cavabdeh cəmiyyət arasında nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir. Qeyd olunanlar Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə məhkəmənin qərarı ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, məsələyə bu cür yanaşma Konstitusiya Məhkəməsinin mövqeyinə də uyğundur. İddiaçı Cavabdeh1 MMC-dəki vəzifəsi üzrə işinin icrası zamanı baş vermiş hadisə nəticəsində onun sağlamlığına az ağır zərər dəyməsi işin mübahisəsiz halıdır.
21. İddiaçı tərəfindən "xxxx" MMC-yə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 1400 manat, daha sonra isə Mayomed Klinikasında fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə 150 manat ödəniş edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə iddiaçının sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün müalicə və müayinələrin xərci olan 1550 manat məbləğində maddi zərərin tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.
22. Məhkəmə iddia tələbinin yalnız Cavabdeh1 MMC-yə münasibətdə əsaslı olduğunu qeyd etmişdir. Belə ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) həm də təsisçisidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh2 iddia tələblərinə cavab verməli olmayan şəxsdir.
23. İddia tələbinin iddiaçı tərəfindən sübut edilən hissəsi də yalnız iddiaçının cərrahi əməliyyatı və əməliyyatdan sonrakı fizioterapiya ilə bağlı çəkdiyi (1400 manat + 150 manat) cəmi 1550 manat xərc olmuş, maddi zərərlə bağlı qalan məbləğ hissəsində iddiaçı mötəbər sübut təqdim etməmişdir.
24. Məhkəmə iddianın digər dəlillərində qeyd olunan “iddia tələbi ilə müraciət olunduğu günə qədər iddiaçının cavabdehdən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacağı, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacağı, xx.xx.2022-xx.xx.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün - 7000 manat əldən çıxmış fayda” hissəsində də əsassız hesab edir. Qeyd olunmalıdır ki, sonuncu tərəfindən məhkəməyə tərəflər arasında qeyd olunan halları təsdiq edən hər hansı razılaşma, o cümlədən mötəbər sübutlar təqdim olunmadığından, məhkəmə bu dəlillərin formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlmişdir.
25. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı hüquqi xidmətə görə 200 manat pul məbləği tələb etsə də, o, məhkəməyə müraciət edərkən hüquqi xidmətlərlə bağlı yardım aldığını göstərən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmə prosesləri zamanı da özünün iştirak etməsini və vəkil xidmətindən istifadə etmədiyini də nəzərə alaraq məhkəmə bu hissədə də iddia tələbini əsassız hesab etmişdir.
26. Məhkəmə iddianın dəlillərində qeyd olunan vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsinə münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, hazırda iddiaçının əmək qabiliyyətini itirməsi müəyyən edilmir. Məlum olduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, müəyyən sübutetmə vasitələri ilə sübut edilməli hallar başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iddiaçı tərəfindən əmək qabiliyyətini itirməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək qabiliyyətli olması öz təsdiqini tapmışdır.
27. Məhkəmə iddiaçının sağlamlığına az ağır zərər dəyməsi, sol baldıraşıq oynağında cərrahi əməliyyata məruz qalması, həmin əməliyyatın bir müddət onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən ayağındakı əməliyyata görə müəyyən müddət sərbəst gəzməsinin qeyri-mümkün olması onun mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsi mübahisəsizdir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin müqabilində tələb edilən 50000 manat vəsaitin iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir.
28. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 191, 192.2, 194.1, 195, 239.1, Mülki Məcəllənin 49.1-ci, 49.2-ci, 52.1-ci və 52.2, 1118.1, 1119.1, 1119.3, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
29. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin şirkətində işə başlamışsa, deməli əməyinin ödənilməsi ilə bağlı hansısa razılaşma olmuşdur, əmək haqqı olmadan fəaliyyət göstərilməsi mümkün deyildir. Həmin işi tap.az elan saytında tapmış (elanın şəkli mövcuddur), elanda əmək haqqı 700 manat göstərilmişdir, görüş zamanı isə, şifahi olaraq ona əmək haqqının ilkin olaraq 700 manat olduğunu, bir-iki aydan sonra 1500 manata kimi artırılacağı bildirilmişdir. Onun başqa bir işdə işləməyinin bu işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Bildirir ki, reklam dizayneridir, evdən işləyir (onlayn), kompüterdə reklam yığaraq təqdim edib, əvəzində cəmi minimum əmək haqqı məbləğində maaş alır. Minimum əmək haqqı ailəni dolandırmağa yetmədiyi üçün, həmçinin əmək şəraiti imkan verdiyi üçün, eyni zamanda cavabdeh şirkətdə əlavə iş yeri kimi işləməklə, aylıq 1000 manat əmək haqqı alacaqdır və bu fayda cavabdehin qanunsuz hərəkətləri nəticəsində əlindən çıxmışdır. Tibbi xidmətərə görə qeyri-rəsmi ödənişlərə görə qəbz verilməsi də ağlabatan deyil, həmçinin müalicə üçün lazım olan dava-dərmanları alan zaman qəbzlərin hər zaman təqdim olunmadığı da yad olan hal deyil. Məsələnin məhkəməyə gəlib çıxacağını güman etmədiyi üçün, bu cür sübutların toplanmasına diqqət yetirməmişdir. Tələbinin mənəvi ziyanla bağlı hisssində də məhkəmə ədalətsizliyə yol vermiş, qeyri-humanist yanaşmışdır, belə ki, tələbi tam şəkildə, tam olmasa belə ən azından əsaslı bir məbləğdə təmin olunmalı idi. Telefonla bağlı ziyanı təmin etməsə də, məhkəmə hüquqi xidmətlərə görə ödədiyi məbləği təmin etməli idi, belə ki, hüquqi xidmətlərə görə ödədiyi məbləğin qəbzini iddia ərizəsinə əlavə etmişdir, hər iki məsələdə məhkəmənin mövqeyini mübahisələndirmir və şikayətini həmin hissəyə münasibətdə aid etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
33. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, o da həmin Şirkətdə işləyir, 350 manat əmək haqqı alır, iddiaçıya 700 manat əmək haqqı verilməyib. Şirkətdə ustalar 350 manat əmək haqqı alır. İddiaçıda xəsarətin əvvəldən olub-olmadığı məlum deyildir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
37. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
38. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
39. Maddə 191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır.
40. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
41. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
42. Maddə 195. c) bəndi. İşəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
43. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
51. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən restoranda reklam lövhəsi quraşdıran zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Araşdırma nəticəsində hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilmiş və İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs İddiaçı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.
52. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh cəmiyyət arasında mülki hüquqi müqavilə, yaxud da əmək müqaviləsi rəsmiləşdirilməsə də, iddiaçı ilə cavabdeh cəmiyyət arasında nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir.
53. İddiaçının MMC-dəki vəzifəsi üzrə işinin icrası zamanı baş vermiş hadisə nəticəsində onun sağlamlığına az ağır zərər dəyməsi işin mübahisəsiz halıdır.
54. İddiaçının tələbi aşağıdakılardan ibarətdir:
1. XİAOMİ NOT 5 PRO mobil telefonu hadisə zamanı yararsız hala düşmüşdür - 500 (beş yüz) manat (aldığı qiymət);
2. PREMİUM CLİNİC adlı özəl klinikada cərrahi əməliyyat - 1400 (bir min dörd yüz) manat;
3. Bu günə qədər olan müalicə və digər xərcləri (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağlabatan məbləğ - 2000 (iki min) manat;
4. Hüquqi xidmət-200 (iki yüz) manat;
5. Bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 (bir min) manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 (yeddi yüz) manat olacaqdır, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacaqdır, xx.xx.2022- xx.xx.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) - 7000 (yeddi min) manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla);
6. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat;
7. Mənəvi ziyan - 50000 (əlli min) manat;
8. MayoMed fizioterapiya-reabilitasiya mərkəzində qəbul etdiyi fizioterapiyaya görə ödənilmiş 150 (bir yüz əlli) manat.
55. Ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 1400 manat, daha sonra isə Mayomed Klinikasında fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə 150 manat ödəniş edilmişdir.
56. Birinci instansiya məhkəməsi həmin hissələrdə iddia tələbini təmin edərək, göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə iddiaçının sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün müalicə və müayinələrin xərci olan 1550 manat məbləğində maddi zərərin tutulması hissəsində tələb əsaslıdır.
57. Bu hissə apellyasiya baxışının predmetini təşkil etmir.
58. XİAOMİ NOT 5 PRO mobil telefona görə 500 manat və hüquqi xidmətə görə 200 manat hissəsi ilə bağlı iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, hər iki məsələdə məhkəmənin mövqeyini mübahisələndirmir və şikayətini həmin hissəyə münasibətdə aid etmir.
59. Göründüyü kimi iddia tələbi bu hissələrdə təmin edilməsə də, iddiaçı apellyasiya şikayətində bu hissələri mübahisələndirməmişdir, odur ki, həmin hissələrdə apellyasiya baxışının predmetini təşkil etmir.
60. İddiaçı bu günə qədər olan müalicə və digər xərcləri (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağlabatan məbləğ kimi 2000 manat tələb etmiş, məhkəmə isə bu hissədə iddia tələbini rədd edərək, göstərmişdir ki, iddiaçı nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə və s. kimi xidmətlərə görə 2000 manat xərc çəkdiyini bildirsə də, iddia tələbinin qeyd olunan dəlillərini təkzibedilməz sübutlarla təsdiq edə bilməmişdir.
61. Göründüyü kimi digər xərclər kimi nəqliyyat, tibb bacısı, dərmanlar, həkimə, texniki işçilərə və s. çəkdiyi xərclər kimi təqribi olaraq 2000 manat tələb etmişdir.
62. Kollegiya bu hissədə qeyd edir ki, “digər xərclər”ə görə tələb edilən vəsait qismən real çəkilmiş xərclər olduğundan, sübut təqdim edilməli olsa da, nəzərə almaq lazımdır ki, bu xərclərə dair hazırda hər hansı sübutun təqdim edilməmiş olması xərclərin (məsələn, nəqliyyat, dərman) çəkilməmiş olması demək deyildir. Baxılan iş üzrə bu kimi xərclərin çəkildiyi ağlabatan göründüyündən, ağlabatanlıq prinsipi baxımından bu hissədə iddia tələbi qismən təmin edilməli və bu xərclərə görə ağlabatan məbləğ olaraq 300 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
63. Daha sonra iddiaçı tələbində bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqının 1000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacaqdır, sonrakı aylarda isə 1500 manata kimi artacaqdır, xx.xx.2022- xx.xx.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) - 7000 manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) tələb etmişdir.
64. Bu hissədə də məhkəmə iddia tələbinin rədd edilməsi barədə qənaətini belə əsaslandırmışdır ki, sonuncu tərəfindən məhkəməyə tərəflər arasında qeyd olunan halları təsdiq edən hər hansı razılaşma, o cümlədən mötəbər sübutlar təqdim olunmadığından, məhkəmə bu dəlillərin formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlir.
65. Kollegiya hesab edir ki, bu hissədə məhkəmənin qənaəti düzgün olmamışdır.
66. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır.
67. Tərəflər arasında əmək münasibətlərinin yaranması mübahisə doğurmur.
68. Odur ki, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı göstərir ki, razılaşmalarına görə birinci ay əmək haqqı 700 manat olmuş, sonrakı aylarda isə 1500 manat olacaqdır, birinci ayın maaşı ona ödənilmişdir. Lakin iddiaçı göstərilən bu halı təsdiq edən sübutları təqdim edə bilməmiş, ona birinci ay üçün 700 manat əmək haqqı verilməsi müəyyən edilməmişdir.
69. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, o da həmin Şirkətdə işləyir, 350 manat əmək haqqı alır, iddiaçıya 700 manat əmək haqqı verilməyib. Şirkətdə ustalar 350 manat əmək haqqı alır.
70. Beləliklə Kollegiya hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmış əmək müqaviləsi olmadığından, nə qədər ki iddiaçı göstərdiyi məbləğdə əmək haqqı almasını və məbləğ barədə razılaşmalarını sübut edə bilməmişdir, belə olan halda əmək haqqı məbləği cavabdeh tərəfin bildirdiyi həddə, yəni 350 manat qəbul edilməlidir.
71. İddiaçı birinci ay əmək haqqı aldığını bildirdiyindən, xx.xx.2022-ci il tarixdən hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2024-cü il tarixə qədər hər ay 350 manat hesablanmaqla iddiaçıya ödənilməlidir.
72. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 manat ödənilməsi hissəsində Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir, çünki “vaxtaşırı ödənilməli məbləğ” dedikdə, iddiaçı almalı olduğu, lakin ala bilmədiyi aylıq əmək haqını nəzərdə tutmuşdur ki, həmin vəsait də “itirilmiş qazanc (gəlir)” hesab olunur və artıq yuxarıda həmin tələbin qismən əsaslı olması qənaətinə gəlinmişdir. Yəni, iddiaçı eyni tələbi iki müxtəlif ad altında irəli sürmüşdür: əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) və vaxtaşırı ödənilməli olan məbləğ.
73. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən ayağındakı əməliyyata görə müəyyən müddət sərbəst gəzməsinin qeyri-mümkün olması onun mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğin (1000 manat) yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
74. Kollegiya onu da qeyd edir ki, hazırki iddia tələbinin yalnız Cavabdeh1 MMC-yə münasibətdə əsaslı olması barədə məhkəmənin qənaəti qanuni olmuşdur.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-203/2024 nömrəli iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsi qismən (iddia tələbinin rədd edilmiş - bu günə qədər olan müalicə və digər xərclər (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) təqribi hesablamaları əsasən ağlabatan məbləğ - 2000 (iki min) manat; bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 (bir min) manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 (yeddi yüz) manat olacaqdır, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacaqdır, xx.xx.2022- xx.xx.2022-ci il birinci ayın əmək haqqının ödənildiyi nəzərə alındıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) - 7000 (yeddi min) manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbi qismən təmin edilsin. Müalicə və digər xərclər kimi ağlabatan məbləğ olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Əldən çıxmış fayda (itirilmiş qazanc (gəlir)) kimi 26 dekabr 2022-ci il tarixdən hazırki qətnamənin qəbul edildiyi (11 iyun 2024-ci il) tarixə qədər hər ay 350 manat hesablanmaqla Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.